16 Haziran 2013 Pazar

azertime




Güntay bəy, sizin Cənubi Azərbaycanın ədəbiyyatı və mədəniyyəti ilə dərindən məşqul olduğunuz barədə məlumatımız var. Hətta vaxtı ilə Cənubi Azərbaycanda gedən milli hərəkatla bağlı da adınız daha çox hallanırdı. İlk sualımız özünüzlə bağlıdır. Lütfən özünüz barədə oxucularımıza ətraflı məlumat verin.

21 dekabr 1966-ci ildə Ərdəbilə bağlı Muğan ovalığı Xoruzlu mahalının kiçik Limli kəndində dünyaya gəlmişəm. Kənd həyatı doğa ilə iç-içə olduğundan çocuqluq həyatımda şüuraltımı etkiləyən çox xatirələr olmuşdur. Martin Heidegger deyir ki, fəlsəfənin dili kənd həyatı ilə bağlıdır. Gerçəkdən də haqlıdır. Tarlalardakı əmək həyatı, quzuların mələşməsi, kənd gecələrində ulduzlu göylər, ya da sirlərlə dolu olan aysız-ulduzsuz qaranlıq gecələr. Ya da səhər erkəndən və gün batan çağları qadınların şərqi söyləyərək inək sağmaları və bu mənzərələrin eşliyində bir tərəfdə günəşin doğması və ya üfüqlərdə axıb batması. Bunların hamısı şeiriyətlə dolu sirli kənd həyatıdır. Ancaq kənd həyatı sadəcə çocuqluq dönəmi üçün sirli-sehirlidir. İnsan yaşa dolduqca daha geniş ictimai mühitlərdə öz imkanlarını genişlətmək istəyir. Kəndimizdə ilk oxuldan sonra təhsil almaq mümkün olmadığından öncə Germidə, daha sonra da Ərdəbildə dərslərimi davam etdim. Ərdəbil gözəl şəhərdir. Bu şəhərə köçüb yerləşdik. Savalanın ətrafı sayılır Ərdəbil. Ərdəbilin gün batan vaxtı çox gözəl olur. Günəş süzülüb Savalanın arxasında yox olarkən, evimizin üstünə çıxıb onu seyr edərdim. Alatoran olduqdan sonra Savalan qaranlıqda mənə, sanki şaha qalxan dəniz dalğalarını xatırladardı. Sonra da qaranlığın içində sirli görüntüyə dönüşərdi. Ərdəbildəki həyatım Bakıda çap olan “Yolatayın xatirələri” adlı romanımın böyük qismini təşkil etməkdədir. İranda Şiə İnqilabı olduğunda 13 yaşım var idi. İnqilab ərəfəsində məktəblər qapandı və mən kəndə dönməli oldum. Kitab oxumağa çox həvəsim var idi. Atımızı minib qonşu kəndlərə gedər və orada müəllimlərdən “oxunacaq kitablarınız varsa, verin oxuyum” deyərdim. Şiə İnqilabı oldu və məktəblər açıldıqdan sonra yenidən şəhərə döndüm. Atam Ərdəbildə ev almışdı. İki yaş məndən böyük olan qardaşımla şəhərdə qalıb dərs oxuuyurduq. O, indi torpağın altındadır. Şah getmiş, yerinə molla rejimi gəlmişdi. Rejimin özünü toparlayıb diktatorluğa dönüşməsi 3-4 il sürdü. Bu sürə içində mən gəncləşirdim. Bütün görüşlər öz kitaplarını sərbəstcə çap edirdilər. Mən daha çox sol ədəbiyat oxumağa həvəsli idim. Özəlliklə rus-sovet ədəbiyatına çox marağım var idi. Tolstoy, Dosteyevski, Çernişeviski, Şoloxov, Ostrovski, Qorki kimi rus yazarların əsərlərini sevirdim. Qərb ədəbiyatını da çox oxuuyurdum. Bir çox Qərb romanları oxumuşdum. İran ədəbiyatını da diqqətlə oxuyurdum. Özəlliklə klasik fars ədəbiyatına çox meyilli idim. Hafiz, Əttar, Mövlana, Xaqani kimi şairlərin əsərlərindən bir çox qəzəllər əzbərləmişdim. İndi də o qəzəllərin çoxu yadımdadır. Türk ədəbiyatı ilə çox az tanış idim. Çünkü Türkcə ədəbiyat həm tarixdə az olmuş, həm də İranda Türkcə əsər əldə etmək zoru idi. Nəsiminin, Füzulinin, Xətainin divanı kimi barmaq sayı kitablar evimizdə var idi. Zatən Səfəvilərdən sonra bizim ədəbiyatımız demək olar ki, olmamışdır. Nə yazılmışsa hamısı Səfəvi öncəsinə aiddir. Füzuli, Nəsimi, Kişvəri, Həbibi, Qorqud kimi əsərlərin hamısı Səfəvi öncəsinə aid. Yəni Türkcə ədəbiyat əldə etmək asan deyildi. Böylə bir ortamda gəncliyim davam edirdi. Türkcə şeirlər də yazardım. Təbrizdə yalnızca bir səhifəsi Türkcə olan qəzetdə çap olardı. Orta Oxulu bitirib Təbriz diş həkimliyi institutuna girdim. Ancaq təhsil almama izn vermədilər. Universitetdən uzaqlaşdırdılar. 1986-cı ildə gizli yolla Biləsuvar tərəfindən sovetlərə qaçdım. Üç ay Lənkəranda zindanda qaldım. Saxlamayıb geri qaytardılar. İranda yaxalayıb əsgərliyə göndərdilər. İran-İraq savaşında bir neçə geniş miqyaslı hücumlarda iştirak etdim. Son həmlədə kimyəvi silahla yaralandım. Həyatımın əsgərlik dönəmini içərən “Yüksəl Birol” adında bir roman yazdım 2009-da Bakıda çap oldu. Romanlarımın çoxunun mövzusu öz macəralı həyatımdan qaynaqlanmışdır. Sanıram öz haqqımda bu qədər yetər.


 
Güntay bəy, siyasətə keçmədən öncə, sizin əsərlərinizdə və yazılarınızda olan dil barədə danışmaq istərdik. Yazılarınızdakı dil, hardasa demək olar ki, Azərbaycanın ədəbi dilindən bir miqdar uzaqdır. Anadolu türkcəsi də deyil. Əslində Azərbaycan dilində olan fars və rus sözlərindən, Anadolu türkcəsindəki Osmanlı sözlrindən də uzaq və təmizlənmiş bir dildir! Lütfən bu barədə bir az danışaq.

Azərbaycanda ədəbi dil sovet ideologiyasının basqısı altında şəkillənmişdir. Dədə Qorquddan, Nəsimidən, Füzulidən, Hüseyn Caviddən, C. Cabbarlıdan təcrid edilmiş bir dil biçimlənmişdir. Mövcud ədəbi dilimizlə fəlsəfə yazılamaz, bilgi dili olamaz. Türkcənin geniş söz dağarcığından təcrid edilən bir dil var. Bu dili öz düşüncəmi ifadə etmək üçün yetərli görmədim. Bunun bir çox səbəbi var. Mən fars dilini çox dərindən bilirəm və fars ədəbiyatını çox yaxşı oxumuşam. İranda çox köklü bir fars dili var. 1200 il öncədən yazılmış nəzm və nəsr nümunələri var. Təhsildə bunlardan dərs kitabına örnək mətnlər yerləşdirirlər. Sonra da əski sözləri orta oxuldan başlayaraq çocuqlara əzbərlətdirirlər. Böyləcə modern fars dili əski söz dağarcığını da öz içinə almağa çalışmaqdadır. Bizdə böylə bir girişim olmamışdır. 11 illik təhsil ərzində klasik ədəbiyatımızda keçən bütün sözlər bəlli mətn örnəkləri vasitəsi ilə çocuqlara əzbərlədilməlidir. Çocuq orta oxulu bitirir, ancaq söz dağarcığına baxsan aşağı yuxarı 1000 sözdən ibarətdir. Çocuğun beyni öyrnməyə çox yatqındır. Necə olur bir xarici dili öyrənə bilir, ancaq öz dilimizin əski qaynaqlarında 500 söz əzbər bilmir? Demək suçlu olan təhsil sistemidir. Sistemin dilimizi öz kökü üzərində yüksəltmə amacı yoxdur. Bu dillə də nə Hüseyn Cavid yetişər, nə də Yusif Vəzir Çəmənzəminli. Mən bunun şüuruna vardığımdan öz ölçümə görə, türkcəni öz əsərlərimdə diriltmək və yüksəltmək istədim. Əlbəttə bu, asan iş deyil. Bunun üçün insanda bir neçə yetənək birləşməlidir. Birinci, geniş dil bilgisi birikimi gərəkməkdədir. Milli dil və ədəbiyat üzərinə dərin bilgi lazımdır ki, dilin kökünə müraciət etmək mümkün olsun. İkincisi, fəlsəfi, tarixi, estetik bilgi birikimi gərəkir və ən önəmlisi isə cəsarət lazımdır. Çünkü bu saydıqlarım bir yerdə bir bütün təşkil etməzsə, sərtləşmiş və özünü mühafizə etməkdə qərarlı olan gələnəklərə qarşı çıxmaq olmaz. Alman dili və ədəbiyatına baxsaq görərik ki, Nitşe, Yaspers, Heidegger kimi böyük düşüncə adamlarının əsas çalışmaları dillə qarşılaşmaq olmuşdur. Çünkü biz varlığı dil yolu ilə qavrayırıq. Dilin içində özünə yer etməmiş nəsnəni qavraya bilmərik. Qavraya bilməmiz üçün ona dilin içində bir yer verməliyik. Fəlsəfənin üç nəsnəsi var: dil, düşüncə və varlıq. Düşüncə və varlıq dil olmazsa, heç bir anlam daşımaz. Bu üzdən də mən ana dilimizi qorqudlaşdırmağa, nəsimiləşdirməyə, füzuliləşdirməyə, cavidləşdirməyə çalışmanın yanı sıra, bir də özüm öz üslubumu yaratmağa çalışdım. Bu gün mən dildə qorqudlaşmaqdan danışdığım kimi, yüzillər sonra bəlkə bu gün üzərində çalışdığım mənim əsərlərim müsbət dəyərləndirilə bilər. Dil əsrlər boyunca bu şəkildə sənət əsərlərində özünü gəlişdirir. Ayrıca, keçən əsrdə Hüseyin Cavidin, Rəsulzadənin, Ə. Ağaoğlunun, İsmayıl bəy Qapirallının başlatdığı dil projəsi davam etmədi. Mən fikrən, hissən və milli-tarixi vicdan olaraq özümü o nəslə mənsub bilirəm. Əlbəttə bunu da söyləməm gərəkir ki, İranda dil üzərinə dərin baxış, keçən 50 ildə olmuşdur. Örnəyin, Səhənd Kitabi-Dədə Qorqud üzərinə “Sazımın sözü” adlı iki cild kitab yazmışdır. Bu əsərində əski türkcə sözləri modern şeir biçimində yansıtmışdır. Çünkü köklü və zəngin ədəbiyatı olan farscanın qarşısında özümüzü, kimliyimizi qoruyaraq evrənsəl ədəbiyat oluşdurmaq istəyiriksə, türkcənin geniş imkanlarına dayanmanın yanı sıra bir də öz istedadımızın ürünlərini dilimizə yükləməliyik. Mən Türkiyə ədəbiyatını da yaxşı oxumuşam. Oradan da etkilənməm olmuşdur. Lakin etkilənişimi öz yetənəkrimlə bütünləşdirmişəm. Mən 30 milyon oxucuya xitab etmirəm. İran, Azərbaycan, Türkiyə bir yerdə olaraq oxucu kütləsinə xitab edirəm. Nə qədər Qaspiralını sevməkdən danışacağıq? Onun ülküsünü gerçəkləşdirmək gərəkir. Önəmli bir qonuya daha işarə etmək istərdim. Özəlliklə İranda əsərlərimin geniş oxucu kütləsi tərəfindən oxunub alqışlanması məni daha da bu yolda qətiyətli etdi. Azərbaycanda da indi kitablarım yaxşı oxucu kütləsi qazanmışdır. Ən çox satılan kitablar içində mənim də əsərlərim var. Demək ki, bu yolda daha kəsin iradə ilə davam etməliyəm. Mənim vətənim türk dilidir. Bir neçə dil bilsəm də, türk dili mənim düşüncəmin, duyqularımın, xatirələrimin dilidir. Heç bir tərcüməyə gərək qalmadan kitablarımın, yazılarımın İraqda, İranda, Azərbaycanda, Türkiyədə oxunması bu köklü türkcədə yazma qərarlığımın sonucudur.

Siz bir vaxtlar Bütöv Azərbaycan Birliyində mərhum Əbülfəz Elçibəyin müavinlərindən biri olaraq fəaliyyət göstərirdiniz. Həmin dönəmin, özəlliklə də 1992 - 2002-ci illər arası Azərbaycan mətbuatının arxivinə baxdıqda, Cənubi Azərbaycanla əlaqədar yalnız iki təşkilat (BAB və CAMAH) var idi. Daha doğrusu sualımın müxatibi olaraq, siz vaxtı ilə Cənubi Azərbaycanın istiqlalı zəminində mübarizə aparan barmaq sayında olan şəxslərdən birisiniz. İndi bu təşkilat və qurumların sayı artaraq, bəlkə də onu aşıb. Birincisi bunlar barədə fikriniz bilmək istərdik, ikinci isə sizcə bu təşkilatların sayının çox olması müsbət bir haldır, ya yox?

Avropa həyatı mənim düşüncəmi dəyişdirdi. Gördüm ki, çox aşağı səviyədəyik. Bu səviyə ilə qurulan təşkilatların da böyük işlər görə biləcəkləri mümkün deyildir. Mən 1997-ci ilin sonlarından BABda fəaliyət göstərirdim. BABa qatılmaq fikrim yox idi. Çünkü mən bəzi tarixi soruları və sorunları öz nəfsimdə cavablamalı idim. Bu üzdən də geniş araşdırmaya ehtiyac duyurdum. Elçibəy Naxçıvanda olduğunda qəzetlərdə çıxan bəzi yazılarımı oxumuşdu. Mənə kənddən salam göndərmiş və qələmimə sayqı duyduğunu yazmışdı. Bakıya gəldikdən sonra məni də dəvət etdi. Mən etiraz etsəm də, Bəy dedi ki, gəl bir yerdə çalışalım. Qəbul etdim. BABın toplantılarında ən çox mənim və bir də Bəyin söhbətləri coşqu oyandırardı. O da bir dönəm idi. Ancaq mənim tarix qonusunda Elçibəylə baxışım fərqli idi. 1998-ci fevral ayındakı BABın toplantısında mən tarix qonusunda bir məruzə ilə fikirlərimi açıqladım. Tarixçilər qarşı çıxdılar. Son sözü Elçibəy alıb “bu baxış bizdə yoxdur. Bu baxış tarix dərgilərində çap edilərək dartışmaya açılmalıdır” söylədi. BABın tərkibində mən daha çox elmi fəaliyətlə məşğul idim. Sonra da Türkiyəyə və oradan da Avropaya gəldim. Heç bir siyasi təşkilatı və siyasi mübarizəni ciddi olaraq qəbul etmirəm. Çünkü siyasi təşkilatlanmanın təmlində köklü aydınlanma və mədəniyət inqilabı durmalıdır. Öz dilində düşünə bilməyən toplumun siyasi mübarizəsinin anlamı yoxdur. Siyasi təşkilatların səviyəli bir iş görə bilməyəcəkləri düşüncəsinə vardıqdan sonra bütün gücümü oxumağa, araşdırmağa və yazmağa həsr etdim. 10 cild tərcümə, 10 cild də tarix, roman, fəlsəfə, ədəbiyatşünaslıq, ədəbi tənqid haqqında kitablarım çap olmuş. Mən bu yolu seçdim. Bundan sonra da bu şəkildə davam edəcəyəm. Güney Azərbaycan məsələsi ilə bağlı çoxlu təşkilat var. Təşkilatın çox olmasının anlamı odur ki, heç bir təşkilat yoxdur. Çünkü qurtuluş savaşlarında çoxlu təşkilata gərək yoxdur. O boyda Amerikada, sadəcə iki partiya var. Bizdə isə, 10-15 təşkilat var. Siyasi təşkilatlarla maraqlanmıram. Toplumu oyatmaq fəlsəfi, ədəbi, tarixi yaradıclıqla mümkün ola bilər. Mənim “Səfəvilər” kitabım həm İranda, həm də Azərbaycanda çox təpki və etki oyandırdı. Sırf bu kitabım üzərinə yazılan tənqid və təqdirlər bir yerə toplansa, onlarca cild kitab edər. Bu da o deməkdir ki, Sokrat demişkən mənim bu kitabım, sanki bir arı kimi toplumun düşüncəsinə  iynəsini batıraraq, düşünməyə vardar etmişdir. Önəmli olan yatmış düşüncələri hərəkətə keçirməkdir. Ən çətin iş budur. Bunun üçün də rahat ruhlar gərəkməz, narahat ruhlar gərəkir. Düşünmək rahatsızlığın məhsuludur.

Cənubda milli azadlıq uğrunda gedən hərəkata necə baxırsınız?  Daha öncəki illərə nisbətən son vaxtlar Cənubi Azərbaycan mövzusu demək olar ki, beynəlxalq gündəmə çıxmaqdadır. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?

Toplumların oyanışında iki istiqmaət mövcuddur: 1- Dikey (şaquli-əmudi) oyanış. 2- Yatay (Üfüqi) oyanış. Üfüqi oyanış və hərəkət asan və tez qalxıb sönəndir. Üfüqi hərəkət kütlənin coşan həyəcanına əsaslanar. Qısa sürəliyinə və ölkədəki bəlli sosiopsixoloji amillərdən asılı olaraq ortaya çıxar. Ancaq bunun arxasında şaquli yüksəliş olmazsa, heç bir xeyirli iş görmədən bu coşqu sönər. Necə ki, Səttar Xan, Xiyabani, Pişəvəri, ya da Şəriətmədari hərəkəti üfüqi idi. O zaman şaquli hərəkət nədir? Toplumların tarxindəki şaquli hərəkət düşüncənin oyanışı və milli dilin ədəbiyata, elmə, fəlsəfəyə, din bilgilərinə girməsidir. Diqqət etsəniz, bizim dilimizdə dini üslub ümumiyətlə yoxdur. Bu oyanış uzun zaman alsa da, toplumun dərin qatlarına yerləşərək tarixin istiqamətini dəyişdirər. Buna toplumun düşüncələrinin, duyqularının, gələnək və görənəklərinin, xəyallarının və estetik görüşlərinin kitablaşması sürəci deyəlim. Şüurun bu şəkildə kitablaşması toplumdan millətləşməyə doğru uzanan yolunun adıdır. Anlaşılması üçün öz tariximizdən bir örnək söyləyim. 1988-ci ildə hərəkət üfqi idi. Ancaq Axundovdan başlayıb “Əkinçi”, “Mollanəsrəddin”, “Fiyuzat” Hüseyn Cavid, Üzeyr Hacıbəyli və başqaları ilə davam edən sürəc şaquli yüksəliş və oyanış idi. Çünkü bu mədəni inqilabla toplumun tarixi dünyagörüşü, estetik və sosial zövq anlayışı dəyişməkdə idi. Ən böyük inqilabsa, şaquli oyanışı sağlaya bilməkdir. Yoxsa bütün toplumlarda coşması gərəkən bəlli bir kütlə mövcuddur. Biz İran genəlində hər zaman fikrən məğlub olmuşuq. Heç bir bilgi kitabımız olmamış, indi də yoxdur. Mən o kitabları yazmaqla məşğul olduğumu sanmaqdayam. Kəsin bir əminliklə deyirəm ki, heç bir millətin qurtuluşu kitabsız olmamışdır. Ortalıqda dolaşan nə varsa, çoxu hay-küydür. Milli şüurun bilgiləri kitablaşmalıdır. Kitabsız millət olarmı? Bizim dərdimiz kitabsızlıqdır. Bu baxımdan İran kürdləri bizdən çox, amma çox irəlidədirlər. Onlar anlamışlar ki, kitabsız qurtuluş mümkün deyildir. Avropanın mərkəzi kitabxanalarında minlərcə kürd dilində kitab varkən bizim dilimizdə bir tək cild kitab da yoxdur. Kitabsız bir toplum qaranlıqda qaçan adama bənzər, gec-tez quyuya düşəcək. Necə ki, biz öylə olmuşuq. Qalxıb guya inqilab etmək istəmişik, ancaq kitabımız olmadığından özümüzü quyuya salmışıq. Məsələn haqqında əfsanələr söylənən Səttar Xan, Xiyabani dönəmindən bir tək cild kitab miras qalmamış. Ortada bir kitab yoxdursa, o zaman nə üçün idi xalqı ölümə göndərmək? Pişəvəri dönəmindən də nəzəri məzmunu olan bir tək kitab miras qalmamış. Sadəcə Ərk qalasının daş-kəsəyini, Təbriz üçün saxta qəhrəmanlıq uydurub tərifləyən anlamsız şüarlar qalmış. Özünü bədbəxt edib, fars milliyətçiliyinin hədəfləri yolunda fədakarlıq etmək qəhrəmanlıqmı? Kitabsız və qaranlıq tariximiz var. Bunun harası ilə iftixar edirlər anlamış deyiləm. Cənub haqqında saxta və qeyri-elmi, qeyri-tarixi bilgi oluşdurulmuş. Sanki bu toplum inqilab edib haqqını almağa hazırdı və sabah-birgün inqilab olacaq. Yanlış və xülyadan ibarətdir. Bu toplumun şaquli hərəkəti olmadan təşkilat qurmaqla heç bir yerə varmaq olmaz.    

Gördüyünüz kimi, Şimali Azərbaycanın da problemləri az deyil. Müasir Cənubi Azərbaycanın ən görkəmli ziyalılarından biri olaraq buradaki iqtidar və müxalifət cərgələri barədə nə düşünürsünüz?

Azərbaycanda hesabat verməyən bir iqtidar var. Azərbaycanda açıq toplum mövcud deyil. Açıq cəmiyyət yoxdursa, arxada çox fəlakətlər törədilir, büdcə talan edilir. Açıq toplumun ola bilməsi üçün iqtidar bir nəfərin əlində olmamalı, müxalifətlə paylaşılmalıdır. Monteskionun bir formulu var. Deyier ki, bir ölkədə diktatorluğun olub olmadığını bilməniz üçün iqtidarın paylaşılıb paylaşılmadığına baxacaqsınız. Azərbaycanda milyarlarca dolarlıq dövlət budcəsi bir partiyanın əlindədir və bunun necə xərcləndiyinə bir kontrol mexanizmi mövcud deyil. Bu da ölkədə ədalətli gəlir dağılımının qarşısında ən böyük əngəldir. Vəhşi neft kapitalizminin şəkillənməsi inkişaf deyil. O göydələnlərin önündə dilənçilərin sayı artır, ölkənin aydınları yabancı ölkələrə axışır, orta təbəqə həyatından məmnun deyilsə, demək o ölkədəki inkişaf anlayışı, sadəcə bir ovuç kapitalistin qeyri-məhdud zənginləşməsindən ibarətdir. Çox təəssüf ki, Azərbaycan da bu durumdadır. Mənim fikrimə görə iqtidarın böylə ədalətsiz davranışı başqa radikal bir müxalifətin meydana çıxmasına səbəb olacaq. Güclü məzhəbi bir müxalifət Azərbaycanda şəkillənməkdədir. İqtidar toplumun sərbəst və sivilcə toplaşmasına izn vermədiyindən əhali məscidlərə axın edir. Məscidlərdəki radikal dindarların sayı hər gün bir az daha artmaqdadır. Bu da Azərbaycan dövlətçiliyi üçün bir təhdiddir və İranın Azərbaycana meydan oxumasına şərait yaradır. Buna səbəb olan da ölkədəki azadlığın olmamasıdır. Bu üzdən də Azərbaycanda hakimiyət atəşlə oynayır. Ölkəni sivil dünyadan qopararaq radikalizmin qaranlığına sürükləməkdədir.


Sonda əgər əlavə etmək istədiyiniz və ya oxucalarımıza çatdirmaq istədiyiniz sözlər varsa, buyurun.

Oxucularınıza söyləmək istədiyim budur ki, boş vaxtlarını kitab oxumağa həsr etsinlər. Kitab oxumadan mənəviyat və dəyər icad etmək olmaz. Dünyada kitab oxumağa görə birinci yeri Yaponiya tutmaqdadır. Ortalama hər yapon ildə 25 kitab və bir dərgi oxuyur. Ona görə də Yaponiya dünyanın ən demokratik və inkişaf etmiş ölkəsidir. Zəlzələlərlə də boğuşub qalib gəlirlər. Bu xalq son 200 ilin ərzində kökdən dəyişib və düşünən millət oldu. Biz də kitab oxuyan millət olmazsaq, gələcəyimizi terorizm, ifratçılıq saracaqdır. Hər il bitdiyində insan özü üçün hesabat verməlidir ki, bu il oxuduğum kitablar içində hansıları təsirli və öyrədici idi?

 Güntay bəy, vaxt ayırıb suallarımızı cavablandırdığınıza görə təşəkkür edirik.

Siz də sağ olun ki, böylə düşündürücü, anlamlı sorular sordunuz. Sualla-cavab dialektikasında hər zaman məzmunlu suallar cavabdan üstün olmuşdur.
15. 06. 2013
Sevda Əliyeva – The Azer Times

Hiç yorum yok:

Yorum Gönder