Rəsulzadə haqqında müsahibə
-
Sizə görə, Rəsulzadə kimdir və ona münasibət qaneedicidirmi?
-
Rəsulzadə çağları aydınladan, mənsub olduğu
milllətinin gələcəyi ilə bağlı yeni üfüq açan ərdəmli bir türkdü. Bəşər
tarixində həm siyasətçi, həm də qələm sahibi olan dahilərin sayı çox deyildir.
Bu istisna şəxsiyyətlərdən biri də Rəsulzadədir. Rəsulzadə İranın, Qafqazın,
Osmanlının, Rusiyanın tarixi və mədəni özəlliklərini çox dərindən bilən bir
ziyalı idi. Xüsusən türk tarixini çox ayrıntılı biçimdə bilirdi. Yazdıqları
əsərlərində bunu açıqca görməkdəyik. Çox gənc yaşında ikən düşüncə həyatına
başlamış və düşüncə həyatı da çox təlatümlü, hərəkətli keçmişdir. İranda olduğu
müddətdə bütün Qacar ölkəsini milli türk dövləti etmək niyyətində idi. Bu üzdən
də orada “İrani-no” (Yeni İran) qəzetini çıxrırdı. Yəni əskisinə bənzməyən yeni
İran, türk ölkəsi və dövləti olması gərəkən bir İran yaratmaq fikrində idi. Lakin
İranın tarixi və sosial mühiti onun bu idealının gerçəkləşməsi üçün uyğun və
yatğın deyildi. Bu zaman 25 yaşlarındadır. Çox gəncdir. Ancaq onun gənclik
duyğularını dərin düşüncələri yönləndirirdi. Osmanlıda “Türk Yurdu” dərgisində
“İran türkləri” başlıqlı yazıları çap olduğunda 27 yaşındadır. Görüldüyü kimi
çox gənckən nə qədər bilgili və təcrübəli olduğu gözlər önündədir. Ağlında
şəkilləndirdiyi türklük düşüncəsini bir coğrafiyada gerçəkləşdirmək istəyirdi.
Qafqaza döndüyündə burada xəyallarını həyata keçirməyə çalışdı və başardı. Bu
zaman O, 34 yaşındadır, hələ də gəncdir, lakin bu gənc şəxsiyyətin ağlında
dolaşanlar bir millət yaradacaq, bir ölkə təsis edəcək və böyük gələcəyin
əsasını qoyacaqdı. Yazıb-oxuması olmayan bir xalq kütləsi var idi. Tarixçilərin
verdiyi bilgiyə görə təqribən 80 nəfər oxumuş insan var var idi və Rəsulzadə bu
80 nəfərlə bir tarix icad etməyə başladı. Belə geri qalmış bir tolum üçün
sekulyar bir dövlət qurmaq asan iş deyildi. Bu asan olmayan işi Rəsulzadə
başardı. Rəsulzadənin həyatı mənə görə üç mərhələdən ibarətdir: 1- Milli şüura
köklü şəkildə sahib olmaq üçün axtarışda olduğu gənclik illəri. Bu dönəm
1918-ci ilə qədər davam etmişdi. 2- Modern milli şüuru mənimsədikdən sonra onu
öz ölkəsində tətbiq etmə mərhələsi. Bu dönəm də 1918-ci ildən başlayaraq 1920-ci
ilə qədər davam etmişdi. Ancaq bu tətbiqetmə təmiz bir vicdana, dərin bilgiyə dayandığı
üçün bütün tariximizi öz təsiri altına aldı. O zaman həyatda olmayan bizlər də
dünya gəldiyimizdə onun tətbiqatının və düşüncəsinin təsirinə düşdük. 3- Türk
tarix fəlsəfəsini yazma və türk kimliyi və gələcəyi üçün aydın bir üfüq bəlli
etmə mərhələsi. Bu dönəm 1920-ci ildən başlayaraq həyatının sonuna qədər davam
etmişdir. Mən tarixlə, tarix fəlsəfəsi ilə məşğul olan birisi olaraq, deyə
bilərəm ki, Rəsulzadə kimi tarixçi və tarix fəlsəfəsi ilə uğraşan şəxsiyyət
daha sonrakı dönəmlərdə ortaya çıxmamışdır. Kimliyimizin tarixi boyutları ilə
bağlı olaraq Rəsulzadə həm mikroskop, həm də teleskop rolunu oynamışdır. Türk
tarixini, sanki mikroskopla incələrcəsinə milləti içindən yeyiyb gəmirən
xəstəlikləri, mikrobları göstərmişdir. Rəsulzadənin tarix metodologiyasından önəmli
bir dərs almalıyıq. O da budur ki, tənqid edilməyən
mövzu çürüyər, tənqid edilməyən durum fəlakət törədər. Rəsulzadənin tarix
üzərinə tənqidi də bu niyyətə xidmət etmişdi. Ancaq bunun yanı sıra gələcəkdə
aydınlanan türk ulsunun düşüncə üfüqündə bir aydınlıq da göstərmişdir. Bu qədər
böyük işi necə başarmışdır? O, dövləti devrildikdən sonra da düşüncələrini
mətnləşdirərək millətini aydınlatmağa davam etmişdi. Onun mətnləşdirdiyi
düşüncələr oxucu üçün teleskop rolunu oynamaqdadır. Uzaqdakı hədəfi göstərir.
Bu üzdən də 70 il üzərindən keçsə də, Rəsulzadənin mətnləşdirdiyi düşüncələrinə
ehtiyac ortaya çıxdı. Rəsulzadənin ağrı və əzablarından bizə iki miras
qalmışdır: 1- İstiqlal bayrağı, 2- Kitabları. Bu mirasa bütün nəsillər
sarılacaq. Ayrıca, onun tarixə baxış bucağı sovet dönəmində söndürüldü və
müstəqillik sonrasında da Rəsulzadənin tarix fəlsəfəsi ilə tarixə və gələcəyə
yanaşılmadı. Mənim düşüncə həyatımın, tarix bilincimin biçimlənməsində
Rəsulzadənin böyük təsiri olub. Kimsə Rəsulzadə və onun cəsarəti qədər mənim
tarix anlayışımı və tarix alqılayışımı etkiləməmişdir. Ona olan münasibət
haqqında da bunları söyləyə bilərəm: Rəsulzadəyə heykəl qoymanın bir anlamı
yoxdur. Heykəl nədir ki? Daş parçası. Onun kitablarının oxunması üçün dövlət də
bir işlər görməlidir. Bugünkü dövləti, bu neməti indiki idarəçilərə başqa biri
deyil, o, miras buraxmışdı.
-
Biz müstəqil olduqmu?
-
Müstəqillik bir məfkurədir. Bu məfkurəni də Rəsulzadə
bizə miras buraxmışdır. Məfkurəni Ziya Göyalp belə tərif edir: Müqəddəs duyğu,
müqəddəs düşüncə və müqəddəs davranışın bir yerdə bir bütün təşkil etməsinin
adına “məfkurə” deyilməkdədir. Bax bu müqəddəs məfkurə bir millətin
şərəf və milli namusunu ifadə etməkdədir. Bu baxımdan biz 1918-ci ildə müstəqil
olduq. İndi də bütün çətinliklərə baxmayaraq o məfkurənin görüntüsü vardır. Bu
çətinliklər zamanla bərtərəf ola bilər. Önəmli olan bağımsız bir ölkə olaraq
dünyada var olmaqdır. Bunun acısını bizim dədələrimiz çox çəkmişlər. Bu
müstəqilliyi arzu edən Məhəmməd Hadi o zaman yazırd:
“Atmış miləl imzasını övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində”
Yəni Hadi deyir ki, mənim millətimdən
başqa bütün millətlər müstəqildir. O imzanı da tariximizə Rəsulzadə atdı və
dedi ki, “Bir kərə yüksələn bayraq bir daha enməz.”
-
Niyə məhz iki il? Daha çox davam etməsi üçün nə etmək
lazım idi?
-
O zamankı konjonktür belə idi. Azərbaycan
Cümhuriyyətinin xarici arxası Osmanlı imperatorluğu idi. Osmanlı Türk
imperatorluğu olmsaydı, Rəsulzadə tək başına ölkə qura bilməzdi. Necə ki,
ermənilər Bakını işğal etmişdilər və paytaxt Gəncə olaraq bəlirlənmişdi. Türk Ordusu
gəlib Bakını azad etdikdən sonra başkənd Bakıya daşındı. Osmanlı bərəkəti daşıb
Qafqazı sarmışdı. Osmanlının dünya savaşında yenilməsi tariximiz üçün böyük
fəlakət doğurdu. Azərbaycan arxasız qaldı. Osmanlının amacı Güney Azərbaycanla
Quzey Azərbaycanı birləşdirib vahid türk dövləti yaratmaq idi. O zaman Nur Paşa
Bakıya yardıma qoşduğunda Xəlil Paşa da Güney Azərbaycana girib orada
ermənilərin Urmu və civarında törətdikləri qətlləri durdurdu. Amacları iki
Azərbaycanı birləşdirmək idi. Bu yolla Mərkəzi Asiyaya rahatca çıxmaq mümkün
olacaqdı. Lakin Osmanlı imperatorluğumuzun yenilməsi bizə çox zərər verdi. İstanbul
işğal edildi. Mustafa Kamal qurtuluş savaşı başlatdı və bu kimi olaylar ki,
yaxşı bilirsiniz. Rusiyanın saldırları qarşısında yeni təsis edilmiş, professional
ordusu olmayan Azərbaycan müqavəmət göstərə bilməzdi. Ona görə də iki əsrə
bərabər olan işləri Rəsulzadə və arxadaşları o iki ildə edə bildilər. Ən önəlisi
millətin şüuruna istiqlal məfkurəsini əkə bilmələri olmuşdur.
-
Bayrağımızın üç rəngi haqda nə söyləyə bilərsiniz?
-
Bayrağımız rəngləri etibarı ilə
cahanşümul bayraqdır. Bəlkə də dünyada bu gözəllikdə bayraq yoxdur. Klasik türk
tarixinin antezidir. Türk dili və türk zəkası ilə bütün bilgiləri mənimsəyərək
İslami dəyərləri anlamağı ifadə etməkdədir. Mavi rəng türk dilinə verilən önəmi
göstərməkdədir. Çünkü hər ulusun canlı tarixi və gələcəyi onun dilində öz
varlığını sürdürər. Türk dili ilə modern çağı anlamaq ikinci rəngin anlamıdır. Ayrıca,
türkçə ilə və modern ağlın imkanları ilə dini dəyərlərimizi idrak etmək nəzərdə
tutulmuşdur.
Müsahibəni apardı:
Nigar İsfəndiyarqızı
Hiç yorum yok:
Yorum Gönder