5 Kasım 2017 Pazar

Ağalar Quta cavab


- Güntay bəy, Ağalar Məmmədovun yazılarını oxudunuzmu?
- Dillə bağlı birini oxudum, Cavidin adı keçən yazısını da səninlə danışdıqdan sonra oxudum.
- Bu kimi yanaşma metodu haqda fikriniz nədir?
- Bizim kültürümüzdə sorqulayıcı düşüncə olmamışdır. Sorqulayanları boğmuşdur kültürümüz və gələnəyimiz. Bu üzdən də ölkədə və tariximizdə düşüncə azadlığı, fərdiyyət kimi qavramlar doğmamışdır. Bu kimi haqların ölkəmizdə, düşüncə tariximizdə doğması üçün sorqulayıcı görüşün olması gərəkir. Bu baxımdan etik çərçivədə hər tür sorqulamanın yararlı olacağını düşünürəm, yalnız etik çərçivədə. Özəlliklə kor-koranə fanatik dinçiliyin gücləndiyi bir dönəmdə sorqulayan qələmlərin aktiv olmaları gərəkdiyinə inanıram. Hüseyn Cavidin dili ilə modernitə və sorqulayaraq yenilənmə görüşünü bu şəkildə bəyan edə bilərik:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək.
Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə hakim”
Həyatımıza qənim kəsilən bu əskiliyi Cavidin də dediyi kimi yeniləşmə və sorqulama ilə durdura bilərik.
- Ağalar bəyin dilimiz haqqında...
- Ağalar bəy, ingilis türkoloq Geoffrey Lewis´in “Trajik başarı” adlı kitabından etkilənərək bir şeylər yazmışdır. Lewis Türkiyədəki dil reformu haqqında bir kitab yazmış və bu reformu trajik başarı adlandırmışdır. Çünkü 600 il türkcəyə sahib çıxmayan bir dövlət sistemi olmuş, sonra cumhuriyət dönəmində türk dilinə çox önəm verilərək bu 600 illik ərəbləşdirmə təcrübələrinə qarşı mücadilə aparılmışdır. Bunun da səbəbi var idi. Əməvi-ərəb irqçilərinin uydurduğu “cənnətin dili ərəbcə olacaq” saxta hədisə əməviçi şeyxlər Osman oğullarını inandırmışdılar. Osman oğulları da cənnətin dili ərəbcə olacaqsa, bu dünyanın da dilini ərəbcə edəlim deyə türk dilini tarixdən yavaş-yavaş silmək istəyirdilər, hətta keçən əsrin əvvəllərində II Sultan Həmid ərəb dilini rəsmi dövlət dili etmək istəyirdi, ancaq milli qüvvələr güclənmişdilər, bu faciənin gerçəkləşməsini əngəllədilər. Sanki bütün müsəlmanlar cənnətə gedəcəkmiş! O zaman Peyqəmbər cəhənnəmin də dilini söyləməli idi ki, sadəcə cənnətə gedənlər deyil, cəhənnəmə gedənlər də lal olmasın, bir dil bilmiş olsunlar. Sonunda günümüzdə xalqın anlayacağı, yabancıların öyrənə biləcəyəi və qramatikası olan türk dili ortaya çıxmışdır. Çünkü saxta osmanlıca dilinin qramatikası yox idi, ola bilməzdi. Çocuq vaxtlarında ailələrindən zorla alınaraq manqurtlaşdırılıb soysuzlaşdırılan devşirmələrin dili idi. Ağalar bəy də bu kitabdan etkilənərək bizim ləhcədə bir şeylər yazmağa çalışmışdır. Lewis´in kitabı Türkiyədə tərcümə edilmiş, ingiliscə variantı “Catastrophic success” adı ilə internetdə də vardır.
- Yəni deyirsiniz ki, Ağalar bəy bu kitabımı köçürmüş?
- Kitabdan etkilənmiş deyirəm. Bu mövzunu ilk olaraq kitablaşdıran adını çəkdiyim ingilis yazar olmuşdur. Ağalar bəyin yazdıqlarında daha komik və türkcə qurallarına uymayan yanaşmalar var.
- Gündəlik mübahisə mövzusu olduğu üçünü bunlara işarə etəsiniz yaxşı olar.
- Öncə daha önəmli bir mövzuya işarə etmək istəyirəm. Türk dilini incələrkən bölgənin canlı dillərindən birini bilmək gərəkir. Çünkü türk dili ərəb-fars dilləri kültür hövzələrində bir tarix yaşamışdır. Ağalar bəy də əskik olan budur. Bu əksiklik üzündən məslən yazır ki, “külək” türkcə olmuşdur. Oysa külək əski farscada olan bir sözdür. Farsca səslənişi “kulak”dır. Buna bənzər sözlər çoxdur. “Əfəndi” sözünün də kökənini yanlış yazmış. Hamısını xatırlaya bilmirəm, ancaq bu kimi yanlışlıqlar yazılarında çoxdur. Türkiyədə 100 il öncə başladılan dil reformu farslarda 1200 il öncə başlamışdır. Bu baxımdan da farslar tarixi və sosiolojik zaman etibarı ilə bizdən 1200 il irəlidədirlər. Tarixi mətnlərinin həcmi də 1200 kərədən artıq bizimkilərdən çoxdur. 1200 illik zamana yayılan reform çətinlik oluşdurmamışdır. Lakin 1200 illik gəlişmə 70-80 ildə gerçəkləşdirildiyində problem ortaya çıxır. Bu problemlərin hamısı bir sonrakı 100 ildə unudulacaqdır. 1200 il öncə Səffari fars dövlət adamı Yaqub Leys ərəb dilini yasaqladı və fars dilinin önünü açdı. Lakin fars dilinin o qədər əksikliyi var idi ki, heç bir şey yazmaq olmurdu. O dönəmdən qalan mətnlər çox komik görünər. Ancaq yavaş-yavaş farscanı tarixin, verginin, ədəbiyatın, dövlətlərin və teologiyanın dili etməyi başardılar. Bu sürəcdə fars dilində müəccəmlik adında bir dilçilik sahəsi gəlişdi. Müəccəmlik nə idi? Müəccəm, yəni əcəmləşdirmə və ya farslaşdırma. Daha çox ərəbcədən və bəzən də digər dillərdən alınan sözləri, hətta təhrif və deforma edərək fars dilinə uyqulaşdırdılar. Hətta heç bir dildə bənzəri olmayan “saxta məsdər” belə düzəltdilər. İndi fars dilində saxta məsdərlər adında bir sahə vardır. Eyni şəkildə ərəblərdə də “müərrəb” adında bir dilçilik sahəsi oluşduruldu. Alınan sözləri ərəb dilinin genəl küktürü içində ərəbləşdirmək deməkdir. Məsələn altun anlamında olan farsca “gənc” Quranda “kənz”, farscada “gövhər” olaraq bilinən bu qavram ərəbcədə “cövhər” olaraq keçər. Görürsünüzmü sözlər necə təhrif edilmişdir. Bütün dünya dillərində sözləri bu kimi dilə yatqınlaşdırma sürəcində deformasion yaşanmışdır. Belə olmasaydı dillər inkişaf etməzdi. Bizdə də “kənd” kimi soğdcadan alınan bu kimi sözlər var. Ancaq bunlar çox əski zamanlarda gerçəkləşdiyi üçün Ağalar Məmmədovun diqqətini çəkməz, çünkü Məmmədov bir də öz kinini yazısında ifadə edərək psixoloji olaraq rahatlamaq istəmişdir.

- Deyirsiniz ki, Ağalar bəy bu dillərdəki durumlardan xəbərsiz olduğu üçünmü bu şəkildə düşünmüşdür?
- İddialarında komik şeylər var. Məsələn “genəl” ingilizcə general sözündən və “imgə” yenə də ingiliscə image sözündən alınmışdır deyir. Bu, doğru deyildir. “Genəl” feilin kökü olaraq bizim dilimizdə yoxmu? “Genəl+mək” məsdəri dilimizdə var. Türk dilində bəzi kök feillər isim olaraq da istifadə edilər. Məsələn “ağrı” və “qarı” həm isim, həm də feilin köküdür: ağrımaq, qarımaq. Türk dilində bu şəkildə bir qural varsa, bunu uyumlu olmasa belə, dil öz ehtiyacına görə başqa sözlərə də uyqulaya bilər. İmgə sözünün də ingiliscənin image sözü ilə əlaqəsi yoxdur. Uşaq dünyaya gəldiyində başının ortasında yumşaq bir dairəcik olar. Ona bizim dildə imgək deyərlər. Yəni imgə sözünün bənzəri dilimizdə vardır. Bizim dilimizdə “him-cim” var. Himləmək anadoluda və Kaşqarlıda imləmək olaraq keçər. İşarə etmək anlamında. Süpürmək məsdərinin əmr formasına “gə” şəkilçisi artırılaraq süpürgə düzəldildiyi kimi, “im” də eyniylə “gə” əki alaraq “imgə”yə dönüşmüşdür. Bunun ingiliscə ilə nə əlaqəsi? İngilizcə ilə əlaqəsi olsa da sorun deyil. Başqa sözləri də bu şəkildə məntiqsizcə açıqlamışdır. Seçki sözü dilimizdə varkən seçim sözünü düzəltmişlər iddiasında bulunur. Bunu iddia etmək üçün sənət ruhundan məhrum olmaq lazımdır. Əvvəla Anadoluda seçki də var seçim də. Ancaq seçim dilin özünü törətmə ilkələrinə görə düzəldilmiş. Düzəldilmişsə bu, dil üçün bir fürsətdir. Məsələn seçim sözü ilə keçim, biçim sözlərini bir şeir parçasında qafiyə edə bilərsiniz. Dildə sinonum sözlər nə qədər çox olsa, bir sənət adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar.
- Ağalar bəyin iddialarını əsassızmı sayırsınız?
- Başqa bir iddiasında dilimizdə doğarı və batarı varkən niyə Türkiyədən doğu və batı sözlərini almalıyıq deyə anlamsız əndişəsini dilə gətirir. Bizim dilimizdə doğarı doğu anlamında deyildir, doğuya tərəf olan bir yerdir. Yuxarı kimi. Yuxarı yer üzündə bir tək yer və məkan deyil. Bir çox yerdə yuxarı var. Ancaq Doğu və Batı bir tək məkandır. Doğarı və yuxarı yer üzündə olan bir məkandır. Doğu və batı isə yer üzündə bir məkan deyil. Dörd ana istiqaməti göstərən və yerlə göyün qovuşduğu sanılan üfüqdə bir yerdir. Ayrıca, dilimizdə “u, i, ı, ü” şəkilçiləri ilə düzələn doğu və batı kimi sözlər çoxdur. Bunlar varsa dilin bu şəkildə törəmə yasalarına dayanaraq öz imkanlarını və söz dağarcığını genişlətmənin nəyi pisdir? Dilin quralları yetərli olmadığında (ki, yetərli olmaz da) süni yolla söz düzəldilər. Günümzdə ingilis, fransız, alman, fin dillərində minlərcə süni yolla düzəldilmiş sözlər var. Süni yolla söz düzəldilməzsə, o zaman elm də inkişaf etməz. Var olan dil imkanları ilə elm irəliləməz. Elmin irəliləməsi üçün dil də gəlişməli, genişləməlidir. Düşünün məsələn uzay araclarının özəl dili var. Xalq o dili heç anlamaz və uzmanların dilidir. Çoxu da süni yolla düzəldilmiş. Çünkü o qədər sözü dilin ilklərinə dayanaraq düzəltmək olmaz. Yəni dildə süni yolla söz düzəltmə normaldır.
- Ağalar bəy iddia edir ki, bizdən heç bir söz alınmamışdır. Məsələn soyuducu kimi sözləri ala bilərdilər.
- Əsassız iddadır. 1938-ci ildə Dilaçarın da yardımı ilə 49 min yeni söz düzəldilərək dilə artırıldı. Bunlardan min söz başqa türk ləhcələrindən alınmışdır. Bu min söz üzərinə ortaq ilətişim təqribən inşa etmək mümkündür. Soyuducu sözü hansı tarixdə düzəlmişdir? Sanıram 1960-70-ci illərdə. Yəni Azərbaycan sovet zindanında yaşarkən. O zamana qədər bu kimi sözlər Türkiyədə öz qarşılığını düzəldərək artıq dildə yerləşmişdi. Azərbaycanda iki söz düzəlib son 70 ildə. Soyuducu və tozsoran. Tozsoran da yanlış söz birləşməsidir. Toz sorulmaz, somurular. Tozsomuran olmalıdır, çünkü sormaq sual etmək deməkdir. Bəziləri deyirlər ki, tozsovurandır. Sovurmaq içinə çəkməz, ətrafa dağıdar. Məmmədovun yazısından belə anlaşılır ki, sanki Türk Dil Qurumunda Azərbaycandan söz almamaq üçün özəl bir plan varmış!!! Bunlar Məmmədovun xəyal quruntularıdır. Eyni görüşü bir türkmən, tatar, qırqız və özbək də iddia edə bilər.
- Dilaçarın erməni olduğunu bir qüsur olaraq görürlər.
- Kaşqarılıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar olmuşdur. Erməni olmasının nə önəmi var? Bütün Osmanlıdan türk dilinin qanunlarını bilib ona görə dili öz kökü üzərində böyütmək istəyən bir tək alim qalmamışdı. Dilaçar türkcəni, ermənicəni və digər dilləri də yaxşı bilən dilçi idi. Dilçilik bir elmdir. Bu elmlə məşğul olmaq üçün milliyət və din məsələsi söz qonusu ola bilməz. O zaman biz türk tarixindən miras qalan Orxun yazıtlarını, Dədə Qorqud nüsxələrini də qəbul etməməliyik. Onları yabancıları kəşf edib oxudular, öz arxivlərində saxladılar. Türk tarixinin belə bir problemi olmuşdur. Türk heç bir zaman kültür, dil və mədəniyyət dövlət və imperatorluqları qurmamışdır. Əslində bütün axsaqlıqlar da buradan qaynaqlanır. İrandakı türklər də bu aşağılıq kompleksi üzündən böyük ədəbiyyatı və tarixi mirası olan farsca qarşısında aşağılıq kompleksi yaşayaraq könüllü asimilə olurlar. Çünkü farscanın qarşısında türkcənin mənəvi və mədəni sərmayəsi yox dərəcəsindədir. Bəzi verilərə görə, farscada sadəcə 40 min divan var. Yəni 40 min Füzuliləri var. Fars dilini bilən adam istisna hallarda türkcəyə meyllənər. Bir tək fars vətəndaşı olmayan Osmanlıda 2200 cild farsca divan və digər mətnlər yazılmışdır. Türk dilində bir tək cild belə sistemli bir əsər miras qalmamış, olanlar da türkcə sayılmazlar, saxta osmanlıcadır. Ancaq farsca yazılanlar təmiz farsca yazılmışdır. Yəni Osmanlıda farsca yazılan əsərləri indi beş sinif farsca oxuyanın önünə qoysan hamısını oxuyub anlar, ancaq saxta osmanlıcada yazılanı bir professor belə oxuyub anlayamaz. Osmanlı türkləri qətletmə viranəsi idi. Bu xərabənin içindən bir millət və dil çıxarmaq asan deyildi.
- Ağalar bəy, nümunələr göstərərk türkiyəcə adında bir dil ifadəsi ortaya qoymuş. Buna nə deyirsiniz?
- “Qabaq, çibin, ənkə” kimi üç-dörd söz yazıb sonra “bu kimi yüzlərlə sözlərimiz Azərbaycan dilində eyni mənada indi də işlənilməkdədirlər” kimi bir savunmanın təməli yoxdur. Burada yüzlərcə deyil, onlarca da söz sayılmır. Saydığı sözlərin sayı 40 belə olmaz. Ancaq ortaq söz dağarcığımızın sayı yüzminlərcədir. Daha doğrusu Anadoludakı xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir. Bizə lazım olan da ortaqlığı anlamaq və bunun üzərinə düşüncə ürətməkdir. Ayrıca, bu üç söz tam olduğu kimi Anadolunun dəyişik yörələrində varlığını sürdürməkdədir. İstanbul ləhcəsi fərqlidir, çünkü min yüz il daha öncə başqa mədəniyyətin və imperatorluğun mərkəzi olmuşdur. Bu üzdən əski mədəniyyətin türk dilinə İstanbulda etkisi olmuşdur. Ayrıca, türk dilinin kökənini axtarmaq üçün şumerlərə baş vurmaq moda olmuş. Sumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır. Məsələn Vill Durant yazır ki, şumerlərdəki tək hecalı sözlərin çoxu moğolcadır. Fin dili ilə türk dilinin də heç bir əlaqəsi olmasa da bunları bir dil ailəsinə mənsub bilərlər. Bir-birinə bənzəyən sözlər hər dildə tapıla bilər. Səslər insanların ağzında sözə döüşdüyü üçün əlbəttə sözlərdə bir-birinə bənzmə də olacaq. Bu kökdaş dil olma anlamına gəlməz. Məmmədov 5000 il bundan öncəki şumerləri buraxsın da son 1000 ildə Altun yaruqda, Füzulidə, Nəsimidə, İmrədə, Qorqudda keçən “ulaşmaq, onarmaq, ilətmək, yıpar, tünək, yanıt ...” kimi sözləri dilimizdə qullana bilirmi? Özünü haqlı göstərmək üçün şumerlərə sığınmağa gərək yox ki. Şumer dili tarixdən silinib yox olmuş. Günümüzdə şumerlər üzərinə mövcud araşdırmaların da çoxu zənnlərdən ibarətdir, bir çox şumer mətni də yanlış və caydırılaraq oxunmuşdur.
- Cavid haqqında söylədiklərinə ümumi olaraq nə deyə bilərsiniz?
- Etik deyil, Cavidin acılarından sevinərcəsinə kin dolu bir yöntəm qullanılmışdır. Bu yanaşması göstərir ki, Cavidi ya heç oxumamış, ya da oxusa da ön yarqı və kini Cavidi anlamasına mane olmuşdur. Cavidi anlamaq üçün həm də sənət ruhuna sahib olmaq gərəkir. Cavidin yaradıclığı və dünyagörüşünün üfüqləri dar dil çərçivəsinə sığa bilməzdi. Şərq tarixində düşüncə və dünyagörüşü dialektikasının örnəyinə ancaq Cavid yaradıclığında tanıq olmaqdayıq. Bu üzdən Cavidin mətnləri incələnərkən mümkün ölçüdə ön yarqılardan və özəlliklə kəndçi ölçüsündə kindən uzaq durmaq gərəkməkdədir. Stalini, ya da Bağırovu tənqid edərkən sayqı sınırı aşıla bilər, çünkü onlar qatil olmuşlar. Cavid yaradıclığına yanaşmada ədəb və etika birinci şərt olmalıdır. Varlıq, insan və düşüncə üçbucağı ilə Cavid yaradıclığında geniş ölçüdə qarşılaşırıq. Dilimizdə və tariximizdə bunun ikinci örnəyi yoxdur. Əttarın irfanını, Xəyyamın dəhrilik fəlsəfəsini türk dilində bizə sənət gözəlliyi ilə bütünləşdirib açıqlayan ancaq Caviddir.
- Cavidi müdafiə edən bir metoddan istifadə edirsiniz siz də. Daha tərəfsiz şəkildə fikrilərinizi açıqlamırsınız sanki.
- Yox, söz qonusu savunma deyil. Bir mütəfəkkirin düşüncəsi, dünyagörüşü və sənət təcrübəsi haqqında heç bir tutarlı bilgi vermədən “nasıl” sözünü qullandığı üçün onu aşağılamaq tənqid mədəniyyətinə və etikasına ziddir. Cahilcə bir yanaşma yöntəmidir. Cavidin dünyaya, sənətə, dil məsələsinə baxdığı üfüqü kəşf etmədən, mətnlə qarşı-qarşıya gələn araşdırmaçı öz burnunun ucunda dolaşan dar və darısqal sahədən baxar və dar bucaqlı üfüqünə yalnızca xəyalında qurquladığı şeylər görünər. Bu, bir mətnin və sənət əsərinin incələmə şəkli deyildir. Öz burxuq psixoloji gərginliyinə dayanaraq bir növ intiqam almaqdır. Tam da bu kimi yanaşma keçən əsrin 20-30-cu illərində mövcud olmuş və Süleyman Rüstəm kimi şairlər Ağalar Məmmədovun yazdıqlarını tətbiq etmişlər. Rəsulzadə və arxadaşları Almaniyada “Qurtuluş” adında dərgi çıxarırdılar. Orada şair Almas İldırımın bu haqda xatirələri vardır. S. Rüstəm və digərləri İldirimin şeirindəki türkcə sözləri çıxarıb yerinə ərəb-fars sözləri soxaraq çap edir və bu sözlər türk kimliyini çağrıdırışdırır deyə uyarırmışlar.
- Ağalar bəy böyük işkəncələrə məruz qalmış Cavid kimi bir şəxsiyyət haqqında nədən belə aşağılayıcı sözlər ifadə etmişdir?
- Məmmədovun tənqidi etik və metodik deyil, çayxana şüuruna dayanan bir yöntəmdir. Tarixi bir fenomeni, bir sənət əsərini anlamaq üçün tarixi üfüqə sahib olmaq gərəkir. Anlama sürəcində önümüzə çıxan ön yarqılarımızı, ancaq bu yolla qıra bilər və ədalətli, etik və estetik anlama və anlatmaya, tənqid elminə və kültürünə sahib ola bilərik. Bir qələm əhlinin öldürülüşündən məmnuniyyət hissi yaşamaq, məncə böyük haqsızlıq, sayqısızlıq və kültürsüzlükdür. Tənqid elmi ilə də heç bir əlaqəsi ola bilməz. Ön yarqıların pəncəsində düşüncə hərəkətliliyini və aydınlanma üfüqfünü itirmiş olan bir beyin, ancaq bu şəkildə öz kininə gömülə bilər. Cavidin repressiyada öldürülməsindən məmnuniyyət hissi keçirmənin anlama və anlatma elmi ilə heç bir bağlantısı ola bilməz. Anlama metodunu müəyyən edən mətn oxucusu və açıqlayıcısının niyyəti və amacıdır. Çünkü mətn oxucusu mətndən anladığını niyyətinə görə açıqlar. Məmmədovun niyyəti ön yarqılarının və kininin zindanına gömüldüyü üçün Cavidi anlaya biləcəyi qeyri-mümkün olaraq görünür. Bu metodla çağlar arası, qələmlər arası, beyinlər arası və mətnlər arası düşüncə dialoqu qurmaq mümkün olmaz.
- Cavidi suçlamasının səbəbi osmanlıcaya meyllənməsidir. Necə yerinə, “nasıl” kimi sözləri qullandığı üçün tənqid edir.


- “Nasıl” əruz şeir vəzni tərəfindən türk dilinə və onun bənzəri də fars dilinə girmişdir. Bu da dil üçün bir imkandır. “Nasıl” necəliyi ifadə etmək üçün bir imkan yaratmışdır. “Necə”nin əruzda qullanılması asan deyil. Zahirən “necə” əruz sözü deyildir. Bu sürəc sadəcə türk dilində deyil, fars dilində də var. Fars dilində necə anlamında qullanılan “çequne” var, bir də ərəbcə ilə farscanın birləşməsindən nasıl kimi düzəldilmiş və nasıl anlamına gələn “çetor” var. Fars şeir dili üçün “çetor” sözü bir imkan yaratdığı kimi “nasıl” da türkcədə şeir yazmaq, özəlliklə əruz vəznində şeir yazmaq üçün fürsət oluşdurmuşdur. Ayrıca, Cavid yaradıclığında həm yaxşı-iyi, necə-nasıl keçməkdədir. Əruz vəznində nasıl keçər. Sinonim sözlərin çoxluğu sənət adamı, özəlliklə şair üçün fürsətdir. Lakin Cavidi sırf bir “nasıl” sözünə dayanaraq dəyərləndirmək böyük cahillikdir. Cavidi dəyərləndirmək üçün şeir sənətini bilgi olaraq bilmək yetərli deyil, həm də yaşantı olaraq yaşamaq lazımdır.
- “Cavid osmanlıcanın Azərbaycanda qulbeçəliyini eləyirdi, özü də baş qulbeçəliyini.“ Bunu necə dəyərləndirirsiniz?
- Bunu sayqısızlıq və kültürsüzlük olaraq dəyərləndirirəm. Bir şəxsiyyəti və ədəbi mətni tarixi şərtləri dışında dəyərləndirmək olmaz. Cavidin yaradıcılığının bir dövründə tarixdə Azərbaycan adında bir məkan və ölkə olmamışdır. Qul kölə və bəçə də çocuq deməkdir, yəni kölə çocuq. Yəni Cavid osmanlının və ya osmanlıcanın kölə çocuğu olmuşdur. Bunu söyləmək üçün Cavid yaradıclığından xəbərsiz olmaq gərəkir. Mərkəzi Asiyada, Anadoluda, İranda və ərəb ölkələrində son 200 ildə Cavid səviyyəsində bir şair, dramaturq və dini düşüncələri şeirlə təfsir edən şəxsiyyət yetişməmişdir. Bu üzdən bu kimi bir şəxsiyyət haqqında tənqid və dəyərləndirmə böyük sorumluluq, ədəbiyyat və mətnşünaslıq haqqında geniş bilgi gərəkdirər. Yoxsa sayqısız yanaşma ilə adam tənqidçi ola bilməz. Tənqidçilik hər şeydən öncə mərifətşünaslıqdır.
- Cavidi bu şəkildə görməsini doğru bilmirsinizmi?
- Bir sultanı, bir qatili dəyərləndirməklə bir sənət adamını və qələm əhlini dəyərləndirmənin ölçüləri başqadır. Qələmə sayqılı insan dünyanın böyük dahilərindən biri olan Cavid haqqında sayqılı danışmağı unutmamalıdır.
- Deyir ki, Cavid “Dilinin altında zəhər tuluğu” gəzdirən “ilan balası” idi.
- Bu sözləri çayxanalarda avaralanan və bütün həyatında bir kitabı sona qədər doğru-dürüst oxumayan adamlardan da duya bilərsiniz. Yəni burada ədəb və tərbiyyənin olmamasının yanı sıra bilgi də yoxdur. Adam Cavidi oxumamış. Bir insan Cavidin sadəcə bir əsərini oxuyub anlarsa, həm öz nəfsində tərbiyyə olar, həm də dünyaya baxışında və şəxsiyyətləri dəyərləndirməsində etika dışına çıxmaz. Bu sözləri irançı-islamçılar Axundov haqqında deyirlər. Əslində bu şəxs istər Osmanlıya, istər türk dilinə qarşı münasibətində şüuraltında barındırdığı iki məsələni fərqində olmadan ifşa etməkdədir.
- Nələrdir?
- Birincisi bilincaltında yerləşik olan Səfəvi-İran kültür kodlarının yazdıqlarına yansımasıdır. Osmanlıya qarşı nifrət həm İran, həm də Qafqaz şiə türklərinin kültürndə mövcuddur. Məmmədov özünü ateist adlandırsa da, bu kültür ortamında onun uşaqlığı və bilincaltı formalaşmışdır. Oysa Osmanlının sizə bir zərəri toxunmamış ki. Osmanlı olmasaydı, Şaumiyan ölkədə türkcə danışan hər kəsi qətl edəcəkdi. Bir yandan Şaumiyan qətl edirdi, digər tərəfdə xalq aşura günü öz başını qılıclayırdı. Belə xalqın içindən Osmanlı ordusu bir ölkə və millət çıxardı. Azərbaycan ölkəsində yaşayan əhalinin Osmanlıya bir minnət borcu var. Osmanlını tənqid edə bilərlər. Mən də tənqid etmişəm. Lakin Azərbaycan adında ölkənin dünyada var olmasının səbəbi Osmanlı idi. Bunu Rəsulzadə “Əsrimizin Siyavuşu” kitabında açıqca bəyan edər. Yazır ki, Azərbaycan adında ölkəni qurmaq üçün əsrimizin Turanı olan Osmanlıya sığındıq. O zaman Osmanlıya qarşı bu üfunət qoxuyan nifrətin səbəbi nədir? Ruslarla bir yerdə yaşadığınızda nə qədər söz girdi dilinizə? Osmanlı adında bir imperatorluq gəlib sizə dövlət quracaq, cangüvənliyinizi erməni qətlinə qarşı sağlayacaq, sonra o ölkə ilə əməkdaşlıq edənlər də qulbəçə adlanacaq! Belə cahilcə yanaşma olarmı?
- İkinci məsələ nədir?
- İkinci məsələ də budur ki, hər bir yazar fərqində olmadan öz psixoloji durumunu mətnə yansıdar. Diqqət etsəniz mətn başdan sona qədər kin və aşağılama ilə doludur. Bu da onu göstərir ki, yazar öz keçmişindən və həyat şəklindən nifrət etməkdə, özündən intiqam almağa çalışmaqdadır. Ömrünü boş şeylərə həsr etdiyini anlamışdır. Bu ruh halı Qərbə gələn bir çox qələm əhlində olur. Hətta Sadiq Hidayət kimi bir çox iranlı yazar Qərbə yerləşdikdən sonra Şərqdə keçirdiyi həyatının nə qədər anlamsız olduğunu anladı və bu anlamsızlığın basqısından özünü xilas edə bilmədiyi üçün intihar etdi. Məmmədovun da nifrət püskürən, dəyərli insanları aşağılaması belə bir ruh halı içində oluğunun göstəricisidir. Yəni özünü kontrol edə bilməyərək sözlərlə saldırı. Yoxsa durub durduğu yerdə H. Cavidi niyə aşağılamalıdır?
- “Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi” deyir.
- Bu ifadənin kültürlə, əxlaqla, ədəb və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur. Bunu o zaman da yazdılar və Cavidin öldürülməsinə yardım etdilər. Bu ifadəni bəyan edən adamın nə insan haqlarına sayqısı olar, nə də düşüncə azadlığına. Cavidi öldürdükləri üçün qatilləri alqışlayır. Bu kimi yazıları 1937-ci ildə yazanlar ödülləndirilirdilər. Anlatdığım üzrə bu kimi ifadələr düşünən bir ağlın söylədikləri deyil, nifrət dolu bir varlığın hədyanlarıdır.
- Ağalar bəyin Cavidi oxumadığını iddia edirsiniz?
- Cavidin “İblis” əsərini oxusaydı, Onu Osmanlı köləsi, qulbəçəsi adlandırmazdı. Çünkü “İblis” dram əsəri bütünüylə Osmanlının tənqidi istiqamətində yazılmışdır. Əsərdə Osmanlı yönətiminin ağlını işğal edib qaranlığa gömən ərəb milliyyətçiliyi açıqca ifşa edilir və hətta orada “Elxan” adında Osmanlı qarşıtı bir surət təsvir edir və sonunda Elxan Osmanlıya aid nə törə, gələnək, Əməvi-ərəb milliyyətçiliyi mərkəzli din anlayışı və dünyagörüşü varsa, hamısını yox edir. Osmanlını və onun dəyərlərini bu şəkildə təsvir edən Cavidi Osmanlı köləsi adlandırmaq sayqısızlıq və cahillik, Caviddən xəbərsizlik deyilmi?
- Cavidi tənqid edərkən onun “Allah, sonra 124 min peyğəmbər sürüsü” kimi görüşünü önə çıxarır...
- Öz dayaz ön yarqılarına uyqun ifadələri Cavid mətnlərindən arayıb bulmuşdur. 124 min peyqəmbər anlayışında sevimsiz heç bir şey yox. Peyqəmbər kimdir? Bunun dini tərəfini bir yana buraxalım. Kimsə İslam qarşıtı olduğundan bunu qəbul etməyə bilər və bu onun haqqı. Lakin tarixdə bütün peyqəmbərlər, o cümlədən Quranda adları keçən 24 peyqəmbərin hamısı xalq öndərləri olmuşlar. Xalq, yəni əzilən sinif. Hz. Saleh və Hz. İsa kimi bəziləri də əziyyətlərə məruz qalıb öldürülmüşlər. Cavid belə əzabkeş öndərləri örnək göstərməyib də qatil ərəb-fars-türk sultanlarınımı örnək göstərməli idi? Muhəmmədi də öldürmək istərlərkən O da Mədinəyə qaçdı. Ayrıca, Hz. Muhəmməd bir tək saldırı savaşına qatılmamış, hamısı savunma savaşları olmuşdur. Mədinəyə qaçdı, arxasınca gəlib öldürmək istədilər, O da Mədinənin çevrəsinə xəndək qazdırdı. Bunun adı savunma savaşıdır. Ağalar kişinin bu haqda bilgiləri dayaz ön yarqılarına dayanmaqdadır, çünkü bölgə dillərini və ya başqa bir yabancı dili köklü bir şəkildə bilmir, oxuduqlarını da Türkiyədə nəşr olunmuş kitablardan əldə etmişdir, çünkü Azərbaycanda bu haqda qaynaq yox dərəcəsindədir. Bu üzdən Cavidin şeirini ona qaxınc etmək tənqidçi kişinin öz bəsitliyinin göstərgəsidir.
- Cavidi tənqid edərkən...
- Təqnid deyil, təhqir edərkən.
- Nə isə, Cavid haqqında yazarkən belə bir cümlə də qələmə almış: Demokratiya–islamın lənətlədiyi müşriklikdir (plüralizm).
- İslamın tək bilgi və nəzəri qaynağı Qurandır. Quranın harasında demokratiyaya qarşı bir söz və ya uyqulama vardır? Tam tərsinə, Quran işlərin şura ilə çözümünü irəli sürməkdədir. Şura yəni demokrasi. Ayrıca, Quranın bir neçə yerində dində zor yoxdur deyə yazarkən, Peyqəmbərə “sən öyüd ver, öyüd verici olaraq göndərilmişsən, zorlayıcı deyilsən” söylənməkdədir. Müşrik plüralizm anlamında deyil, şərik qoşan anlamındadır. Plüralizmə qarşılıq ərəbcədə təəddüd və təkəssür kimi qavramlar var.
- Yəni deyirsiniz ki, Ağalar bəyin müşrikliyi pluralizm olaraq anlatması gerçəyə uyqun deyilmi?
- Bu haqda onun elmi bilgi verə biləcəyini sanmıram. Çünkü ərəbcəsi yoxdur. Müşrikliyi plüralizm olaraq görməsi də bunu göstərməkdədir. Bu mövzunu daha ayrıntılı şəkildə aydınlığa qovuşduralım. Quranda müşriklik və kafirlik günah və suç sayılmaz. Hətta Quranda “Kafirlər” adında bir surə də var. Orada deyir ki, sizin dininiz sizə, mənim dinim mənə. Yəni Qurana görə kafirlik və müşriklik də bir din olaraq görünür və onlar da o yolda yürümə haqqına sahibdirlər, ancaq yanlış yoldur. Quranda bir “müşrik” var, bir də “əl-müşrik”. Ağalar kişinin bilmədiyi problem də budur və bu üzdən yarımçıq bilgiləri ilə Quran kimi (vəhy olduğunu qəbul etməsə də) tarixi bir mətn üzərinə fikir yürütməyə çalışmışdır. Müşrik, yəni Allaha şərik qoşan. Onlar İslamda sərbəstdirlər. Lakin əl-müşrik başqadır. Ərəb dilində “əl” ön şəkilçisi ingilis dilindəki “the” şəkilçisi kimi tanımlayıcı və müəyyən edici rol oynar. Yəni bir ismi və ya bir durumu qeyri-müəyyənlikdən müəyyən duruma gətirər. Məsələn qələm və əl-qələm fərqli anlamalar ifadə edər. Qələm, yəni kimə aid olduğu bilinməyən bir qələm, lakin əl-qələm, yəni sahibi bəlli olan qələm. Quranda da müşriklərə qarşı heç bir saldırı yoxdur. Lakin Quran əl-müşriklərə qarşıdır. Yəni o müşriklər ki, hədəfləri bəllidir, öz həyat işləri ilə məşğul olmaz, təşkilatlanaraq Peyqəmbər və İslamla savaşmaq istərlər. Savaşana və səni öldürmək istəyənə qarşı normal bir insan ağlı nə etmək istərsə, Quran da onu nəzərdə tutmuşdur. İslamın qəbul etmədiyi təşkilatlanaraq Peyqəmbərə qarşı savaş açan əl-müşriklərdir, öz kəndində və şəhərində Allahın birliyini qəbul etməyərək həyatını yaşayan müşriklər deyildir. Savaş açana qarşı savaşmaqdan və savunmaqdan başqa seçənək yoxdur və doğru olan da budur.


16 Ekim 2017 Pazartesi

Şəhriyar

Şəhriyarşünaslıq üzərinə Güntay Gəncalpla söhbət

-         Güntay bəy, sizcə Şəhriyar yaradıcılığı elmi bir şəkildə bu günə qədər araşdırılmışmı?

-         Şəhriyarın şeirlərinin psikanalizi bizim tarixi pozisionlarımız haqqında gerçək bilgilər verə bilər. Şəhriyar nə Azərbaycanda, nə də İran fars ədəbiyyatşünaslığında elmi metodla araşdırılmışdır. Azərbaycanda Onun farsca yaradıcılığından xəbərsiz olunduğundan türkcə əsərləri üzərinə milli duyqularla yanaşılmışdır. İranda da Şəhriyar türkcə də möhtəşəm əsərlər yazdığından fars ədəbiyyatşünasları rahatsız etmişdi. Bu üzdən şəhriyar bir fenomen olaraq incələnməmişdir.

-         Fenomen olaraq incələnməmişdir dediyinizdə nəyi nəzərdə tutursunuz?

-         Fenomenoloji yanaşmanın digər yanaşmalardan fərqi ondadır ki, sən bütün önyarqılarını, təəssüb və yandaşlığını bir yana buraxaraq, bu fenomenin necə ortaya çıxdığını və tərəf tutmadan şəkillənmə sürəcini araşdırırsan. Deyək ki, Şəhriyarın bulunduğu sosial şərtlər, Onun tarixi pozisionu, dünyaya baxışını incələyərək şairlik karakterinə yola tapmağa çalışırsan. XX əsrin çalxantılı olayları içində Şəhriyar şeiri necə istifadə etmiş? Yaradıcılığı ilə hansı fərdi və kollektiv mənəvi və duyğusal ehtiyaclara cavab verməyə çalışmışdır? Eşq, ailə və sosial və iş həyatında baş verənlər onun şeiriyyət dünyasını necə etkiləmişdir? İnsan həyatı üç hissədən ibarətdir və bu üç hissənin dışında heç bir şey yoxdur: İş həyatı, ailə həyatı və sosial həyat. Bu üçbucaq içində Şəhriyarin yaradıcılıq dünyası necə biçimllənmişdir? Bu suallara cavab vermək ədəbiyyatşünaslığın və konkret olaraq Şəhriyarşünaslığın əsas məsələsi olmalıdır. Fenomenoloji yanaşmada bir imkanın araşdırılmasında o durum bilgilərinə, davranışlarına və niyyətinə görə incələnər. Çünkü bilgi və davranışa əsasən niyyətə görə formalaşar.

-         Sizə görə, Şəhriyarşünaslığın əsas məşğul olması gərəkən problem nələr olmalıdır?

-         Bir imkanın Şəhriyar həyatı və yaradıcılığı timsalında necə ortaya çıxdığı incələnməlidir. Türkcənin tam olaraq yasaqlandığı, türklüyün aşağılandığı bir dönəmdə “Heydər babaya salam” kimi bir imkanın türk dili və tarixində doğmasının səbəbləri nə idi? Farsca yaradıcılığı ilə fars ədəbiyatının zirvələrində yer alan Şəhriyar nədən bu təhlükəli işə girişdi?

-         Nədən təhlükəli?

-           Çünkü Pəhləvilər dönəmində Şəhriyar kimi ünlənmiş bir şairin türkcə yazması çox təhlükəli idi, Şəhriyarı sırf “Heydər babaya salam” əsəri üçün öldürə də bilərdilər. Bu təhlükəni Şəhriyar anlayırdı, ancaq yenə də Türkcə yazmağa başlamışdı. Bu baxımdan keçən əsr tariximizdə birinci qəhrəman Rəsulzadə olmuşsa, ikinci qəhrəman Şəhriyardır.

-         Şəhriyarın türkcə yazmasını qəhrəmanlıq olaraq dəyərləndirirsiniz, bu qəhrəmanlığın mahiyyəti nədən ibarət idi?

-         O zaman və hətta indi də türkcə oxucu kütləsi İranda olmamışdır. Türk dili İranda Səfəvilərdən sonra mərsiyyə və ağlaşma ədəbiyyatı dışında heç bir təcrübə qazanmamışdı. Şəhriyar öz əsərləri ilə türkcə oxucu kütləsi yaratmağa çalışdı. Türk dili ilk dəfə olaraq qələmlə bu qədər geniş ölçüdə tanış oldu. Sadə yaradıcılığı ilə Şəhriyar bütün İran türklərinin türkcə duyğularında yerləşdi. Hətta əfsanəvi şəxsiyyətə dönüşdü. Tək başına bir inqilab etmişdi Şəhriyar. Gerçəkdən də tarix isbat etmişdir ki, ancaq mədəni inqilablar xalqların yararına olmuşdur. Şəhriyarın qəhrəmanlığının mahiyyəti bu idi. Aşağılanan, adam dili hesab edilməyən türkcəni Şəhriyar birdən insanların sevimli könül dünyasının dilinə çevirdi. Bəlkə də Şəhriyar olmasaydı, türk dili İran ortamında daha çox zərər ala bilərdi.

-         Şəhriyarın yaradıcılığını dəyərləndirmək üçün türkcə əsərlərini incələmək yetərli olarmı?

-         Yetərli olmaz. Şəhriyarın sənət dünyasını anlamaq üçün onun əsərlərinin bütünü üzərində durmaq gərəkir, lakin Azərbaycan oxucularının anlaması üçün daha çox türkcə yazdığı şeirlərdən yararlanmağa çalışsam da, bəzi durumların açıqlığa qovuşması üçün farsca şeirlərindəki ideyalardan da istifadə etmək məcburiyyətində qalacağam. Şəhriyarın dərin ruhi qatları daha çox farsca yazdıqları şeirlərdə saxlıdır. Bunun iki səbəbi var. Birincisi Şəhriyarın düşüncə və nəsr dili farsca idi, ikincisi də farsca yazdığı şeirlərinin həcminin türkcə ilə müqayisədə daha çox olmasıdır.

-         Şəhriyarın düşüncə dili farsca idisə, bəs türkcə düşünə bilmirdimi? Türkcə düşünə bilmirdisə bu əsərləri ana dildə necə yazmış?

-           Şəhriyar türkcə düşünə bilmirdi. Türkcə yazdığı əsərlərdə düşüncə yoxdur, sadəcə duyğu və təsvir var. Türkcə düşünə bilmək üçün türkcə nəsr yazmağı başarmaq gərəkir ki, Şəhriyar bunu başarmır və türkcə nəsr yaza bilmirdi. Şeir düşüncənin dili deyil, düşüncənin dili nəsrdir. Nəsr dili inkişaf etməyən xalqlarda şeir də başarılı olmaz. Məntiq fəlsəfə üçün nədirsə, qramatik şüur da ədəbiyyat üçün odur. Bizim tariximizdə düşüncə törədə bilməmənin də səbəbi budur. Türk dilinin tarixi nəsr təcrübəsi yox dərəcəsindədir. Bunu Şəhriyar özü də etiraf edər. Xəstə vaxtında “türkcə roman yazmaq istəyirdim, qoymadılar” deyir.  

-         Kim qoymamış?

-         Rejim bir yandan basqı göstərir, digər yandan da türklərdə türk dilində nəsr və roman oxuma alışqanlığı yox idi. Dilin qramatik quruluşunu bilmədən nəsr yazmaq asan iş deyil. Bəzi türk şairlər kitablarını çap etdirmək istərkən Şəhriyara ön söz yazdırardılar. Şəhriyar da türkcə nəsr yaza bilmədiyi üçün ön sözləri farsca yazardı. Bu sadəcə Şəhriyarla sınırlı deyil, Füzuli də türkcə nəsr yazmaqda çox çətinlik çəkmiş. Məsələn “Leyli və Məcnun” əsərindəki başlıq nəsr cümlələri farsca yazmış. Füzulinin “Hədiqə tüs-süəda” kitabını da türkcə nəsr adlandırmaq zordur. Türk dili Türkmənçay müqaviləsindən sonra Rusiya sömürgəçiliyində nəsrə keçməyə başladı. Bir dil də nəsrə keçməmişsə, hələ ona dil demək olmaz. Ona görə də İrandakı türklərin şeir dilləri olsa da düşüncə dilləri komikdir, farsca düşünüb türkcə bir şeylər anlatmağa çalışırlar və bu da çox komik görünür. Son 500 ildə, yəni Səfəvi dövlətinin quruluşundan bəri türkcə aşağılanmışdır. Şəhriyar yaradıcılığı bu aşağılanmaya qarşı baş qaldırı və dirəniş idi.

-         Şəhriyarı bir aydınladıcı olaraq görürsünüzmü?

-         Avropada yayqın olan anlamı ilə bizim tariximizdə aydınladıcı şəxsiyyət olmamışdır, Şəhriyar da bir aydınladıcı deyyildir. Aydınlıq üçün fəlsəfə və fəlsəfəyə girən bir dil laızmdır. Bu da olmamışdır. Lakin milli kimliyimizin yüksəlişi yolunda Şəhriyar aydınladıcı işlər görmüşdür. Milli kimliyin yüksəlişi milli dillə mümkündür. Türk dilinin üzərinə çəkilən qara pərdə Şəhriyar nəfəsi və yaradıcılığı ilə dəlinmişdir.

-         Yəni Şəhriyarın əsərlərində düşüncələrə aydınlıq gətirən mövzulara toxunulmamışdırmı?

-         Düşüncələrlə bir əsri və ya çağları aydınlatma qlobal bir məsələdir, bəşərin ortaq sorunları üzərinə bir aydın şəxsiyyət öz düşüncəsini mətnləşdirər. Bu zaman da düşüncənin əsas mehvərini dil-varlıq-azadlıq qavramları təşkil edər. Bu anlamda Şəhriyar aydınladıcı deyil. “Yumurtanı gözəl-göyçək bəzərdik” və ya “Əli mənə yaşıl aşıq verərdi” kimi misraların aydınlanma ilə nə əlaqəsi? Bunlar kənd sosial həyatından nostalji bir təsvirdir. Şəhriyar çağları aydınladan bir düşüncəni ortaya qoya da bilməzdi, çünkü bunun kökü bizim tariximizdə olmamışdır. Aydınlanmanın əsasında kültür və ənənələrin tənqidi, dinlə əqli planda hesablaşma, dini qurumları insan haqları fəlsəfəsindən yola çıxaraq sorqulama və tarixlə qarşılaşma görüşü durar. Bu da Şəhriyar da olmamışdır. Nə farsca, nə də türkcə şeirlərində olmuşdur. Şəhriyar bir ideya qurucusu və ya savunucusu olmamış, ənənələrə qarşı da gələməmişdir. O, belə bir missiyanı öz üzərinə götürməmişdi. Onun missiyası mövcud durum içində türk dilini yüksəltmək idi.

-         Şəhriyarın türkcə və farsca şeirlərinin fərqi nədədir?

-         Şəhriyar farsca şeirində özünü Səfəvi öncəsi irfan və təsəvvüf kültürünə mənsub bilər. Çünkü Səfəvilərdən sonra sadəcə türkcə deyil, fars dilində də böyük ədəbi əsərlər yaranmadı. Bu baxımdan Şəhriyar kimi bir dahi söz ustası öz istedadını heç bir ədəbi və qlobal dəyəri olmayan mərsiyyə söyləntilərinin zindanında həbs edə bilməzdi. Bu üzdən farsca və türkcəsinin fərqi burada açıqca ortaya çıxar. Fars dilindəki qəzəlləri və bütün yaradıclığı irfani özəllik daşıyar, lakin türkcədə bu yoxdur, bir neçə türkcə qəzəlində buna qismən işarə etmiş, ancaq Onun əsas əsəri olan “Heydər babaya salam” kənd kültürü və törələrini təsvir edər. O təsvirin içində böyük düşüncə doğmaz., gələnəksəl həyatdır, evrənsəl tərəfi yoxdur.

-         Şəhriyarın əsas türkcə əsəri “Heydər babaya salam” poemasıdır, deyilmi?

-         Zamanlama baxımından Şəhriyarın ilk önəmli əsəri “Heydər babaya salam” poemasıdır. Lakin Şəhriyarın farsca və türkcə yaradıcılığının bütünü içində ən önəmli əsəri “Səhəndiyyə” poemasıdır.

-         “Səhəndiyyə” poeması səviyyəsində farsca bir əsəri yoxmu?

-          Yoxdur, çünkü fars dilinin qüsurları belə möhtəşəm əsərin o dildə yazılmasına imkan verməz. Çox təəssüf ki, Şəhriyarın “Səhəndiyyə” əsəri Azərbaycanda tanınmır. Bunun bir səbəbi var. Azərbaycan oxucusu bu növ şeirdən zövq ala bilmir, çünkü onun zövqü hələ bu estetik anlayışla tanış deyyildir. “Heydər babaya salam” bəlli bir ölçüdə yazılmış və ölçü poemanın sonuna qədər qorunur. Lakin “Səhəndiyyə”də ilk gözə çarpan coşqulu musiqidir. Sonra bütün şeir vəznləri bir-birinə qarışır. Əruz, heca, sərbəst, modern şeir türləri iç-içə girmiş. Nə ərəbcədə, nə farscada, nə ingilizcədə belə bir əsər mövcuddur. “Heydər baba” poemasını otağın bir küncündə balışa arxalanıb oxuyub kədərlənmək olar, lakin “Səhəndiyyə”ni oxurkən yerində rahat otura bilməzsən, durub bir göylərin sonsuzluğuna baxmaq, qaçmaq, rəqs etmək, qarşılaşdığın insanı qucaqlayıb öpmək istərsən. Doğu ədəbiyyatının ritmik şeir zirvəsini ortaya qoyan Mövlanədir. Mövlananın da şeirlərində musiqi və rəqs iç-içədir. Lakin hətta Mövlanənin də qəzəlləri “Səhəndiyyə” səviyyəsində deyil. Şəhriyarın bu əsəri coşqulu, ritmik, musiqli və təsvirlərlə iç-içədir. Uzun poema olan “Səhəndiyyə”nin yarısından çoxunu əzbər bilirəm. Bəzən ümidsiz və kədərli halımda birdən əzbərimdə olan bu parçaları oxurkən içim ümid işıqları ilə dolub daşır. Əsər həyat duyğuları ilə dolub daşmaqdadır. Poemanın həssas yerində birdən erotik duyğular şeirin içindən fışqırır. Oxucu kainatla ruhi vəhdət içindəykən sevişmə hisslərinə qapılır. Bütün varlıq sözlərə dönüşərək şeirin bütünü içində axıb insanın ruhuna dolur, oxucu sanki tanrılaşır.

-         “Səhəndiyyə”nin belə təsirli olmasının səbəbi nədir? Səhv etmirəmsə Səhənd bir dağ adıdır.

-         Doğru, Səhənd bir dağ adıdır, lakin burada iki məna daşır. Əsər “Səhənd” təxəllüsü ilə yazan Bulud Qaraçörlüyə həsr edilmiş. Şəhriyarın böyük sənətçi olmasına təkan verənlərdən biri Səhənd digəri də Prof. Dr. Cavad Heyyət idi.

-         Demək “Səhəndiyyə” əsərini Şəhriyar şair Səhəndə həsr etmiş?       

-         Şəhriyar “Heydər baba” poemasını yazdıqdan sonra həm rejim, həm də fars şovinist şairlər tərəfindən sıxışdırılırdı. Onun əməyini dəyərləndirən yox idi. Birdən böyük şair Səhənd “Heydər baba” poemasını oxuduqdan sonra Şəhriyara şeirlə məktublar yazmağa başladı. Səhəndin məktubları çox güclü və milli məzmunla dolu idi. “Özgə çırağına yağ olmaq bəsdir” deyə Şəhriyarı türkcə yazdığı üçün öyürdü. Səhənd çox zəngin bir türk şairi idi. Böyük tekstil şirkətləri də var idi.

-         Maraqlı olar bir az da yeri gəlmişkən Səhənd haqqında məlumat verəsiniz.

-         Səhənd İranda türk milliyətçiliyinin fəlsəfi dünyagörüşünü “Dədə Qorqud” əsərinə dayanaraq şeirlə yazan böyük şairdir. XX əsrdə İranda iki böyük türk şairi yetişmiş: Şəhriyar və Səhənd. Səhənd Qorqud dastanlarını öz fəlsəfi üslubu ilə yazaraq hər dastanın önündə öz fəlsəfi dünyagörüşünü açıqlamış. Həyatımda mənim dünyagörüşümü etkiləyən şəxsiyyətlərdən biri də Səhənd olmuşdur. Onun “Ərməğan” adlı əsərlərini oxuduğum zaman çox gərgin hallar keçirmişdim.

-         O gərgin hallar yadınızda varsa, bir az açıqlayın...

-         Səhənd yazır ki, yatmışdım bir yuxu gördüm. Bir sklet. Qorxunc bir sklet. Skletə yaxınlaşdım, çox qorxulu simasını gördükdən sonra qorxumdan dönüb qaçmaq istərkən məlahətli bir səslə “adam da anasından qorxarmı” deyə sklet sordu. Məlahətli səsi ruhumun dərinliyinə işləmişdi. “Sən mənim anamsanmı?” deyə sorduğumda “Mən sənin ana vətəninəm, ancaq tanımamağına da şaşırmadım, çünkü artıq məndə tanınacaq bir şey qalmamış, Borçalını bir tərəfindən kəsib apardılar, Dərbəndi bir tərəfimdən, Həmədanı digər tərəfimdən. Bütün varlığım paramparça oldu. Məni necə tanıya bilərsən?” dedi. Sonra skletin sümükləri çürüyüb bir-birindən ayrılır. Səhənd bu sümükləri bir torbaya doldurub çininə ataraq türklərə və dünyaya səslənər “bir məzar qədər vətən axtarıram, anamı dəfn edəcək qədər bir məzar” deyir. əsərin özət məzmunu budur, lakin Səhəndin öz təsvirləri çox təsirlidir. İranda türklük bilincinin oluşmasında Səhəndin çox böyük təsiri olmuşdur.

-         Və Səhənd Şəhriyarla dostluq etməyə başlayır?

-         Səhənd Şəhriyara yazdığı məktublarla Şəhriyarın digər gizlin istedadlarını da atəşlədi. “Səhəndiyyə” də bu atəşlənmənin nəticəsidir. Səhəndin ağrılarla dolu məktubuna Şəhriyar ümid dolu bir poema ilə cavab yazdı.

-         “Səhəndiyyə”nin musiqili bir əsər olduğunu söylədiniz. Bu əsər üzərinə gerçəkdən musiqi bəstələnmişmi?

-         “Səhəndiyyə” əsəri üzərinə böyük opera və simfonik əsərlər yazıla bilər, lakin hələ yazılmamışdır.

-         Əngəl nədir yazılmasında?

-         İranda yaşayan türklərdə modern və köklü musiqi bilgisi olan yoxdur. Azərbaycanda da bu növ şeiri anlaya biləcək musiqiçi yox. Azərbaycan bəstəkarlarının klasik əsərlər üzərinə bəstəkarlıq etmələri unudulmuşdur, çünkü o şeirin ruh halı ilə tanışlıqları yoxdur. Məncə qarşımızdakı milli oyanış illərində İrandakı türklərin içindən Üzeyir Hacıbəylilər çıxacaq və onlar “Səhəndiyyə” üzəribnə dahiyanə əsərlər yazacaqlar. İrandakı türklərin içindən türklük düşüncəsi şəkillənərək klasik və modern musiqi növləri ilə elmi biçimdə tanış olan şəxsiyyətlər bu işi edə bilər. Azərbaycan Respublikasında “Səhəndiyyə”nin formunu, məzmununu və coşqusunu anlaya biləcək musiqiçilərin çıxacağına inancım zəifdir. Bunun üçün çox güclü bir şəkildə ədəbiyyatşünas olmaq lazımdır. Üzeyir Hacıbəyli böyük ədəbiyyatşünas olduğu üçün Füzulinin əsərlərinə opera yaza bilmişdi. Bunun kimi bir gəlişmə olmalı. Musiqişunaslıqla ədəbiyyatşünaslıq iç-içə olmadan “Səhəndiyyə” poeması üzərinə opera yazmaq olmaz.  

-         Maraqlı yanaşmadır...

-         Sənət nədir və bir toplum nə zaman sənətlə dünyanı idrak etməyə, sənətlə estetik zövq almağa başlar? Bu suallar sirli bir şəkildə “Səhəndiyyə” əsərində cavablanmışdır. Bu cavabları idrak etməyən musiqiçi bu əsər üzərinə bir şey yaza bilməz, özəlliklə sənət fəlsəfəsi üzərinə bilgili olmaq bu baxımdan şərtdir.

-         Şəhriyarın həyat biçimi və uşaqlıq xatirələri onu şairliyə sövq etmək də nə qədər etkili olmuşdur?

-         Şəhriyar “şair olmazsan anan doğmasa şair” deyir. Bu çox doğrudur. İnsan doğuşdan bir sənət ruhunu özüylə gətirməzsə, oxumaqla, xatirələrlə şair olunmaz. Ancaq şübhəsiz ki, insanın yaşam biçimi o sənətə müsbət və ya mənfi təsir göstərə bilər. Gözəl və bəzən də acı xatirələr o sənətin önündəki əngəlləri ortadan qaldırar. Bu baxımdan Şəhriyarın həyat tarixi çox önəmlidir. O, Təbrizdə dünyaya gəlmiş, ancaq Təbrizdə yayqın olan xəstəlik üzündən Xoşgünab kəndinə aparılmış və uşaqlığı bu kənddə keçmiş. Şeir və fəlsəfə üçün kənd həyatı çox önəmlidir. 120 il əvvəl şəhərlə kəndin çox fərqi olmasa da, yenə də kənd həyatı sənət üçün bir imkandır. Böyük dahilərin çoxu kənddən çıxmışlar. Torpaqla əmək meydanında təmasda olmanın başqa bir özəlliyi var. Şəhriyar da kənddə təbiətlə uşaqlıq vaxtında qarşılaşmış. Elə yaş ki, o yaşlarda insanda hələ xəyalla gerçəkliyin sınırları bəlli edilməmiş. İnsan xəyallarını, yuxularını da gerçəklik kimi anlar. Bəzən də gerçəkliyi xəyal kimi görər. Bu dönəm şüuraltında gizlənərək şairin yaradıcılığıq qaynağına çevrilər. Olqun yaşda hansısa bir hadisə şüuraltındakı bu fırtınaları üzə çıxarar, sənətə daşıyar. Şəhriyara ilham verən də həyatının bu dönəmi, yəni xəyalla gerçəkliyin sərhədlərinin bəlli olmadığı uşaqlıq dönəmi olmuşdur. “Əli mənə yaşıl aşıq verədi” dediyində, görünürdə burada elə də dərinlik yoxdur, lakin bu, kənd həyatının aşıq oynama kimi psixoloji ortamında dəyərləndirdiyində anlaşılar. O yaşlarda bir aşığın kənd uşağı üçün nə qədər dəyərli və hətta mənəvi dəyər daşıdığını ancaq bu hadisəni yaşamış olanlar anlarlar. Bir mətnin doğduğu sosial zamanı və onun xitab etdiyi toplum gerçəkliyini anlamadan o mətni anlamaq çox çətin olar və ya heç mümkün olmaz. Dini mətnlər də bu qanuna tabedir.

-         Şəhriyarın eşq həyatı da çox acılı olmuş...

-         Bir çox sənətçinin həyatında üç qadın çox etkili olar. Ana, sevdiyi qadın, uşaqlarının anası olan evləndiyi qadın. Şəhriyarın həyatında hər üçü çox təsirli olmuş və yaradıcılığına yansımışdır. Şəhriyar yaradıcılığında təsirləri baxımından bunları anlatmaq istərdim.

-         Üstdə sıraladığınız kimi etkili olmamışlarmı?

-         Şəhriyarın həyatında ən böyük təsir buraxan Sürəyya adında bir qız olmuş. Ona “Pəri” adı taxıbmış Şəhriyar. Çox gözəl və kültürlü qız imiş. Bir-birlərini hədsiz dərəcədə sevər və gələcək ailələri haqda planlar qurarmışlar. Lakin Pərini Şahın sarayında çalışan bir dövlət adamı pul gücünə alır. Bunun üzərinə Şəhriyar onunla Tehranın “Behcət abad” məhəlləsində son görüş istəyir. Qızın getməsini əngəlləyirlər. Şəhriyar sabaha qədər orada gözləyir. O günə qədər fars ədəbiyyat ortamında ad çıxaran Şəhriyar sabaha qədər çəkdiyi acını türk dilində bəyan edər. İnsanlar belədirlər. Acı çəkdiklərində, yuxu gördüklərində, yəni ruhun təsirləndiyi zamanlarda ana dilləri yardıma gələr. Şəhriyar o gecəni “Behcət abad xatirəsi” adında bir qəzəldə şeirləşdirər. Bu qəzəl o qədər sadə, o qədər arınmış türkcədə yazılmış ki, oxucunun ruhuna atəş vurub yaxır. Şəhriyarın şah əsərlərindən biri də bu qəzəldir. Hətta başqa heç bir şey yazmasaydı, yenə də sırf bu qəzəli üçün o, türkcənin ən böyük şairi sayıla bilərdi.

-         Şəhriyarlar Pəri münasibəti başqa şeirlərdə də öz əksini tapmışmı?

-         O gecədən sonra Şəhriyarın bütün əsərlərində yanqı, ağrı və kədər var. Türkcə və farsca şeirlərində bu ağır eşq məğlubiyyəti öz təsirini göstərmişdir. Şəhriyar xəstələnib xəstəxanada yatırmış. Pəri bunu duyub yanına getmiş. Pərinin qucağında artıq sütdən kəsilmiş bir uşağı da varmış. Şəhriyar farsca bir qəzəl bu görüş üçün yazaraq “sən öz cigər parəni də sütdən ayırmışsan, ancaq mən hələ də bildiyin səni sevən o dəli qanlıyam, hələ unudulmamışsan. Atan öz gövhərini altuna satdı, eşqin dədəsi yansın ki, dədəmi yandırdı” yazar. Sonra da zaman keçdikcə Şəhriyarın öz etirafına görə, bu bəşəri eşq yerini Tanrı eşqinə buraxar.

-         İkinci qadın hansı olmuş, anası, yoxsa evləndiyi xanımmı?

-         İkinci qadın anası Kövkəb xanımdır. Təsəvvür edin ki, ölkədə türkcə aşağılanır. Gənc Şəhriyar da bu ölkədə sosial status qazanmaq və maddi həyatını təmin üçün farsca yazmalı, fars dili vasitəsi ilə yüksəlməlidir. Bir gün anası ona “oğlum, o yazdıqlarını bir az da mənim anladığım dildə yaz!” deyir. Bu bir cümlə Şəhriyarın ruhunda və şüurunda inqilab edir və çox böyük təhlükəli işə girişir. Türkcə yazmaq ölümlə dans etmək kimi bir iş idi. Şəhriyar ölümlə dans edir, ancaq anasının anladığı dildə yazır və anasının istəyinə boyun əyən Şəhriyar yaradıcılığında bizim milli və kollektiv şüuraltımızda yerləşən əski anılar dilə gəlib danışır. Şəhriyar xalqın yaşam biçimini sözlərlə onun gözləri önünə sərərk, türkcəni də o qorxunc dönəmdə qələmlə tanış etdi. O zaman türk əhalisinin təqribən yüzdə yetmişi kəndlərdə yaşayırdı. Ancaq kədnlərdə də oxuması olan biri “Heydər babaya salam” əsərini oxuyur və bütün kəndlilər qulaq asırdı. Mən də onlardan biri olmuşam. Kəndimizdə oxumuşam və bütün kəndimizin əhalisi dinləmiş, yaşlı qadınlar ağlamış, gənc qızlar hüzünlə gülümsəmişlər. Bu baxımdan Şəhriyarın nəfəsi mənim də həyatımda dolaşmış.

-         Üçüncü qadın da evləndiyi xanım olmalıdır...

-          Şəhriyar 48 yaşında bibisi nəvəsi Əzizə ilə evlənir. Aralarında 25 il yaş fərqi varmış. Bir satirik şeirində də Şəhriyar həyat tarlasında özünü öküzə, evləndiyi xanımı da buzova bənzədərək,
“Yar günümü göy əskiyə tutdu ki, dur məni boşa,
Cütcü görübsən heç cütə, öküz qoyub buzov qoşa!” deyər. Əzizə Şəhriyarın uşaqlarının anasıdır. Şəhriyarın şansızlığından Əzizə də üç uşaq anası olduqdan sonra gənc yaşda ölür və Şəhriyara bir başqa ruhi zərbə daha vurulur. Şəhriyar Əzizəni xatırlarkən göz yaşlarını tuta bilməzdi.

-         Bildiyim qədəriylə “Şəhriyar” adını O, özünə təxəllüs olaraq seçmişdi. Bu ləqəbi seçməsinin bir səbəbi varmı?

-         Şəhriyar özünü məfkurə olaraq Səfəvilər öncəsi ədəbiyyat dünyasına mənsub bilirdi. Çünkü Səfəvilərdən sonra sadəcə türkcə deyil, fars dilində də doğru-dürüst ədəbi əsər yazılmadı. Bütün ədəbiyyat mərsiyyədən ibarət. Səfəvi dövləti qurulduqdan sonra qələm əhli fars aristokratları canlarını və inanclarını qurtarmaq üçün Hindistana qaçdılar. Orada “səbki-hindi” adında şeirdə bir sənət sahəsi gəlişdirdilər. Saib Təbrizi kimi böyük şairlər də səbki-hindiyə mənsubdurlar. Bu üzdən Şəhriyar da Səfəvi öncəsi Mövlananın, Əttarın, Xaqaninin,.., özəlliklə də Hafizin təsiri altında idi. Şəhriyar özünü Hafiz Şirazinin məktəbinə mənsub bilirdi. Şəhriyar həyatındakı bədbəxtlikləri yaşadıqdan sonra özünü bütünüylə sənətə həsr edir. Bir təxəllüs tapmaq üçün Hafizin divanından iki dəfə fal açır. Birinci falında “Gedərəm öz Şəhrimə Şəhriyar” olaraq qəzəli gəlir. İkinci fal açdığında da “Şərqin sultanı (günəş) sabah-sabah barağını dağlara sallayaraq “şəhriyar” yazdı” qəzəli gəlir. Beləcə “Şəhriyar” təxəllüsünü hafizin divanından çıxarır.

-         Demək Şəhriyar Hafizdən çox təsirlənmiş...

-         Şəhriyar “nəyim varsa hamısını Hafiz mənə bağışlamışdır” yazar. Hətta qəzəllərinin çoxu hafizin qəzəllərinin açıqlamasından ibarətdir. Şəhriyarın farsca divanında hər qəzəlin önündə öncə Hafizdən iki misra yazılmış. Hafizdən təsirlənməmək də mümkün deyil. Böyük alman şairi Hötə də almancaya tərcümə edilmiş Hafizin şeirlərindən təsirlənmişdi.

-         Güntay bəy, 21 Azər hadisələri zamanı Şəhriyardan heç səs-soraq olmamışdı, bunun səbəbi nədir?

-         21 Azər olayları zamanında Şəhriyar yaşının ən olqun vaxtında, 40 yaşındadır. Lakin Pişəvəri hərəkətinə əsla sempatiya göstərməmişdi. Bunun da səbəbi var idi. Pişəvərini Stalin dəstəkləyirdi və Təbrizdə çıxan “Azərbaycan” adlı qəzətin hər nömrəsinin ilk səhifəsində “millət atası” deyə Stalinin şəkli yer alırdı. Şəhriyar dühası Stalini necə öz mənəvi atası kimi görə bilərdi. Şəhriyarın o hərəkətə qatılmaması Onun böyüklüyünü göstərir. Pişəvəri bir yerdə də “türk” və türk dili”ni ağzına almazkən Şəhriyar “türkcə dedim oxusunlar özləri”, ya da “Türkün dili tək sevgili istəkli dil olmaz” deyə hayqırırdı. 21 Azər məsələsini sovet dəstəkli olduğu üçün sovet Azərbaycanında çoxlu qabardıblar, onun milli dərinliyi yox idi. Sadəcə Şəhriyar deyil, böyük xanəndə və Şəhriyarın dost Əbulhəsənxan İqbal Azər də Pişəvəri hərəkətinə xoş baxmamışdı.

-         Şəhriyarın yaradıcığında ümumən əruz janrımı yer almaqdadır?

-         Şəhriyar fars dilində modern şeirdə yazmış. Anasının yasında öz kədərini modern şeir biçimində ifadə etmiş və çox da təsirlidir. Fars modern və sərbəst şeirinin atası sayılan Nima Yuşic Şəhriyarı çox öymüşdür. Modern fars şeirinin böyük şairəsi Füruğ xanım Fərruxzad da Şəhriyarın modern şeirini öymüşdür. Şəhriyar “Einisteinə məktub” şeirini də sərbəst şəkildə yazmışdır. Sərbəst şeirləri də çox güclüdür.

-         Şəhriyarın musiqi ilə münasibəti necə olmuş?

-         Şəhriyar muğamları çox yaxşı bilirdi. Özü də çox gözəl setar çalar və muğam oxuyardı. O dövrün böyük xanəndələri ilə yaxından təmasda olurmuş. Şəhriyarın qəzəlllərini oxuyarmışlar. Məsələn İranda ilk böyük qadın xanəndə olan Qəmər-ul Mülk Vəzirinin səsinin gözəlliyini vəsf edən qəzəl də yazmışdır. Şeir və musiqi bir-birindən ayrı olmaz. İrfanda şeir və musiqi bir-birini tamamlar.

-         Şəhriyarın Süleyman Rüstəm və digər şairlərlə də yazışmaları olmuşdu...

-         Bunlar “Heydər baba” əsəri yayıldıqdan sonra oldu. Bu əsər demək olar ki, bütün türk ölkələrini öz təsiri altına aldı. Ancaq sovet Azərbaycanının şairləri Şəhriyarı bəlli bir ideologiyanın dar çərçivəsinə soxmağa çalışırdılar. S. Rüstəm də onlardan biri idi. Şəhriyarın onlara yazdığı cavablar daha aydın üfüq açarkən sovt Azərbaycanının şairləri bu üfüqü görəcək dünyagörüşünə sahib deyildilər. Şəhriyar Qurana bağlı mömin bir şair idi. S. Rüstəmin “Şeirimin bir sətrinə Quranı versən vermərəm” kimi anlamsız söz yığınının ortaya çıxması onun Şəhriyar nəzdindəki sayqınlığına zərər verirdi.   

-         Türkcə yazıb və türkcə düşünmənin yasaq olduğu bir sistemin içində Şəhriyar öz əsərləri ilə nə kimi mesaj vermək istəmişdi?

-         Şəhriyar öz yaradıclığı ilə bu xalqa mədəni şəkildə anlatdı ki, “şaxsey-vaxsey” bağrıb zəncirlərlə özünü döyməsən, yaşadığın kültürn içində ruhunu oxşayacaq gözəllikləri görə bilərsən. “Heydər baba” poemasının əvvəlindən sonuna qədər bir yerdə baş yarıb, zəncir vurmaq, sürülər şəklində mollanın ətəkləri altında ağlayıb sızıldamaq öyülməmişdir.

-         Şəhriyarı rejimlərlə əməkdaşlıq etməklə suçlayanlar da var, bu haqda nə deyərsiniz?

-         Şəhriyarı tənqid edənlərin heç birində sənət ruhu olmamışdır. Ondan siyasi liderlik bəkləntiləri olan və öz həyatlarına dəyər verməyən, bəşəriyyətə heç bir yararı olmayan inqilabçılar Şəhriyarı tənqid və bəzən də təhqir edirdilər. Şaha və onun xanımına, daha sonra indiki şiə rejiminin rəhbərinə şeir yazaraq Şəhriyarın yaltaqlandığını deyirdilər. Ancaq məncə bunlar doğru yanaşma biçimi deyil. Şəhriyarın şaha yazdığı şeirin heç bir ədəbi dəyəri olmamışdır, lakin bu şeirlərin hesabına həyatda qala bildi. “Heydər babaya salam” kimi türkcə bir poemanı yazdığına görə, onun cəzası əslində ölüm idi. Şəhriyar bunu bilirdi. Şəhriyarı tənqid edənlərin çoxu ilə tanış oldum. Şeir nədir, necə yazılar kimi suallar ətrafında düşünə bilməyən, sənət gözü ilə kainatı görmə təcrübəsi olmayanlar Şəhriyarı tənqid və təhqir edirdilər. Şəhriyarı tənqid edib dəyərləndirmək üçün onun əsərlərinin ontologiyası üzərinə düşünmək gərəkir. Bunun dışında bir də Səfəvi öncəsi irfan düşüncə və təcrübələri ilə tanış olmaq lazımdır. Sənət adamını miras buraxdığı mətni anlamağa çalışaraq tənqid etmək və dəyərləndirmək lazımdır. Tarix üçün qalan mətndir, başqa nə varsa, zaman içində unudulub gedir. Məsələn bir zaman Pəhləvi rejimi var idi, indi yoxdur. İndi Şiə rejimi var, bir sürə sonra tarix onu da ortadan qaldırıb yerinə yeni sistemlər yerləşdirəcək, ancaq bütün dönəmlərdə Şəhriyarın əsərləri türkcənin bir imkanı kimi araşdırılacaqdır.   

-         Şəhriyarla bağlı son söz olaraq söyləmək istədiyiniz bir söz varmı?

-         Şəhriyar bütün zərrələri ilə, eşqi və kədəri ilə türk mədəniyyətinindir, türk dilinindir.
Kəramət Böyükçöl