16 Temmuz 2013 Salı

Ədəbiyatdan siyasətə söhbət




Güntay bəy, İrandan sonra Quzey Azərbaycanda yaşayıb təhsil aldınız. Bakıdan sonra yolunuz haralardan keçdi və harda dayandınız?

Kəndimizdə ilk beş illik ibtidai sinfi bitirdikdən sonra bir çanta ilə şəhərdə təhsil üçün yola düşdüm. Bu çantamda indi torpağın altında olan böyük qardaşımın mənə aldığı bir neçə kitab da var idi. Biri Füzulinin divanı idi. O zamandan bəri mənim həyatım arxamda bir çanta kitabla mühacirətdə keçmişdir. Orta məktəbi bitirib yenə bir çanta kitabla Ərdəbildən Təbrizə getdim. Sonrasında eşitdiyimdə ki, Güney Azərbaycanın hansısa şəhər və ya kəndində ana dilində yazan biri var, əldə edə bildiyim türkcə kitabları çantama doldurub onu axtarırdım. Tanış olurdum, şeirlərini, hekayələrini oxuyaraq belələrini həvəsləndirirdim. İrandakı həyatım belə keçdi. Ancaq ağlımda bir sual var idi? Biz niyə beləyik? Ana dilimizdə məktəb yox, ana dilimizin düşüncə tarixi yox, xalqda öz ana dilində təhsilə həvəs və istək yox! Ədalətsizlik ölkədə baş alıb gedir və farscanı ləhcə ilə danışan ölkədə mədəni bir qurumda çalışa bilmir! Bu sualların cavabını axtarırdım. Bu suallar da İranda başıma dərd açıb həyatımda bəzi sıxıntılar yaratdı. Sovetlər dağıldı və Bakıya gəldim. O zaman böyük bir imperatorluğun dağılması və Soyuq Savaşın sona çatması dünyada yeni küləklər əsdirirdi. Şaşqınlıq içində idim. Bakıda ziyalılarla yaxından tanış olub danışırdım, indi onların çoxu rəhmətə getmiş. Təhsil alarkən gördüm ki, universitetə gedib gəlməklə suallarıma cavab tapa bilməyəcəyəm. Önümə bir hədəf qoydum ki, Axundovdan sonrakı ədəbi gəlişmələri diqqətlə oxumalıyam. Axundovdan o üzəyə ehtiyac yox idi, çünkü çoxunu oxumuşdum. Ayrıca, dünya ədəbiyatını da oxumağa çalışırdım. Bakıdakı həyatım çox sıxıntılı oldu. Bu sıxıntılar haqqında “Yüz il Bakının küçələrində” adlı romanımda söz açmışam. 1900-ci ildən başlayaraq 2000-ci ilə qədər Güneydən Bakıya mühacir axını başlamışdır. Bu haqda bir roman bitirmək üzərəyəm. Bakıdan da bir çanta kitabla Ankaraya yola düşdüm. Ankarada təhsilimi davam etdirdim. Ankara həyatım düşüncə dünyamı çox dərindən etkilədi. Çünkü Türkiyə daha böyük ölkə. Orada bilgilənmək üçün daha geniş imkanlar var. Dünya fəlsəfəsi, tarix kitabları, ədəbiyatı və sosial bilimləri türk dilinə daha çox tərcümə edilmiş. Ayrıca, Türkiyənin öz aydınları da son 100 ildə böyük işlər görmüşlər. Ankaradan da təkrar bir çanta kitabımla Finlandiyaya gəldim. Avropa həyatı da duyğu və düşüncələrimi çox təsirləndirdi. Finlandiyadakı ədalət, inkişaf, nizam-intizam məni heyrətləndirirdi. İki il demək olar ki, bu qədər inkişafın qarşısında heyrətdən çıxa bilmədim. Fin dili kurslarında bizə çox şeylər öyrətdilər. Fin tarixini, ədəbiiyatını oxudum. Bunlar da istər-istəməz dünyagörüşümü dərindən etkiləyirdi. Bu ədalətli və düzənli ölkə mənə çox şey qazandırdı, bu üzdən də fin dövlətinə, fin millətinə çox minnətdaram və Finlandiyanı, fin xalqını çox sevirəm. Finlandiyanın mənə bağışladığı ən önəmli şey güvənli bir həyat oldu. Demək olar ki, Finlandiyada dayandım. Burada bir evim oldu. Bir insan üçün hər şeydən öncə bir evdir və maddi güvən. Bunlar olmazsa, heç bir şey də ortaya çıxmaz. Bütün köklü yaradıcılığım bu ölkəyə yerləşdikdən sonra başladı. Buna görə də Finlandiya yolunda hər fədakarlığa hazıram. Bu çalışqan, nəcib, başqa millətlərin mühacirlərinə qucaq açan bu xalqa və bu ölkəyə minnətdaram.

Siz bir ədəbiyyat adamısınız, həm də mühacir bir ömür yaşamaqdasınız. Mühacirliyinin yaradıcılığınıza nə qədər təsiri olur, mənfi, yaxud müsbət.

Bir ədəbiyatçı, bir düşüncə adamı üçün mühacirət çox önəmlidir. Tarixə baxdığımızda böyük mədəniyyətlər də mühacirətin nəticəsi kimi meydana gəlmişdir. Tarixçilər Sumer mədəniyyətini Orta Asiyadan Mesopotamiyaya gələn küçlərin və mühacir həyatın nəticəsi kimi görürlər. Böyük Fransa inqilabının Volter kimi ideoloqları da mühacirətdə yetişdilər, yazıb yaratdılar. Bir ölkənin tarixini dəyişdirmək üçün o ölkəyə qlobal düşüncələri daşımaq laızmdır. Bu da ancaq və əsasən mühacirətlə mümkündür. Osmanlıda da aydınlar Avropada yetişdilər. Hətta bizim öz milli həyatımızda da belə olmuşdur. Əhməd Ağaoğlu kimi ziyalılarımız Fransada, Y. V. Çəmənzəminli Rusiyada, Hüseyn Cavid İstanbulda yetişdi. İnsanın fərdi həyatında da belədir. Ümumiyətlə millətlərin tarixindəki hər bir oyanış öncə psixoloji sahədə, yəni fərdi olaraq baş qaldırar, sonra sosioloji sahəyə, yəni cəmiyətin içinə daşınar. Mühacirət insanın dünyagörüşünü, duyğularını, davranışlarını təməldən dəyişdirir, fərqləndirir. İnsan qarşılaşdıqları yenilikləri, fərqlilikləlri istər-istəməz öz ağlının mühakiməsinə verir. Finlandiya kimi kiçik bir ölkə necə oldu ki, ədəbiyyat və elm sahəsində 60 il içində üç dəfə Nobel ödülü aldı? Böyüklük demək ki, heç də fiziki bir anlam daşımır. Millətlərin gövdə olaraq kiçildikləri və ruh olaraq böyüdükləri dönəmlər olmuşdur. Örnək üçün Finlandiyanı göstərmək olar. Böyük Çində zülm, diktatorluq, ədalətsizlik, edam, işkəncə var. Ya da ərazi və nüfus baxımımdan Filandiyadan on dəfə böyük olan İran tam bir cəhənnəmdir, dini fanatizm və şiə fundamentalizmi insanların şüurunu qaranlığa gömməkdədir. Kiçik Finlandiyada sosial ədalət, bərabərlik, demokratiya, qadın, çocuq, insan, heyvan və çevrə haqları var. Bunlar mənim mənəvi dünyamı çox etkilədi və istər-istəməz yaradıcılığıma öz təsirini buraxdı. Mən keçmişdə möhtəşəm bir tariximizin olduğuna inanmıram. Olmuşsa, hara yox oldu bəs? Çünkü mədəniyyət və aydınlıq heç vaxt tarixdən silinməz. Bunlar xalqı aldatmaq üçün uydurulmuş yalan və əfsanədir. Əvvəldən də Şərq despotizmin məkanı olmuş. Bizim gənclər tarixin qaranlığına fərar etmək yerinə, aydın gələcəyə doğru öz düşüncələrini yönəltməlidirlər. Şərq insanı ilə Qərb insanını fərqləndirən bir önəmli məsələ var. Şərq insanı yalançı və uyduruq keçmişin nostalgiyası ilə duyğulanıb durar, Qərb insanı isə gələcəkdə nə olacağının həyəcanını yaşar. Bu da Qərbdə renesansdan bəri, yəni XVI əsrdən bəri davam edir. Bu, artıq sosial psixologiyaya dönüşmüşdür. XVI əsrdə renesans, XVII əsrdə rasionalizm, XVIII əsrdə intellektualizm (aydınlanma), XIX əsrdə siyantizm (elmiçilik), XX əsrdə teknoloji  inqilabları düşüncələri aydınlatmış və xalqları yaradan, istehsal edən səviyəyə gətirmişdir. Bu düşüncə inqilablarının heç birisi bizdə olmamışdır. O üzdən də bizim ədəbiyatımız modern insan psixologiyasını, ehtiyac və gərginliklərini anladacaq səviyədə deyildir. Çünkü modern insan bizim sosial gerçəkliyimizdə və tariximizdə yoxdur. Fəlsəfi düşüncə inkişaf etmədən ədəbiyyat öz dərinliklərinə vara bilməz. Şərqdə də fəlsəfə deyə bir şey olmamış. Bəzi fəlsəfi şərhlər olmuş sadəcə.    

Böyük və bir vaxtlar bütöv Azərbaycanın şahı və şairi Şah İsmayıla qarşı sizdə deyəsən bir başqa bucaqdan yanaşma var. Bununla dəyərlərimizi özümüz dəyərsizləşdirmirikmi? Eləcə də babək Xürrmdinlə bağlı...

Mən tariximizə fərqli bir baxış bucağı gətirdim. Dedim ki, bir də bu bucaqdan baxmağın zərəri yoxdur. Şah İsmayılla bağlı çox oxudum, hətta ona aid olduğu söylənən şeirlərin çoxunu əzbər bilirəm. Mən özüm İsmayıl haqda çox bir şey yazmadım. Tarix kitablarındakı bilgilərdən yararlandım. Məni heyrətləndirən bu idi ki, nədən Şah ismayıl haqqında yazılan tarix bilgilərini Azərbaycanda bir tərəfli əks etdirmişlər. Məsələn əgər tarix kitablarında Şah ismayılın və onun qızılbaş ordusunun adam əti yedikləri yazılmışsa, buna niyə işarə etməmişlər. Vicdanlı bir tarixçi bütün qaynaqları əks etdirməlidir, indi kim inanar, kim inanmaz, o başqa məsələdir. Onlarca tarix kitabları Səfəvilərin kannibal olduğunu yazmış. Bunu mən özümdən çıxarmıram ki. Özümdən çıxarsam biabır olaram. Qaynaqsız iddiamı olar? Qaynaqsız yazsaydım, dünya tarixçiləri, ölkəmizdəki tarixlə ilgilənənlər ifşa edərdilər bu yalanı. Demək Səfəvilərin kannibal olduqlarını mən uydurmamışam, tarixi bir gerçəklikdir. Səfəvi qaynaqları, Səfəvi katibləri özləri yazmış. Hətta Azərbaycanda dilimizə Milli Elmlər Akademiyasi tərəfindən tərcümə edilmiş Səfəvi qaynaqlarında da yazılmışdır. O zaman nədən bu bilgini xalqdan gizlətmişlər? Tarixi dəyişdirə bilməmək onu mühakimə etməmək anlamında deyildir. Zatən Avropa ilk öncə öz tarixini mühakimə edərək aydınlanma hərəkətinə başladı. Bu necə tarixdir ki, onun toxunulmazlıq haqqı var? Toxunulmazlıq statusuna sahib olan dəyərlər bizim indiki zamanımızı işğal edir və inkişafın qabağını alır. Şah İsmayıl adlı bir büt düzəldilmiş sovet zamanında. İslam da bütpərəstliyə qarşı olan bir dindir. Bu bütlər dağılmazsa, bizim xalqımız daha öncə dediyim kimi yalançı və kökü olmayan keçmişin saxta qürur duyğusuyla məşğul olaraq inkişaf etməyəcək. İnkişaf mühakimə etməyi başaran və tarixi sorqulayan ağıllı xalqlara məxsusdur. Bizdə tarixçilik ənənəsi yoxdur. Çünkü tarix elmi və fəlsəfəsi yoxdur. Adamlar elə bilir ki, tarix, yəni oradan-buradan bir qəhrəman tapıb ona tapınmaqdır. Bunlar hamısı əfsanədir. Tarixdə dialektik amilləri axtarmaq lazımdır. Nədən belə oldu? Olmanın səbəbi nə idi. Nəticəsi nə oldu? Səbəb-nəticə arasında hansı bağlantılar var? Bu suallara tarixçi cavab verərək oxucunun ağlını hərəkətə keçirməli və tarixiləşdirməlidir, yoxsa Şah İsmayıl gəldi və Bütöv Azərbaycan qurdu kimi, bir yalan və iftira ilə xalqın düşüncəsini qaranlığa gömmüş olaruq. Şah İsmayıl elə bir iş görmüşsə, o zaman hara getdi o Bütöv Azərbaycan? Hanı onun tarixi, ədəbi, siyasi qaynaqları? Nədən arxivlərdə heç bir şey yox və arxivlər göstərir ki, sovetin uydurduğu Şah İsmayılın qurduğu Azərbaycan iftira və yalandır. Tarix kitabları göstərir ki, Şah İsmayıl İran-fars dövlətinin qurucusu olmuşdur. İndiki rejimin Rəfsəncani kimi böyük ideoloqları da açıqca etiraf edərək dedilər ki, biz Səfəvilərin varisləriyik. Səfəvilərdən sonra bütün türk dilində yazılan kitablar Şah İsmayılın özü tərəfindən yandırıldı. Bunları qaynaqları ilə göstərmişəm. Səfəvilərdən sonra kimsə bir tək türkcə ədəbi nümunə göstərə bilməz. Yoxdur. Dədə Qorqud, Füzuli, Kişvəri, Yunis İmrə, Həbibi kimi klasik ədəbiyyat tariximizdə nə varsa, hamısı istisnasız olaraq Səfəvi öncəsinə aiddir. Mən bunları qaynaqlarla isbat etdim. Nitşe xristian dünyasında inkişafı əngəlləyən saxta tanrı anlayışını ortadan qaldırarq dedi: “Allah öldü, artıq önünüzdə heç bir əngəl yoxdur, irəliyə doğru gedə bilərsiniz.” Mən də xalqımızın düşüncəsini işğal etmiş Şah İsmayıl yalanını ortadan qaldıraraq dedim ki, Şah İsmayıl adında qəhrəman yoxdur, ədəbiyatımızı yandıran, ölkəmizi işğal edən fars milliyətçiliyi mərkəzli sapıq dini cərəyanın lideri olmuş. Bu əngəli ortadan qaldırdım, artıq irəliyə doğru gedə bilərsiniz. Bizim xalqımız gələcəkdə mənim necə böyük iş görüdüyümü anlayacaq. Çünkü yalan hər zaman sıxıntı yaradar, ancaq həqiqət çətinliklə qəbul edilsə də, gec-tez böyük aydınlığa və inkişafa səbəb olar. Modernizm də budur. Modernizm və çağdaşlıq olaraq bayrağımızda görünən rəmz indiki zamanda yaşaya bilmə sənətini göstərər. Modernizm keçmişin bataqlıqlarına və qaranlığına saplanmaq deyildir. Tarixi yarqılamaq və doğruları ortaya çıxarmaq da modernliyin bir özəlliyidir. Modernlik əski ilə indiki zamanın müzakirə və mücadilə dialektikasıdır. Keçmişi olduğu kimi qəbul etmək modernliyə ziddir. Babək Xürrəmdinlə bağlı mən böyük öndərimiz Rəsulzadənin araşdırmalarına davam etdim. Babək Xürrəmdin imperatorluğa qarşı savaşan bir sərkərdə olmuş, ancaq o, türk olmamışdır. Çünkü babəkilikdə möcvud olan mifik dünyagörüşü, məzhəb anlayışı, savaş metodları, qalaya sığınmaları türk həyat və savaş tərzi ilə uyqun deyil. Türklər qalaya sığınıb savunmaçı yöntəmlə savaşmamışlar, türklər axınçı şəklində savaşmışlar. Xürrəmiliklə Sasani kültürü arasında böyük irtibatlar var.

İranla hər hansı bir əlaqəniz  varmı, bu əsərləri, kitabları yazmaqda hər hansı bir tərəfdən sifariş gəlməyib ki, yaxud bu elə bir sosial sifariş, qəlb məsələsi idi.

İranda və Azərbaycan 20 kitabım çap olmuş. Bunları öz vicdanımın sezgilərinə dayanaraq yazmışam. Kimsənin, ya da hansısa bir qurumun sifarişi ilə yazılmamışdır. Vicdan sezgilərinə və hayqırışlarına dayanmayan bir əsərin etkisi olmaz, ola bilməz. Mən xalqımızın aydınlanmasını istəyirəm. Aydınlanmaq üçün də aydınların sezgiləri çox önəmlidir. Qurani-Kərimdə buyurulur ki, “Bir xalq özü istəməzsə, Allah o xalqın nəfsini dəyişdirməz.” Xalqın nəfsini təşkil edən o xalqın ziyalılarıdır. Hər xalqda azlıqda olan bir ziyalı qrup düşünər və qalan çoxluq da o azlığın düşündüklərini düşünər. Ziyalısı dəyişib gəlişməyən bir xalq əlbəttə inkişaf edə bilməz. Mənim “Səfəvilər” kitabım çap olandan sonra Azərbaycanda, Türkiyədə, İranda böyük hərəkətlilik yaratdı. İstər tənqid edən, istərsə təqdir edən dəstələr ortaya çıxdı. Düşüncə rahat həyatın nəticəsi deyil, narahat həyatın, narahat duyğu və görüşlərin nəticəsidir. Yalan rahatlıq yaradar və hərəkətsizlik. Həqiqət isə hərəkət və iztirab yaradar. Çünkü həqiqət işıqdır və adamın ağlını hərəkətləndirər. Səfəvilər haqqında Azərbaycanda yazılan ədəbiyyat xalqda şübhə yaratmır, sadəcə bir yalana inanmağı təlqin edirdi. Şübhə isə təkamülün və tərəqqinin hərəkətverici qüvvəsidir. Hüseyn cavidin dili ilə söylərsək,
“Şübhə artarsa, həm yəqin artar,
Mərifət nuru şübhədən parlar.
Şübhədir hər həqiqətin atası,
Şübhədir əhli-hikmətin babası.”
Demək ki, yalanın uydurduğu bu saxta rahatlığa narahat edici bir şübhə lazım idi. Bu yalan qatları qaranlığın üzərinə həqiqət işığı tutulmalı idi. Çünkü bu qaranlıqda xalqımızın tarixi şüuru həbs edilmişdi və biri ortaya çıxıb bu həbsxananı dağıtmalı idi. Düşüncə həyatımdakı gəlişmələrə görə yazıb yaradıram, heç bir sifariş filan yoxdur. Hələ daha böyük təlatüm yaradacaq kitablarım bu aylarda çap olacaq. Əminəm ki, “Tarixin pərdə arxası” kitabım daha çox elmi və əqli mübahisələrə yol açacaq. Xalq yalanların bağrında xəbərsizcə uyumamalıdır. Necə olur ki, keçmişdə elə mənəvi böyüklük varmış, ancaq günümüzdə xalq yenə də sinə vuru, zəncir vuru və seyyidə, mollaya nəzir verir! Bizi bu cəhalətə soxan Səfəviləri ululaşdırmaq xalqın mədəniləşməsinin önünü kəsmək deməkdir. İranla əlaqələrim çox genişdir. İnternet sərhədləri ortadan qaldırmış. Yazdıqlarım İranda çox oxunur. Kitablarım ən çox İranda oxunur. Mən bütün kitablarımı həm latın, həm də ərəb əlifbasında yayıram. Ona görə də İranda da endirib oxuyurlar. Aldığım məktublara, netdən endirmələrə görə, İranda ən az üç min nəfər oxucum var. Gələcəyin milli kadrları da düşünürəm ki, bu üç min gənc arasından çıxacaqdır. “Səfəvilər” kitabım İranda ən çox oxunan kitablar arasındadır.


Vətən xaricdən necə görünür, yaxud görünürmü, görə bilirsizmi?

Vətən, sadəcə bir qalabalığın bir yerdə yaşadığı məkan deyildir. Bu məkan qlobal dəyərlərin ürəticisi olmalıdır. Belə olmazsa, onun vətən olmasının anlamı qalmaz. Dəyərlər anlamında vətən, sürəkli inkişaf edən məkan deməkdir. Bu baxımdan mən vətənimizin insanlarının fikrən və dünyagörüşü olaraq inkişaf etmələri üçün bir işlər görməyə çalışıram. Vətən də bu çalışmaların mərkəz nöqtəsidir. Gerçək vətən insanın ana dilidir. Çünkü haraya getsək onu özümüzlə aparırıq. Sözün tam anlamı ilə mənim əsla və heç bir şəkildə, hətta yuxularımda belə ayrılmadığım vətənim türk dilidir. Mənəviyat məkanım da oradır. Mənim üçün vətən Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin dəyərlər dünyasıdır. Seyyiddən, molladan, pirdən, məzardan imdad diləyən zehniyyətlə özümü vətəndaş saymıram. Azərbaycan müstəqil bir ölkə olmuş. Gələcəkdə demokratiyası, insan haqları və ədalətli gəlir dağılımı ilə Şərq despotizmindən ayrıla bilər. İranın Azərbaycanda törətdiyi təxribat ölkəmizin ümumi vitrininə zərər verir. Zəncir və sinə vuran, İslam kimi böyük bir dini ağlaşma ilə sınırlayan əhalini gördüyümdə utanıram doğrusu. Bu zehniyyət heç bir zaman bayrağımızda xülasə edilən türkləşməyi, İslamı və çağdaşlığı anlaya bilməz. Biz İslamiyətin mənəvi dəyərləri üzərində modern dünyanın bir parçası ola bilərik. Ancaq hansı İslam? İslamın tək qaynağı var, o da Qurandır. İslamın bilgi və teoriya kitabı Quran və praktikası da Hz. Məhəmmədin həyatıdır. Qalan nə varsa təfərrüatdır. İslamda məsum və müqəddəs deyə bir şey yoxdur. Bunlar ancaq və ancaq Allaha xas olan anlayışlardır. Məsumluq xurafələrini inancımızdan çıxarıb İslamın özünə dayanmalıyıq. Belə olarsa ölkəmiz maleziya kimi, dünyanın hər tərəfindən görünər.

İrandakı hakimiyyət dəyişikliyi təfəkkürün dəyişməsində, qonşu Azərbaycana və mühacir həyatı sürən yüzlərlə vətəndaşına münasibətdə dəyişikliyi əks etdirə biləcəkmi?

Öncə bunu bilməmiz lazımdır ki, İranda İslam inqilabı olmamışdır. İnqilabın teoriyası və bilgi kitabları olmalıdır. İranda şiə çevrilişi olmuşdur. Çünkü bəşər tarixində bir dəfə İslam inqilabı olmuşdur. Bu inqilabın rəhbəri Məhəmməd və kitabı da Qurandır. İranda bu rejimdən öncə insanlar daha çox dindar idi. Şiə çevrilişi dinə ən böyük zərbəni vurdu. Dünyanın indi ən dinsiz və inancsız ölkəsi İrandır. Bütün aydınları ya edam etdilər, ya da sürgünə göndərdilər. İndi İranda yaşayan xalqlar Türkiyə və Azərbaycan modeli sekulyar bir rejimdən yanadırlar. Bu yolda, özəlliklə fars aydınları bir çox kitablar yazmışlar. İranda bu zülm və diktatorluq əbədiyyən davam edə bilməz. Bu rejim çökəcək, ancaq çökdüyündə ölkə içində böyük problemlər yaşanacaq. Suriyə kimi olacaq. Məzhəblər savaşı, etnik savaşlar baş qaldıracaq. Ölkəni bir arada tutmaq mümkün olmayacaq. Xomeyni rejimi xalqlar və məzhəblər arasında elə nifrət və kin əkdi ki, bunun cəzasını İran vətəndaşları uzun zaman çəkəcəklər. Bu rejimin İslamla əlaqəsi yoxdur, çünkü İslamda molla deyə bir sinif yoxdur. Bu rejim elə təqlin edir ki, sanki Allah İslamı molla-feodal, molla-kapitalist sinfinin mutluluğu, daha çox zənginləşib harınlaşmaları üçün göndərmişdir. Bu zehniyət uzun sürə bilməz. Bu rejimin çökməsi və şiə despotizminin tarixə gömülməsi bölgə ölkələrini etkiləyəcək. Azərbaycanda İran dəstəkli dini fundamentalizm çökəcək, İranın dəstəklədiyi qlobal teror təşkilatları həm maddi qaynaq olaraq, həm də ideoloji baxımdan çökəcəklər. Bir sözlə İrandakı şiə despotizminin çökməsi ölkə içində bir çox problemlər yaratsa da, dünya sülhünə yardım edəcək. Ancaq regionda bəzi problemlər də yaradacaq. Çünkü heç bir çöküş sancısız olmur.
Müsahibəni apardı: Tural Balabəyli