- Güntay bəy, Ağalar Məmmədovun yazılarını oxudunuzmu?
-
Dillə bağlı birini oxudum, Cavidin adı keçən yazısını da səninlə danışdıqdan
sonra oxudum.
-
Bu kimi yanaşma metodu haqda fikriniz nədir?
-
Bizim kültürümüzdə sorqulayıcı düşüncə olmamışdır. Sorqulayanları boğmuşdur
kültürümüz və gələnəyimiz. Bu üzdən də ölkədə və tariximizdə düşüncə azadlığı,
fərdiyyət kimi qavramlar doğmamışdır. Bu kimi haqların ölkəmizdə, düşüncə
tariximizdə doğması üçün sorqulayıcı görüşün olması gərəkir. Bu baxımdan etik çərçivədə
hər tür sorqulamanın yararlı olacağını düşünürəm, yalnız etik çərçivədə. Özəlliklə
kor-koranə fanatik dinçiliyin gücləndiyi bir dönəmdə sorqulayan qələmlərin
aktiv olmaları gərəkdiyinə inanıram. Hüseyn Cavidin dili ilə modernitə və
sorqulayaraq yenilənmə görüşünü bu şəkildə bəyan edə bilərik:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq: yeniləşmək.
Bizlər yeniləşsək belə daim,
Bir əskilik az-çox bizə hakim”
Həyatımıza qənim kəsilən bu əskiliyi Cavidin də
dediyi kimi yeniləşmə və sorqulama ilə durdura bilərik.
- Ağalar bəyin dilimiz
haqqında...
-
Ağalar bəy, ingilis türkoloq Geoffrey Lewis´in “Trajik başarı” adlı kitabından
etkilənərək bir şeylər yazmışdır. Lewis Türkiyədəki dil reformu haqqında bir
kitab yazmış və bu reformu trajik başarı adlandırmışdır. Çünkü 600 il türkcəyə
sahib çıxmayan bir dövlət sistemi olmuş, sonra cumhuriyət dönəmində türk dilinə
çox önəm verilərək bu 600 illik ərəbləşdirmə təcrübələrinə qarşı mücadilə
aparılmışdır. Bunun da səbəbi var idi. Əməvi-ərəb irqçilərinin uydurduğu “cənnətin
dili ərəbcə olacaq” saxta hədisə əməviçi şeyxlər Osman oğullarını
inandırmışdılar. Osman oğulları da cənnətin dili ərəbcə olacaqsa, bu dünyanın
da dilini ərəbcə edəlim deyə türk dilini tarixdən yavaş-yavaş silmək istəyirdilər,
hətta keçən əsrin əvvəllərində II Sultan Həmid ərəb dilini rəsmi dövlət dili
etmək istəyirdi, ancaq milli qüvvələr güclənmişdilər, bu faciənin gerçəkləşməsini
əngəllədilər. Sanki bütün müsəlmanlar cənnətə gedəcəkmiş! O zaman Peyqəmbər cəhənnəmin
də dilini söyləməli idi ki, sadəcə cənnətə gedənlər deyil, cəhənnəmə gedənlər də
lal olmasın, bir dil bilmiş olsunlar. Sonunda günümüzdə xalqın anlayacağı,
yabancıların öyrənə biləcəyəi və qramatikası olan türk dili ortaya çıxmışdır.
Çünkü saxta osmanlıca dilinin qramatikası yox idi, ola bilməzdi. Çocuq
vaxtlarında ailələrindən zorla alınaraq manqurtlaşdırılıb soysuzlaşdırılan
devşirmələrin dili idi. Ağalar bəy də bu kitabdan etkilənərək bizim ləhcədə bir
şeylər yazmağa çalışmışdır. Lewis´in kitabı Türkiyədə tərcümə edilmiş, ingiliscə
variantı “Catastrophic success” adı ilə internetdə də vardır.
-
Yəni deyirsiniz ki, Ağalar bəy bu kitabımı köçürmüş?
-
Kitabdan etkilənmiş deyirəm. Bu mövzunu ilk olaraq kitablaşdıran adını çəkdiyim
ingilis yazar olmuşdur. Ağalar bəyin yazdıqlarında daha komik və türkcə
qurallarına uymayan yanaşmalar var.
-
Gündəlik mübahisə mövzusu olduğu üçünü bunlara işarə etəsiniz yaxşı olar.
-
Öncə daha önəmli bir mövzuya işarə etmək istəyirəm. Türk dilini incələrkən bölgənin
canlı dillərindən birini bilmək gərəkir. Çünkü türk dili ərəb-fars dilləri
kültür hövzələrində bir tarix yaşamışdır. Ağalar bəy də əskik olan budur. Bu əksiklik
üzündən məslən yazır ki, “külək” türkcə olmuşdur. Oysa külək əski farscada olan
bir sözdür. Farsca səslənişi “kulak”dır. Buna bənzər sözlər çoxdur. “Əfəndi”
sözünün də kökənini yanlış yazmış. Hamısını xatırlaya bilmirəm, ancaq bu kimi
yanlışlıqlar yazılarında çoxdur. Türkiyədə 100 il öncə başladılan dil reformu
farslarda 1200 il öncə başlamışdır. Bu baxımdan da farslar tarixi və sosiolojik
zaman etibarı ilə bizdən 1200 il irəlidədirlər. Tarixi mətnlərinin həcmi də
1200 kərədən artıq bizimkilərdən çoxdur. 1200 illik zamana yayılan reform çətinlik
oluşdurmamışdır. Lakin 1200 illik gəlişmə 70-80 ildə gerçəkləşdirildiyində
problem ortaya çıxır. Bu problemlərin hamısı bir sonrakı 100 ildə
unudulacaqdır. 1200 il öncə Səffari fars dövlət adamı Yaqub Leys ərəb dilini
yasaqladı və fars dilinin önünü açdı. Lakin fars dilinin o qədər əksikliyi var
idi ki, heç bir şey yazmaq olmurdu. O dönəmdən qalan mətnlər çox komik görünər.
Ancaq yavaş-yavaş farscanı tarixin, verginin, ədəbiyatın, dövlətlərin və
teologiyanın dili etməyi başardılar. Bu sürəcdə fars dilində müəccəmlik adında
bir dilçilik sahəsi gəlişdi. Müəccəmlik nə idi? Müəccəm, yəni əcəmləşdirmə və
ya farslaşdırma. Daha çox ərəbcədən və bəzən də digər dillərdən alınan sözləri,
hətta təhrif və deforma edərək fars dilinə uyqulaşdırdılar. Hətta heç bir dildə
bənzəri olmayan “saxta məsdər” belə düzəltdilər. İndi fars dilində saxta məsdərlər
adında bir sahə vardır. Eyni şəkildə ərəblərdə də “müərrəb” adında bir dilçilik
sahəsi oluşduruldu. Alınan sözləri ərəb dilinin genəl küktürü içində ərəbləşdirmək
deməkdir. Məsələn altun anlamında olan farsca “gənc” Quranda “kənz”, farscada
“gövhər” olaraq bilinən bu qavram ərəbcədə “cövhər” olaraq keçər. Görürsünüzmü
sözlər necə təhrif edilmişdir. Bütün dünya dillərində sözləri bu kimi dilə
yatqınlaşdırma sürəcində deformasion yaşanmışdır. Belə olmasaydı dillər inkişaf
etməzdi. Bizdə də “kənd” kimi soğdcadan alınan bu kimi sözlər var. Ancaq bunlar
çox əski zamanlarda gerçəkləşdiyi üçün Ağalar Məmmədovun diqqətini çəkməz,
çünkü Məmmədov bir də öz kinini yazısında ifadə edərək psixoloji olaraq
rahatlamaq istəmişdir.
- Deyirsiniz ki, Ağalar bəy bu dillərdəki durumlardan
xəbərsiz olduğu üçünmü bu şəkildə düşünmüşdür?
-
İddialarında komik şeylər var. Məsələn “genəl” ingilizcə general sözündən və
“imgə” yenə də ingiliscə image sözündən alınmışdır deyir. Bu, doğru deyildir.
“Genəl” feilin kökü olaraq bizim dilimizdə yoxmu? “Genəl+mək” məsdəri dilimizdə
var. Türk dilində bəzi kök feillər isim olaraq da istifadə edilər. Məsələn
“ağrı” və “qarı” həm isim, həm də feilin köküdür: ağrımaq, qarımaq. Türk dilində
bu şəkildə bir qural varsa, bunu uyumlu olmasa belə, dil öz ehtiyacına görə
başqa sözlərə də uyqulaya bilər. İmgə sözünün də ingiliscənin image sözü ilə əlaqəsi
yoxdur. Uşaq dünyaya gəldiyində başının ortasında yumşaq bir dairəcik olar. Ona
bizim dildə imgək deyərlər. Yəni imgə sözünün bənzəri dilimizdə vardır. Bizim
dilimizdə “him-cim” var. Himləmək anadoluda və Kaşqarlıda imləmək olaraq keçər.
İşarə etmək anlamında. Süpürmək məsdərinin əmr formasına “gə” şəkilçisi
artırılaraq süpürgə düzəldildiyi kimi, “im” də eyniylə “gə” əki alaraq “imgə”yə
dönüşmüşdür. Bunun ingiliscə ilə nə əlaqəsi? İngilizcə ilə əlaqəsi olsa da
sorun deyil. Başqa sözləri də bu şəkildə məntiqsizcə açıqlamışdır. Seçki sözü
dilimizdə varkən seçim sözünü düzəltmişlər iddiasında bulunur. Bunu iddia etmək
üçün sənət ruhundan məhrum olmaq lazımdır. Əvvəla Anadoluda seçki də var seçim
də. Ancaq seçim dilin özünü törətmə ilkələrinə görə düzəldilmiş. Düzəldilmişsə
bu, dil üçün bir fürsətdir. Məsələn seçim sözü ilə keçim, biçim sözlərini bir
şeir parçasında qafiyə edə bilərsiniz. Dildə sinonum sözlər nə qədər çox olsa,
bir sənət adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar.
-
Ağalar bəyin iddialarını əsassızmı sayırsınız?
-
Başqa bir iddiasında dilimizdə doğarı və batarı varkən niyə Türkiyədən doğu və
batı sözlərini almalıyıq deyə anlamsız əndişəsini dilə gətirir. Bizim dilimizdə
doğarı doğu anlamında deyildir, doğuya tərəf olan bir yerdir. Yuxarı kimi.
Yuxarı yer üzündə bir tək yer və məkan deyil. Bir çox yerdə yuxarı var. Ancaq
Doğu və Batı bir tək məkandır. Doğarı və yuxarı yer üzündə olan bir məkandır.
Doğu və batı isə yer üzündə bir məkan deyil. Dörd ana istiqaməti göstərən və
yerlə göyün qovuşduğu sanılan üfüqdə bir yerdir. Ayrıca, dilimizdə “u, i, ı, ü”
şəkilçiləri ilə düzələn doğu və batı kimi sözlər çoxdur. Bunlar varsa dilin bu
şəkildə törəmə yasalarına dayanaraq öz imkanlarını və söz dağarcığını genişlətmənin
nəyi pisdir? Dilin quralları yetərli olmadığında (ki, yetərli olmaz da) süni
yolla söz düzəldilər. Günümzdə ingilis, fransız, alman, fin dillərində minlərcə
süni yolla düzəldilmiş sözlər var. Süni yolla söz düzəldilməzsə, o zaman elm də
inkişaf etməz. Var olan dil imkanları ilə elm irəliləməz. Elmin irəliləməsi üçün
dil də gəlişməli, genişləməlidir. Düşünün məsələn uzay araclarının özəl dili
var. Xalq o dili heç anlamaz və uzmanların dilidir. Çoxu da süni yolla düzəldilmiş.
Çünkü o qədər sözü dilin ilklərinə dayanaraq düzəltmək olmaz. Yəni dildə süni
yolla söz düzəltmə normaldır.
-
Ağalar bəy iddia edir ki, bizdən heç bir söz alınmamışdır. Məsələn soyuducu
kimi sözləri ala bilərdilər.
-
Əsassız iddadır. 1938-ci ildə Dilaçarın da yardımı ilə 49 min yeni söz düzəldilərək
dilə artırıldı. Bunlardan min söz başqa türk ləhcələrindən alınmışdır. Bu min
söz üzərinə ortaq ilətişim təqribən inşa etmək mümkündür. Soyuducu sözü hansı
tarixdə düzəlmişdir? Sanıram 1960-70-ci illərdə. Yəni Azərbaycan sovet
zindanında yaşarkən. O zamana qədər bu kimi sözlər Türkiyədə öz qarşılığını düzəldərək
artıq dildə yerləşmişdi. Azərbaycanda iki söz düzəlib son 70 ildə. Soyuducu və
tozsoran. Tozsoran da yanlış söz birləşməsidir. Toz sorulmaz, somurular.
Tozsomuran olmalıdır, çünkü sormaq sual etmək deməkdir. Bəziləri deyirlər ki,
tozsovurandır. Sovurmaq içinə çəkməz, ətrafa dağıdar. Məmmədovun yazısından belə
anlaşılır ki, sanki Türk Dil Qurumunda Azərbaycandan söz almamaq üçün özəl bir
plan varmış!!! Bunlar Məmmədovun xəyal quruntularıdır. Eyni görüşü bir türkmən,
tatar, qırqız və özbək də iddia edə bilər.
-
Dilaçarın erməni olduğunu bir qüsur olaraq görürlər.
-
Kaşqarılıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar olmuşdur.
Erməni olmasının nə önəmi var? Bütün Osmanlıdan türk dilinin qanunlarını bilib
ona görə dili öz kökü üzərində böyütmək istəyən bir tək alim qalmamışdı.
Dilaçar türkcəni, ermənicəni və digər dilləri də yaxşı bilən dilçi idi.
Dilçilik bir elmdir. Bu elmlə məşğul olmaq üçün milliyət və din məsələsi söz
qonusu ola bilməz. O zaman biz türk tarixindən miras qalan Orxun yazıtlarını, Dədə
Qorqud nüsxələrini də qəbul etməməliyik. Onları yabancıları kəşf edib oxudular,
öz arxivlərində saxladılar. Türk tarixinin belə bir problemi olmuşdur. Türk heç
bir zaman kültür, dil və mədəniyyət dövlət və imperatorluqları qurmamışdır. Əslində
bütün axsaqlıqlar da buradan qaynaqlanır. İrandakı türklər də bu aşağılıq
kompleksi üzündən böyük ədəbiyyatı və tarixi mirası olan farsca qarşısında
aşağılıq kompleksi yaşayaraq könüllü asimilə olurlar. Çünkü farscanın
qarşısında türkcənin mənəvi və mədəni sərmayəsi yox dərəcəsindədir. Bəzi verilərə
görə, farscada sadəcə 40 min divan var. Yəni 40 min Füzuliləri var. Fars dilini
bilən adam istisna hallarda türkcəyə meyllənər. Bir tək fars vətəndaşı olmayan
Osmanlıda 2200 cild farsca divan və digər mətnlər yazılmışdır. Türk dilində bir
tək cild belə sistemli bir əsər miras qalmamış, olanlar da türkcə sayılmazlar,
saxta osmanlıcadır. Ancaq farsca yazılanlar təmiz farsca yazılmışdır. Yəni
Osmanlıda farsca yazılan əsərləri indi beş sinif farsca oxuyanın önünə qoysan
hamısını oxuyub anlar, ancaq saxta osmanlıcada yazılanı bir professor belə
oxuyub anlayamaz. Osmanlı türkləri qətletmə viranəsi idi. Bu xərabənin içindən
bir millət və dil çıxarmaq asan deyildi.
-
Ağalar bəy, nümunələr göstərərk türkiyəcə adında bir dil ifadəsi ortaya qoymuş.
Buna nə deyirsiniz?
-
“Qabaq, çibin, ənkə” kimi üç-dörd söz yazıb sonra “bu kimi yüzlərlə sözlərimiz
Azərbaycan dilində eyni mənada indi də işlənilməkdədirlər” kimi bir savunmanın
təməli yoxdur. Burada yüzlərcə deyil, onlarca da söz sayılmır. Saydığı sözlərin
sayı 40 belə olmaz. Ancaq ortaq söz dağarcığımızın sayı yüzminlərcədir. Daha
doğrusu Anadoludakı xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir. Bizə
lazım olan da ortaqlığı anlamaq və bunun üzərinə düşüncə ürətməkdir. Ayrıca, bu
üç söz tam olduğu kimi Anadolunun dəyişik yörələrində varlığını sürdürməkdədir.
İstanbul ləhcəsi fərqlidir, çünkü min yüz il daha öncə başqa mədəniyyətin və
imperatorluğun mərkəzi olmuşdur. Bu üzdən əski mədəniyyətin türk dilinə
İstanbulda etkisi olmuşdur. Ayrıca, türk dilinin kökənini axtarmaq üçün şumerlərə
baş vurmaq moda olmuş. Sumerlərlə türklərin əlaqəsi elmi əsaslara dayanmır. Məsələn
Vill Durant yazır ki, şumerlərdəki tək hecalı sözlərin çoxu moğolcadır. Fin
dili ilə türk dilinin də heç bir əlaqəsi olmasa da bunları bir dil ailəsinə mənsub
bilərlər. Bir-birinə bənzəyən sözlər hər dildə tapıla bilər. Səslər insanların
ağzında sözə döüşdüyü üçün əlbəttə sözlərdə bir-birinə bənzmə də olacaq. Bu
kökdaş dil olma anlamına gəlməz. Məmmədov 5000 il bundan öncəki şumerləri
buraxsın da son 1000 ildə Altun yaruqda, Füzulidə, Nəsimidə, İmrədə, Qorqudda
keçən “ulaşmaq, onarmaq, ilətmək, yıpar, tünək, yanıt ...” kimi sözləri
dilimizdə qullana bilirmi? Özünü haqlı göstərmək üçün şumerlərə sığınmağa gərək
yox ki. Şumer dili tarixdən silinib yox olmuş. Günümüzdə şumerlər üzərinə
mövcud araşdırmaların da çoxu zənnlərdən ibarətdir, bir çox şumer mətni də
yanlış və caydırılaraq oxunmuşdur.
-
Cavid haqqında söylədiklərinə ümumi olaraq nə deyə bilərsiniz?
-
Etik deyil, Cavidin acılarından sevinərcəsinə kin dolu bir yöntəm
qullanılmışdır. Bu yanaşması göstərir ki, Cavidi ya heç oxumamış, ya da oxusa
da ön yarqı və kini Cavidi anlamasına mane olmuşdur. Cavidi anlamaq üçün həm də
sənət ruhuna sahib olmaq gərəkir. Cavidin yaradıclığı və dünyagörüşünün üfüqləri
dar dil çərçivəsinə sığa bilməzdi. Şərq tarixində düşüncə və dünyagörüşü
dialektikasının örnəyinə ancaq Cavid yaradıclığında tanıq olmaqdayıq. Bu üzdən
Cavidin mətnləri incələnərkən mümkün ölçüdə ön yarqılardan və özəlliklə kəndçi
ölçüsündə kindən uzaq durmaq gərəkməkdədir. Stalini, ya da Bağırovu tənqid edərkən
sayqı sınırı aşıla bilər, çünkü onlar qatil olmuşlar. Cavid yaradıclığına
yanaşmada ədəb və etika birinci şərt olmalıdır. Varlıq, insan və düşüncə
üçbucağı ilə Cavid yaradıclığında geniş ölçüdə qarşılaşırıq. Dilimizdə və
tariximizdə bunun ikinci örnəyi yoxdur. Əttarın irfanını, Xəyyamın dəhrilik fəlsəfəsini
türk dilində bizə sənət gözəlliyi ilə bütünləşdirib açıqlayan ancaq Caviddir.
-
Cavidi müdafiə edən bir metoddan istifadə edirsiniz siz də. Daha tərəfsiz şəkildə
fikrilərinizi açıqlamırsınız sanki.
-
Yox, söz qonusu savunma deyil. Bir mütəfəkkirin düşüncəsi, dünyagörüşü və sənət
təcrübəsi haqqında heç bir tutarlı bilgi vermədən “nasıl” sözünü qullandığı
üçün onu aşağılamaq tənqid mədəniyyətinə və etikasına ziddir. Cahilcə bir
yanaşma yöntəmidir. Cavidin dünyaya, sənətə, dil məsələsinə baxdığı üfüqü kəşf
etmədən, mətnlə qarşı-qarşıya gələn araşdırmaçı öz burnunun ucunda dolaşan dar
və darısqal sahədən baxar və dar bucaqlı üfüqünə yalnızca xəyalında qurquladığı
şeylər görünər. Bu, bir mətnin və sənət əsərinin incələmə şəkli deyildir. Öz
burxuq psixoloji gərginliyinə dayanaraq bir növ intiqam almaqdır. Tam da bu
kimi yanaşma keçən əsrin 20-30-cu illərində mövcud olmuş və Süleyman Rüstəm
kimi şairlər Ağalar Məmmədovun yazdıqlarını tətbiq etmişlər. Rəsulzadə və
arxadaşları Almaniyada “Qurtuluş” adında dərgi çıxarırdılar. Orada şair Almas
İldırımın bu haqda xatirələri vardır. S. Rüstəm və digərləri İldirimin şeirindəki
türkcə sözləri çıxarıb yerinə ərəb-fars sözləri soxaraq çap edir və bu sözlər
türk kimliyini çağrıdırışdırır deyə uyarırmışlar.
-
Ağalar bəy böyük işkəncələrə məruz qalmış Cavid kimi bir şəxsiyyət haqqında nədən
belə aşağılayıcı sözlər ifadə etmişdir?
-
Məmmədovun tənqidi etik və metodik deyil, çayxana şüuruna dayanan bir yöntəmdir.
Tarixi bir fenomeni, bir sənət əsərini anlamaq üçün tarixi üfüqə sahib olmaq gərəkir.
Anlama sürəcində önümüzə çıxan ön yarqılarımızı, ancaq bu yolla qıra bilər və ədalətli,
etik və estetik anlama və anlatmaya, tənqid elminə və kültürünə sahib ola bilərik.
Bir qələm əhlinin öldürülüşündən məmnuniyyət hissi yaşamaq, məncə böyük
haqsızlıq, sayqısızlıq və kültürsüzlükdür. Tənqid elmi ilə də heç bir əlaqəsi
ola bilməz. Ön yarqıların pəncəsində düşüncə hərəkətliliyini və aydınlanma
üfüqfünü itirmiş olan bir beyin, ancaq bu şəkildə öz kininə gömülə bilər.
Cavidin repressiyada öldürülməsindən məmnuniyyət hissi keçirmənin anlama və
anlatma elmi ilə heç bir bağlantısı ola bilməz. Anlama metodunu müəyyən edən mətn
oxucusu və açıqlayıcısının niyyəti və amacıdır. Çünkü mətn oxucusu mətndən
anladığını niyyətinə görə açıqlar. Məmmədovun niyyəti ön yarqılarının və
kininin zindanına gömüldüyü üçün Cavidi anlaya biləcəyi qeyri-mümkün olaraq
görünür. Bu metodla çağlar arası, qələmlər arası, beyinlər arası və mətnlər
arası düşüncə dialoqu qurmaq mümkün olmaz.
-
Cavidi suçlamasının səbəbi osmanlıcaya meyllənməsidir. Necə yerinə, “nasıl”
kimi sözləri qullandığı üçün tənqid edir.
- “Nasıl” əruz şeir vəzni tərəfindən türk dilinə və
onun bənzəri də fars dilinə girmişdir. Bu da dil üçün bir imkandır. “Nasıl” necəliyi
ifadə etmək üçün bir imkan yaratmışdır. “Necə”nin əruzda qullanılması asan
deyil. Zahirən “necə” əruz sözü deyildir. Bu sürəc sadəcə türk dilində deyil,
fars dilində də var. Fars dilində necə anlamında qullanılan “çequne” var, bir də
ərəbcə ilə farscanın birləşməsindən nasıl kimi düzəldilmiş və nasıl anlamına gələn
“çetor” var. Fars şeir dili üçün “çetor” sözü bir imkan yaratdığı kimi “nasıl”
da türkcədə şeir yazmaq, özəlliklə əruz vəznində şeir yazmaq üçün fürsət
oluşdurmuşdur. Ayrıca, Cavid yaradıclığında həm yaxşı-iyi, necə-nasıl keçməkdədir.
Əruz vəznində nasıl keçər. Sinonim sözlərin çoxluğu sənət adamı, özəlliklə şair
üçün fürsətdir. Lakin Cavidi sırf bir “nasıl” sözünə dayanaraq dəyərləndirmək
böyük cahillikdir. Cavidi dəyərləndirmək üçün şeir sənətini bilgi olaraq bilmək
yetərli deyil, həm də yaşantı olaraq yaşamaq lazımdır.
-
“Cavid osmanlıcanın Azərbaycanda qulbeçəliyini eləyirdi, özü də baş qulbeçəliyini.“
Bunu necə dəyərləndirirsiniz?
-
Bunu sayqısızlıq və kültürsüzlük olaraq dəyərləndirirəm. Bir şəxsiyyəti və ədəbi
mətni tarixi şərtləri dışında dəyərləndirmək olmaz. Cavidin yaradıcılığının bir
dövründə tarixdə Azərbaycan adında bir məkan və ölkə olmamışdır. Qul kölə və bəçə
də çocuq deməkdir, yəni kölə çocuq. Yəni Cavid osmanlının və ya osmanlıcanın
kölə çocuğu olmuşdur. Bunu söyləmək üçün Cavid yaradıclığından xəbərsiz olmaq gərəkir.
Mərkəzi Asiyada, Anadoluda, İranda və ərəb ölkələrində son 200 ildə Cavid səviyyəsində
bir şair, dramaturq və dini düşüncələri şeirlə təfsir edən şəxsiyyət yetişməmişdir.
Bu üzdən bu kimi bir şəxsiyyət haqqında tənqid və dəyərləndirmə böyük
sorumluluq, ədəbiyyat və mətnşünaslıq haqqında geniş bilgi gərəkdirər. Yoxsa
sayqısız yanaşma ilə adam tənqidçi ola bilməz. Tənqidçilik hər şeydən öncə mərifətşünaslıqdır.
-
Cavidi bu şəkildə görməsini doğru bilmirsinizmi?
-
Bir sultanı, bir qatili dəyərləndirməklə bir sənət adamını və qələm əhlini dəyərləndirmənin
ölçüləri başqadır. Qələmə sayqılı insan dünyanın böyük dahilərindən biri olan
Cavid haqqında sayqılı danışmağı unutmamalıdır.
-
Deyir ki, Cavid “Dilinin altında zəhər tuluğu” gəzdirən “ilan balası” idi.
-
Bu sözləri çayxanalarda avaralanan və bütün həyatında bir kitabı sona qədər
doğru-dürüst oxumayan adamlardan da duya bilərsiniz. Yəni burada ədəb və tərbiyyənin
olmamasının yanı sıra bilgi də yoxdur. Adam Cavidi oxumamış. Bir insan Cavidin
sadəcə bir əsərini oxuyub anlarsa, həm öz nəfsində tərbiyyə olar, həm də
dünyaya baxışında və şəxsiyyətləri dəyərləndirməsində etika dışına çıxmaz. Bu
sözləri irançı-islamçılar Axundov haqqında deyirlər. Əslində bu şəxs istər
Osmanlıya, istər türk dilinə qarşı münasibətində şüuraltında barındırdığı iki məsələni
fərqində olmadan ifşa etməkdədir.
-
Nələrdir?
-
Birincisi bilincaltında yerləşik olan Səfəvi-İran kültür kodlarının
yazdıqlarına yansımasıdır. Osmanlıya qarşı nifrət həm İran, həm də Qafqaz şiə
türklərinin kültürndə mövcuddur. Məmmədov özünü ateist adlandırsa da, bu kültür
ortamında onun uşaqlığı və bilincaltı formalaşmışdır. Oysa Osmanlının sizə bir
zərəri toxunmamış ki. Osmanlı olmasaydı, Şaumiyan ölkədə türkcə danışan hər kəsi
qətl edəcəkdi. Bir yandan Şaumiyan qətl edirdi, digər tərəfdə xalq aşura günü
öz başını qılıclayırdı. Belə xalqın içindən Osmanlı ordusu bir ölkə və millət
çıxardı. Azərbaycan ölkəsində yaşayan əhalinin Osmanlıya bir minnət borcu var.
Osmanlını tənqid edə bilərlər. Mən də tənqid etmişəm. Lakin Azərbaycan adında
ölkənin dünyada var olmasının səbəbi Osmanlı idi. Bunu Rəsulzadə “Əsrimizin
Siyavuşu” kitabında açıqca bəyan edər. Yazır ki, Azərbaycan adında ölkəni
qurmaq üçün əsrimizin Turanı olan Osmanlıya sığındıq. O zaman Osmanlıya qarşı
bu üfunət qoxuyan nifrətin səbəbi nədir? Ruslarla bir yerdə yaşadığınızda nə qədər
söz girdi dilinizə? Osmanlı adında bir imperatorluq gəlib sizə dövlət quracaq,
cangüvənliyinizi erməni qətlinə qarşı sağlayacaq, sonra o ölkə ilə əməkdaşlıq
edənlər də qulbəçə adlanacaq! Belə cahilcə yanaşma olarmı?
-
İkinci məsələ nədir?
-
İkinci məsələ də budur ki, hər bir yazar fərqində olmadan öz psixoloji durumunu
mətnə yansıdar. Diqqət etsəniz mətn başdan sona qədər kin və aşağılama ilə
doludur. Bu da onu göstərir ki, yazar öz keçmişindən və həyat şəklindən nifrət
etməkdə, özündən intiqam almağa çalışmaqdadır. Ömrünü boş şeylərə həsr etdiyini
anlamışdır. Bu ruh halı Qərbə gələn bir çox qələm əhlində olur. Hətta Sadiq
Hidayət kimi bir çox iranlı yazar Qərbə yerləşdikdən sonra Şərqdə keçirdiyi həyatının
nə qədər anlamsız olduğunu anladı və bu anlamsızlığın basqısından özünü xilas
edə bilmədiyi üçün intihar etdi. Məmmədovun da nifrət püskürən, dəyərli
insanları aşağılaması belə bir ruh halı içində oluğunun göstəricisidir. Yəni
özünü kontrol edə bilməyərək sözlərlə saldırı. Yoxsa durub durduğu yerdə H.
Cavidi niyə aşağılamalıdır?
-
“Vaxtında repressiya edilməsəydi, dilimizi daha da zibilləyəcəkdi” deyir.
-
Bu ifadənin kültürlə, əxlaqla, ədəb və tərbiyyə ilə heç bir əlaqəsi yoxdur.
Bunu o zaman da yazdılar və Cavidin öldürülməsinə yardım etdilər. Bu ifadəni bəyan
edən adamın nə insan haqlarına sayqısı olar, nə də düşüncə azadlığına. Cavidi
öldürdükləri üçün qatilləri alqışlayır. Bu kimi yazıları 1937-ci ildə yazanlar
ödülləndirilirdilər. Anlatdığım üzrə bu kimi ifadələr düşünən bir ağlın söylədikləri
deyil, nifrət dolu bir varlığın hədyanlarıdır.
-
Ağalar bəyin Cavidi oxumadığını iddia edirsiniz?
-
Cavidin “İblis” əsərini oxusaydı, Onu Osmanlı köləsi, qulbəçəsi adlandırmazdı.
Çünkü “İblis” dram əsəri bütünüylə Osmanlının tənqidi istiqamətində
yazılmışdır. Əsərdə Osmanlı yönətiminin ağlını işğal edib qaranlığa gömən ərəb
milliyyətçiliyi açıqca ifşa edilir və hətta orada “Elxan” adında Osmanlı
qarşıtı bir surət təsvir edir və sonunda Elxan Osmanlıya aid nə törə, gələnək, Əməvi-ərəb
milliyyətçiliyi mərkəzli din anlayışı və dünyagörüşü varsa, hamısını yox edir.
Osmanlını və onun dəyərlərini bu şəkildə təsvir edən Cavidi Osmanlı köləsi
adlandırmaq sayqısızlıq və cahillik, Caviddən xəbərsizlik deyilmi?
-
Cavidi tənqid edərkən onun “Allah, sonra 124 min peyğəmbər sürüsü” kimi
görüşünü önə çıxarır...
-
Öz dayaz ön yarqılarına uyqun ifadələri Cavid mətnlərindən arayıb bulmuşdur.
124 min peyqəmbər anlayışında sevimsiz heç bir şey yox. Peyqəmbər kimdir? Bunun
dini tərəfini bir yana buraxalım. Kimsə İslam qarşıtı olduğundan bunu qəbul etməyə
bilər və bu onun haqqı. Lakin tarixdə bütün peyqəmbərlər, o cümlədən Quranda
adları keçən 24 peyqəmbərin hamısı xalq öndərləri olmuşlar. Xalq, yəni əzilən
sinif. Hz. Saleh və Hz. İsa kimi bəziləri də əziyyətlərə məruz qalıb
öldürülmüşlər. Cavid belə əzabkeş öndərləri örnək göstərməyib də qatil ərəb-fars-türk
sultanlarınımı örnək göstərməli idi? Muhəmmədi də öldürmək istərlərkən O da Mədinəyə
qaçdı. Ayrıca, Hz. Muhəmməd bir tək saldırı savaşına qatılmamış, hamısı savunma
savaşları olmuşdur. Mədinəyə qaçdı, arxasınca gəlib öldürmək istədilər, O da Mədinənin
çevrəsinə xəndək qazdırdı. Bunun adı savunma savaşıdır. Ağalar kişinin bu haqda
bilgiləri dayaz ön yarqılarına dayanmaqdadır, çünkü bölgə dillərini və ya başqa
bir yabancı dili köklü bir şəkildə bilmir, oxuduqlarını da Türkiyədə nəşr
olunmuş kitablardan əldə etmişdir, çünkü Azərbaycanda bu haqda qaynaq yox dərəcəsindədir.
Bu üzdən Cavidin şeirini ona qaxınc etmək tənqidçi kişinin öz bəsitliyinin göstərgəsidir.
-
Cavidi tənqid edərkən...
-
Təqnid deyil, təhqir edərkən.
-
Nə isə, Cavid haqqında yazarkən belə bir cümlə də qələmə almış:
Demokratiya–islamın lənətlədiyi müşriklikdir (plüralizm).
-
İslamın tək bilgi və nəzəri qaynağı Qurandır. Quranın harasında demokratiyaya
qarşı bir söz və ya uyqulama vardır? Tam tərsinə, Quran işlərin şura ilə
çözümünü irəli sürməkdədir. Şura yəni demokrasi. Ayrıca, Quranın bir neçə
yerində dində zor yoxdur deyə yazarkən, Peyqəmbərə “sən öyüd ver, öyüd verici
olaraq göndərilmişsən, zorlayıcı deyilsən” söylənməkdədir. Müşrik plüralizm
anlamında deyil, şərik qoşan anlamındadır. Plüralizmə qarşılıq ərəbcədə təəddüd
və təkəssür kimi qavramlar var.
-
Yəni deyirsiniz ki, Ağalar bəyin müşrikliyi pluralizm olaraq anlatması gerçəyə
uyqun deyilmi?
-
Bu haqda onun elmi bilgi verə biləcəyini sanmıram. Çünkü ərəbcəsi yoxdur.
Müşrikliyi plüralizm olaraq görməsi də bunu göstərməkdədir. Bu mövzunu daha
ayrıntılı şəkildə aydınlığa qovuşduralım. Quranda müşriklik və kafirlik günah və
suç sayılmaz. Hətta Quranda “Kafirlər” adında bir surə də var. Orada deyir ki,
sizin dininiz sizə, mənim dinim mənə. Yəni Qurana görə kafirlik və müşriklik də
bir din olaraq görünür və onlar da o yolda yürümə haqqına sahibdirlər, ancaq
yanlış yoldur. Quranda bir “müşrik” var, bir də “əl-müşrik”. Ağalar kişinin
bilmədiyi problem də budur və bu üzdən yarımçıq bilgiləri ilə Quran kimi (vəhy
olduğunu qəbul etməsə də) tarixi bir mətn üzərinə fikir yürütməyə çalışmışdır.
Müşrik, yəni Allaha şərik qoşan. Onlar İslamda sərbəstdirlər. Lakin əl-müşrik
başqadır. Ərəb dilində “əl” ön şəkilçisi ingilis dilindəki “the” şəkilçisi kimi
tanımlayıcı və müəyyən edici rol oynar. Yəni bir ismi və ya bir durumu qeyri-müəyyənlikdən
müəyyən duruma gətirər. Məsələn qələm və əl-qələm fərqli anlamalar ifadə edər.
Qələm, yəni kimə aid olduğu bilinməyən bir qələm, lakin əl-qələm, yəni sahibi bəlli
olan qələm. Quranda da müşriklərə qarşı heç bir saldırı yoxdur. Lakin Quran əl-müşriklərə
qarşıdır. Yəni o müşriklər ki, hədəfləri bəllidir, öz həyat işləri ilə məşğul
olmaz, təşkilatlanaraq Peyqəmbər və İslamla savaşmaq istərlər. Savaşana və səni
öldürmək istəyənə qarşı normal bir insan ağlı nə etmək istərsə, Quran da onu nəzərdə
tutmuşdur. İslamın qəbul etmədiyi təşkilatlanaraq Peyqəmbərə qarşı savaş açan əl-müşriklərdir,
öz kəndində və şəhərində Allahın birliyini qəbul etməyərək həyatını yaşayan
müşriklər deyildir. Savaş açana qarşı savaşmaqdan və savunmaqdan başqa seçənək
yoxdur və doğru olan da budur.
Hiç yorum yok:
Yorum Gönder