Güntay bəy, İrandan sonra Quzey Azərbaycanda yaşayıb
təhsil aldınız. Bakıdan sonra yolunuz haralardan keçdi və harda dayandınız?
Kəndimizdə ilk beş illik ibtidai sinfi bitirdikdən
sonra bir çanta ilə şəhərdə təhsil üçün yola düşdüm. Bu çantamda indi torpağın
altında olan böyük qardaşımın mənə aldığı bir neçə kitab da var idi. Biri
Füzulinin divanı idi. O zamandan bəri mənim həyatım arxamda bir çanta kitabla
mühacirətdə keçmişdir. Orta məktəbi bitirib yenə bir çanta kitabla Ərdəbildən
Təbrizə getdim. Sonrasında eşitdiyimdə ki, Güney Azərbaycanın hansısa şəhər və
ya kəndində ana dilində yazan biri var, əldə edə bildiyim türkcə kitabları
çantama doldurub onu axtarırdım. Tanış olurdum, şeirlərini, hekayələrini
oxuyaraq belələrini həvəsləndirirdim. İrandakı həyatım belə keçdi. Ancaq
ağlımda bir sual var idi? Biz niyə beləyik? Ana dilimizdə məktəb yox, ana
dilimizin düşüncə tarixi yox, xalqda öz ana dilində təhsilə həvəs və istək yox!
Ədalətsizlik ölkədə baş alıb gedir və farscanı ləhcə ilə danışan ölkədə mədəni bir
qurumda çalışa bilmir! Bu sualların cavabını axtarırdım. Bu suallar da İranda
başıma dərd açıb həyatımda bəzi sıxıntılar yaratdı. Sovetlər dağıldı və Bakıya
gəldim. O zaman böyük bir imperatorluğun dağılması və Soyuq Savaşın sona
çatması dünyada yeni küləklər əsdirirdi. Şaşqınlıq içində idim. Bakıda
ziyalılarla yaxından tanış olub danışırdım, indi onların çoxu rəhmətə getmiş.
Təhsil alarkən gördüm ki, universitetə gedib gəlməklə suallarıma cavab tapa
bilməyəcəyəm. Önümə bir hədəf qoydum ki, Axundovdan sonrakı ədəbi gəlişmələri
diqqətlə oxumalıyam. Axundovdan o üzəyə ehtiyac yox idi, çünkü çoxunu
oxumuşdum. Ayrıca, dünya ədəbiyatını da oxumağa çalışırdım. Bakıdakı həyatım
çox sıxıntılı oldu. Bu sıxıntılar haqqında “Yüz il Bakının küçələrində” adlı
romanımda söz açmışam. 1900-ci ildən başlayaraq 2000-ci ilə qədər Güneydən
Bakıya mühacir axını başlamışdır. Bu haqda bir roman bitirmək üzərəyəm. Bakıdan
da bir çanta kitabla Ankaraya yola düşdüm. Ankarada təhsilimi davam etdirdim.
Ankara həyatım düşüncə dünyamı çox dərindən etkilədi. Çünkü Türkiyə daha böyük
ölkə. Orada bilgilənmək üçün daha geniş imkanlar var. Dünya fəlsəfəsi, tarix
kitabları, ədəbiyatı və sosial bilimləri türk dilinə daha çox tərcümə edilmiş.
Ayrıca, Türkiyənin öz aydınları da son 100 ildə böyük işlər görmüşlər. Ankaradan
da təkrar bir çanta kitabımla Finlandiyaya gəldim. Avropa həyatı da duyğu və
düşüncələrimi çox təsirləndirdi. Finlandiyadakı ədalət, inkişaf, nizam-intizam
məni heyrətləndirirdi. İki il demək olar ki, bu qədər inkişafın qarşısında
heyrətdən çıxa bilmədim. Fin dili kurslarında bizə çox şeylər öyrətdilər. Fin
tarixini, ədəbiiyatını oxudum. Bunlar da istər-istəməz dünyagörüşümü dərindən
etkiləyirdi. Bu ədalətli və düzənli ölkə mənə çox şey qazandırdı, bu üzdən də
fin dövlətinə, fin millətinə çox minnətdaram və Finlandiyanı, fin xalqını çox
sevirəm. Finlandiyanın mənə bağışladığı ən önəmli şey güvənli bir həyat oldu. Demək
olar ki, Finlandiyada dayandım. Burada bir evim oldu. Bir insan üçün hər şeydən
öncə bir evdir və maddi güvən. Bunlar olmazsa, heç bir şey də ortaya çıxmaz. Bütün
köklü yaradıcılığım bu ölkəyə yerləşdikdən sonra başladı. Buna görə də
Finlandiya yolunda hər fədakarlığa hazıram. Bu çalışqan, nəcib, başqa
millətlərin mühacirlərinə qucaq açan bu xalqa və bu ölkəyə minnətdaram.
Siz bir ədəbiyyat adamısınız, həm də mühacir bir ömür
yaşamaqdasınız. Mühacirliyinin yaradıcılığınıza nə qədər təsiri olur, mənfi,
yaxud müsbət.
Bir ədəbiyatçı, bir düşüncə adamı üçün mühacirət çox
önəmlidir. Tarixə baxdığımızda böyük mədəniyyətlər də mühacirətin nəticəsi kimi
meydana gəlmişdir. Tarixçilər Sumer mədəniyyətini Orta Asiyadan Mesopotamiyaya
gələn küçlərin və mühacir həyatın nəticəsi kimi görürlər. Böyük Fransa
inqilabının Volter kimi ideoloqları da mühacirətdə yetişdilər, yazıb yaratdılar.
Bir ölkənin tarixini dəyişdirmək üçün o ölkəyə qlobal düşüncələri daşımaq
laızmdır. Bu da ancaq və əsasən mühacirətlə mümkündür. Osmanlıda da aydınlar
Avropada yetişdilər. Hətta bizim öz milli həyatımızda da belə olmuşdur. Əhməd
Ağaoğlu kimi ziyalılarımız Fransada, Y. V. Çəmənzəminli Rusiyada, Hüseyn Cavid
İstanbulda yetişdi. İnsanın fərdi həyatında da belədir. Ümumiyətlə millətlərin
tarixindəki hər bir oyanış öncə psixoloji sahədə, yəni fərdi olaraq baş qaldırar,
sonra sosioloji sahəyə, yəni cəmiyətin içinə daşınar. Mühacirət insanın
dünyagörüşünü, duyğularını, davranışlarını təməldən dəyişdirir, fərqləndirir. İnsan
qarşılaşdıqları yenilikləri, fərqlilikləlri istər-istəməz öz ağlının
mühakiməsinə verir. Finlandiya kimi kiçik bir ölkə necə oldu ki, ədəbiyyat və
elm sahəsində 60 il içində üç dəfə Nobel ödülü aldı? Böyüklük demək ki, heç də
fiziki bir anlam daşımır. Millətlərin gövdə olaraq kiçildikləri və ruh olaraq
böyüdükləri dönəmlər olmuşdur. Örnək üçün Finlandiyanı göstərmək olar. Böyük
Çində zülm, diktatorluq, ədalətsizlik, edam, işkəncə var. Ya da ərazi və nüfus
baxımımdan Filandiyadan on dəfə böyük olan İran tam bir cəhənnəmdir, dini
fanatizm və şiə fundamentalizmi insanların şüurunu qaranlığa gömməkdədir. Kiçik
Finlandiyada sosial ədalət, bərabərlik, demokratiya, qadın, çocuq, insan,
heyvan və çevrə haqları var. Bunlar mənim mənəvi dünyamı çox etkilədi və
istər-istəməz yaradıcılığıma öz təsirini buraxdı. Mən keçmişdə möhtəşəm bir
tariximizin olduğuna inanmıram. Olmuşsa, hara yox oldu bəs? Çünkü mədəniyyət və
aydınlıq heç vaxt tarixdən silinməz. Bunlar xalqı aldatmaq üçün uydurulmuş
yalan və əfsanədir. Əvvəldən də Şərq despotizmin məkanı olmuş. Bizim gənclər
tarixin qaranlığına fərar etmək yerinə, aydın gələcəyə doğru öz düşüncələrini
yönəltməlidirlər. Şərq insanı ilə Qərb insanını fərqləndirən bir önəmli məsələ
var. Şərq insanı yalançı və uyduruq keçmişin nostalgiyası ilə duyğulanıb durar,
Qərb insanı isə gələcəkdə nə olacağının həyəcanını yaşar. Bu da Qərbdə
renesansdan bəri, yəni XVI əsrdən bəri davam edir. Bu, artıq sosial
psixologiyaya dönüşmüşdür. XVI əsrdə renesans, XVII əsrdə rasionalizm, XVIII
əsrdə intellektualizm (aydınlanma), XIX əsrdə siyantizm (elmiçilik), XX əsrdə
teknoloji inqilabları düşüncələri
aydınlatmış və xalqları yaradan, istehsal edən səviyəyə gətirmişdir. Bu düşüncə
inqilablarının heç birisi bizdə olmamışdır. O üzdən də bizim ədəbiyatımız
modern insan psixologiyasını, ehtiyac və gərginliklərini anladacaq səviyədə
deyildir. Çünkü modern insan bizim sosial gerçəkliyimizdə və tariximizdə yoxdur.
Fəlsəfi düşüncə inkişaf etmədən ədəbiyyat öz dərinliklərinə vara bilməz. Şərqdə
də fəlsəfə deyə bir şey olmamış. Bəzi fəlsəfi şərhlər olmuş sadəcə.
Böyük və bir vaxtlar bütöv Azərbaycanın şahı və şairi
Şah İsmayıla qarşı sizdə deyəsən bir başqa bucaqdan yanaşma var. Bununla
dəyərlərimizi özümüz dəyərsizləşdirmirikmi? Eləcə də babək Xürrmdinlə bağlı...
Mən tariximizə fərqli bir baxış bucağı gətirdim. Dedim
ki, bir də bu bucaqdan baxmağın zərəri yoxdur. Şah İsmayılla bağlı çox oxudum,
hətta ona aid olduğu söylənən şeirlərin çoxunu əzbər bilirəm. Mən özüm İsmayıl
haqda çox bir şey yazmadım. Tarix kitablarındakı bilgilərdən yararlandım. Məni
heyrətləndirən bu idi ki, nədən Şah ismayıl haqqında yazılan tarix bilgilərini
Azərbaycanda bir tərəfli əks etdirmişlər. Məsələn əgər tarix kitablarında Şah
ismayılın və onun qızılbaş ordusunun adam əti yedikləri yazılmışsa, buna niyə
işarə etməmişlər. Vicdanlı bir tarixçi bütün qaynaqları əks etdirməlidir, indi
kim inanar, kim inanmaz, o başqa məsələdir. Onlarca tarix kitabları Səfəvilərin
kannibal olduğunu yazmış. Bunu mən özümdən çıxarmıram ki. Özümdən çıxarsam
biabır olaram. Qaynaqsız iddiamı olar? Qaynaqsız yazsaydım, dünya tarixçiləri,
ölkəmizdəki tarixlə ilgilənənlər ifşa edərdilər bu yalanı. Demək Səfəvilərin
kannibal olduqlarını mən uydurmamışam, tarixi bir gerçəklikdir. Səfəvi
qaynaqları, Səfəvi katibləri özləri yazmış. Hətta Azərbaycanda dilimizə Milli
Elmlər Akademiyasi tərəfindən tərcümə edilmiş Səfəvi qaynaqlarında da
yazılmışdır. O zaman nədən bu bilgini xalqdan gizlətmişlər? Tarixi dəyişdirə
bilməmək onu mühakimə etməmək anlamında deyildir. Zatən Avropa ilk öncə öz
tarixini mühakimə edərək aydınlanma hərəkətinə başladı. Bu necə tarixdir ki,
onun toxunulmazlıq haqqı var? Toxunulmazlıq statusuna sahib olan dəyərlər bizim
indiki zamanımızı işğal edir və inkişafın qabağını alır. Şah İsmayıl adlı bir
büt düzəldilmiş sovet zamanında. İslam da bütpərəstliyə qarşı olan bir dindir.
Bu bütlər dağılmazsa, bizim xalqımız daha öncə dediyim kimi yalançı və kökü olmayan
keçmişin saxta qürur duyğusuyla məşğul olaraq inkişaf etməyəcək. İnkişaf
mühakimə etməyi başaran və tarixi sorqulayan ağıllı xalqlara məxsusdur. Bizdə
tarixçilik ənənəsi yoxdur. Çünkü tarix elmi və fəlsəfəsi yoxdur. Adamlar elə
bilir ki, tarix, yəni oradan-buradan bir qəhrəman tapıb ona tapınmaqdır. Bunlar
hamısı əfsanədir. Tarixdə dialektik amilləri axtarmaq lazımdır. Nədən belə
oldu? Olmanın səbəbi nə idi. Nəticəsi nə oldu? Səbəb-nəticə arasında hansı
bağlantılar var? Bu suallara tarixçi cavab verərək oxucunun ağlını hərəkətə
keçirməli və tarixiləşdirməlidir, yoxsa Şah İsmayıl gəldi və Bütöv Azərbaycan
qurdu kimi, bir yalan və iftira ilə xalqın düşüncəsini qaranlığa gömmüş olaruq.
Şah İsmayıl elə bir iş görmüşsə, o zaman hara getdi o Bütöv Azərbaycan? Hanı
onun tarixi, ədəbi, siyasi qaynaqları? Nədən arxivlərdə heç bir şey yox və
arxivlər göstərir ki, sovetin uydurduğu Şah İsmayılın qurduğu Azərbaycan iftira
və yalandır. Tarix kitabları göstərir ki, Şah İsmayıl İran-fars dövlətinin
qurucusu olmuşdur. İndiki rejimin Rəfsəncani kimi böyük ideoloqları da açıqca
etiraf edərək dedilər ki, biz Səfəvilərin varisləriyik. Səfəvilərdən sonra
bütün türk dilində yazılan kitablar Şah İsmayılın özü tərəfindən yandırıldı. Bunları
qaynaqları ilə göstərmişəm. Səfəvilərdən sonra kimsə bir tək türkcə ədəbi
nümunə göstərə bilməz. Yoxdur. Dədə Qorqud, Füzuli, Kişvəri, Yunis İmrə, Həbibi
kimi klasik ədəbiyyat tariximizdə nə varsa, hamısı istisnasız olaraq Səfəvi
öncəsinə aiddir. Mən bunları qaynaqlarla isbat etdim. Nitşe xristian dünyasında
inkişafı əngəlləyən saxta tanrı anlayışını ortadan qaldırarq dedi: “Allah öldü,
artıq önünüzdə heç bir əngəl yoxdur, irəliyə doğru gedə bilərsiniz.” Mən də
xalqımızın düşüncəsini işğal etmiş Şah İsmayıl yalanını ortadan qaldıraraq
dedim ki, Şah İsmayıl adında qəhrəman yoxdur, ədəbiyatımızı yandıran, ölkəmizi
işğal edən fars milliyətçiliyi mərkəzli sapıq dini cərəyanın lideri olmuş. Bu
əngəli ortadan qaldırdım, artıq irəliyə doğru gedə bilərsiniz. Bizim xalqımız
gələcəkdə mənim necə böyük iş görüdüyümü anlayacaq. Çünkü yalan hər zaman
sıxıntı yaradar, ancaq həqiqət çətinliklə qəbul edilsə də, gec-tez böyük
aydınlığa və inkişafa səbəb olar. Modernizm də budur. Modernizm və çağdaşlıq
olaraq bayrağımızda görünən rəmz indiki zamanda yaşaya bilmə sənətini göstərər.
Modernizm keçmişin bataqlıqlarına və qaranlığına saplanmaq deyildir. Tarixi
yarqılamaq və doğruları ortaya çıxarmaq da modernliyin bir özəlliyidir. Modernlik
əski ilə indiki zamanın müzakirə və mücadilə dialektikasıdır. Keçmişi olduğu
kimi qəbul etmək modernliyə ziddir. Babək Xürrəmdinlə bağlı mən böyük öndərimiz
Rəsulzadənin araşdırmalarına davam etdim. Babək Xürrəmdin imperatorluğa qarşı
savaşan bir sərkərdə olmuş, ancaq o, türk olmamışdır. Çünkü babəkilikdə möcvud
olan mifik dünyagörüşü, məzhəb anlayışı, savaş metodları, qalaya sığınmaları
türk həyat və savaş tərzi ilə uyqun deyil. Türklər qalaya sığınıb savunmaçı
yöntəmlə savaşmamışlar, türklər axınçı şəklində savaşmışlar. Xürrəmiliklə Sasani
kültürü arasında böyük irtibatlar var.
İranla hər hansı bir əlaqəniz varmı, bu əsərləri, kitabları yazmaqda hər
hansı bir tərəfdən sifariş gəlməyib ki, yaxud bu elə bir sosial sifariş, qəlb
məsələsi idi.
İranda və Azərbaycan 20 kitabım çap olmuş. Bunları öz
vicdanımın sezgilərinə dayanaraq yazmışam. Kimsənin, ya da hansısa bir qurumun
sifarişi ilə yazılmamışdır. Vicdan sezgilərinə və hayqırışlarına dayanmayan bir
əsərin etkisi olmaz, ola bilməz. Mən xalqımızın aydınlanmasını istəyirəm.
Aydınlanmaq üçün də aydınların sezgiləri çox önəmlidir. Qurani-Kərimdə
buyurulur ki, “Bir xalq özü istəməzsə, Allah o xalqın nəfsini dəyişdirməz.”
Xalqın nəfsini təşkil edən o xalqın ziyalılarıdır. Hər xalqda azlıqda olan bir
ziyalı qrup düşünər və qalan çoxluq da o azlığın düşündüklərini düşünər. Ziyalısı
dəyişib gəlişməyən bir xalq əlbəttə inkişaf edə bilməz. Mənim “Səfəvilər”
kitabım çap olandan sonra Azərbaycanda, Türkiyədə, İranda böyük hərəkətlilik
yaratdı. İstər tənqid edən, istərsə təqdir edən dəstələr ortaya çıxdı. Düşüncə
rahat həyatın nəticəsi deyil, narahat həyatın, narahat duyğu və görüşlərin nəticəsidir.
Yalan rahatlıq yaradar və hərəkətsizlik. Həqiqət isə hərəkət və iztirab
yaradar. Çünkü həqiqət işıqdır və adamın ağlını hərəkətləndirər. Səfəvilər
haqqında Azərbaycanda yazılan ədəbiyyat xalqda şübhə yaratmır, sadəcə bir
yalana inanmağı təlqin edirdi. Şübhə isə təkamülün və tərəqqinin hərəkətverici
qüvvəsidir. Hüseyn cavidin dili ilə söylərsək,
“Şübhə artarsa, həm yəqin artar,
Mərifət nuru şübhədən parlar.
Şübhədir hər həqiqətin atası,
Şübhədir əhli-hikmətin babası.”
Demək ki, yalanın uydurduğu bu saxta rahatlığa narahat
edici bir şübhə lazım idi. Bu yalan qatları qaranlığın üzərinə həqiqət işığı
tutulmalı idi. Çünkü bu qaranlıqda xalqımızın tarixi şüuru həbs edilmişdi və
biri ortaya çıxıb bu həbsxananı dağıtmalı idi. Düşüncə həyatımdakı gəlişmələrə
görə yazıb yaradıram, heç bir sifariş filan yoxdur. Hələ daha böyük təlatüm
yaradacaq kitablarım bu aylarda çap olacaq. Əminəm ki, “Tarixin pərdə arxası”
kitabım daha çox elmi və əqli mübahisələrə yol açacaq. Xalq yalanların bağrında
xəbərsizcə uyumamalıdır. Necə olur ki, keçmişdə elə mənəvi böyüklük varmış,
ancaq günümüzdə xalq yenə də sinə vuru, zəncir vuru və seyyidə, mollaya nəzir
verir! Bizi bu cəhalətə soxan Səfəviləri ululaşdırmaq xalqın mədəniləşməsinin
önünü kəsmək deməkdir. İranla əlaqələrim çox genişdir. İnternet sərhədləri ortadan
qaldırmış. Yazdıqlarım İranda çox oxunur. Kitablarım ən çox İranda oxunur. Mən
bütün kitablarımı həm latın, həm də ərəb əlifbasında yayıram. Ona görə də İranda
da endirib oxuyurlar. Aldığım məktublara, netdən endirmələrə görə, İranda ən az
üç min nəfər oxucum var. Gələcəyin milli kadrları da düşünürəm ki, bu üç min
gənc arasından çıxacaqdır. “Səfəvilər” kitabım İranda ən çox oxunan kitablar
arasındadır.
Vətən xaricdən necə görünür, yaxud görünürmü, görə
bilirsizmi?
Vətən, sadəcə bir qalabalığın bir yerdə yaşadığı məkan
deyildir. Bu məkan qlobal dəyərlərin ürəticisi olmalıdır. Belə olmazsa, onun
vətən olmasının anlamı qalmaz. Dəyərlər anlamında vətən, sürəkli inkişaf edən
məkan deməkdir. Bu baxımdan mən vətənimizin insanlarının fikrən və dünyagörüşü
olaraq inkişaf etmələri üçün bir işlər görməyə çalışıram. Vətən də bu
çalışmaların mərkəz nöqtəsidir. Gerçək vətən insanın ana dilidir. Çünkü haraya
getsək onu özümüzlə aparırıq. Sözün tam anlamı ilə mənim əsla və heç bir
şəkildə, hətta yuxularımda belə ayrılmadığım vətənim türk dilidir. Mənəviyat
məkanım da oradır. Mənim üçün vətən Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin
dəyərlər dünyasıdır. Seyyiddən, molladan, pirdən, məzardan imdad diləyən
zehniyyətlə özümü vətəndaş saymıram. Azərbaycan müstəqil bir ölkə olmuş.
Gələcəkdə demokratiyası, insan haqları və ədalətli gəlir dağılımı ilə Şərq
despotizmindən ayrıla bilər. İranın Azərbaycanda törətdiyi təxribat ölkəmizin
ümumi vitrininə zərər verir. Zəncir və sinə vuran, İslam kimi böyük bir dini
ağlaşma ilə sınırlayan əhalini gördüyümdə utanıram doğrusu. Bu zehniyyət heç
bir zaman bayrağımızda xülasə edilən türkləşməyi, İslamı və çağdaşlığı anlaya
bilməz. Biz İslamiyətin mənəvi dəyərləri üzərində modern dünyanın bir parçası
ola bilərik. Ancaq hansı İslam? İslamın tək qaynağı var, o da Qurandır. İslamın
bilgi və teoriya kitabı Quran və praktikası da Hz. Məhəmmədin həyatıdır. Qalan
nə varsa təfərrüatdır. İslamda məsum və müqəddəs deyə bir şey yoxdur. Bunlar
ancaq və ancaq Allaha xas olan anlayışlardır. Məsumluq xurafələrini
inancımızdan çıxarıb İslamın özünə dayanmalıyıq. Belə olarsa ölkəmiz maleziya
kimi, dünyanın hər tərəfindən görünər.
İrandakı hakimiyyət dəyişikliyi təfəkkürün
dəyişməsində, qonşu Azərbaycana və mühacir həyatı sürən yüzlərlə vətəndaşına
münasibətdə dəyişikliyi əks etdirə biləcəkmi?
Öncə bunu bilməmiz lazımdır ki, İranda İslam inqilabı
olmamışdır. İnqilabın teoriyası və bilgi kitabları olmalıdır. İranda şiə
çevrilişi olmuşdur. Çünkü bəşər tarixində bir dəfə İslam inqilabı olmuşdur. Bu
inqilabın rəhbəri Məhəmməd və kitabı da Qurandır. İranda bu rejimdən öncə
insanlar daha çox dindar idi. Şiə çevrilişi dinə ən böyük zərbəni vurdu.
Dünyanın indi ən dinsiz və inancsız ölkəsi İrandır. Bütün aydınları ya edam
etdilər, ya da sürgünə göndərdilər. İndi İranda yaşayan xalqlar Türkiyə və
Azərbaycan modeli sekulyar bir rejimdən yanadırlar. Bu yolda, özəlliklə fars
aydınları bir çox kitablar yazmışlar. İranda bu zülm və diktatorluq əbədiyyən
davam edə bilməz. Bu rejim çökəcək, ancaq çökdüyündə ölkə içində böyük
problemlər yaşanacaq. Suriyə kimi olacaq. Məzhəblər savaşı, etnik savaşlar baş
qaldıracaq. Ölkəni bir arada tutmaq mümkün olmayacaq. Xomeyni rejimi xalqlar və
məzhəblər arasında elə nifrət və kin əkdi ki, bunun cəzasını İran vətəndaşları
uzun zaman çəkəcəklər. Bu rejimin İslamla əlaqəsi yoxdur, çünkü İslamda molla
deyə bir sinif yoxdur. Bu rejim elə təqlin edir ki, sanki Allah İslamı molla-feodal,
molla-kapitalist sinfinin mutluluğu, daha çox zənginləşib harınlaşmaları üçün
göndərmişdir. Bu zehniyət uzun sürə bilməz. Bu rejimin çökməsi və şiə
despotizminin tarixə gömülməsi bölgə ölkələrini etkiləyəcək. Azərbaycanda İran
dəstəkli dini fundamentalizm çökəcək, İranın dəstəklədiyi qlobal teror
təşkilatları həm maddi qaynaq olaraq, həm də ideoloji baxımdan çökəcəklər. Bir
sözlə İrandakı şiə despotizminin çökməsi ölkə içində bir çox problemlər yaratsa
da, dünya sülhünə yardım edəcək. Ancaq regionda bəzi problemlər də yaradacaq.
Çünkü heç bir çöküş sancısız olmur.
Müsahibəni apardı: Tural Balabəyli
Hiç yorum yok:
Yorum Gönder