8 Ağustos 2013 Perşembe

Düşündürücü və şübhələndirici fikirlər


Düşündürücü və şübhələndirici fikirlər.

Güntay bəy günümüzdə modern qavramı üzərinə ölkəmizdə bəzi mübahisələr var. Bu haqda sizin də görüşünüzü almaq istərdik.

Modern olmaq və ya modernitənin legitimliyini sağlayan onun gələnəklərlə, əski ənənələr və həyat ölçüləri ilə mücadilə etməsidir. Modernizm və modernist ifadələrinin XVIII əsr aydınlanma çağına aid olduğunu yazanlar var. Alman mütəfəkkir xanım Hanna Arendt hesab edirdi ki, “modernitə dövrü sadəcə modern dünya deyildir. Elmi baxımdan modern dövr XVII əsrdə başlamış və XX əsrdə sona çatmışdır.” Arnold Toynbi kimi tarixçilər isə renesansdan etibarən, modernitənin üç mərhələsini təsbit etmişlər: 1- Renesans. 2- Renesansdan başlayaraq XVII əsrə qədər davam edən rasionalizm sürəci. 3- XVIII və XIX əsri içinə alan intellektualizm və siyantizm (scientifical) mərhələləri. Toynbi XX əsri postmodern dönəm adlandırmış. Toynbi bu üç mərhələni ağılpərəstliyin ortaya çıxışı və XX əsrdə postmodernitəni modernitənin antitezi kimi dəyərləndirər. Rasionalizm və intellektualizm arasındakı fərqi də açıqlamamız gərəkir. Rasionalizm tekniksəl ağılın, intellektualizm də nəzəri ağlın inkişafı anlamındadır. İntellektualizm ağlın öz işığına bürünməsidir. Bunu daha yaxşı açıqlaya bilməmiz üçün müsəlman bilim adamı və Nobel ödülü alan pakistanlı Abdussalamın fikirlərini də gətirməkdə fayda var. Abdussalam deyir ki, Avropada olan bəzi teknik gəlişmələr Çində yüzillər öncədən var idi. Lakin bu teknik inkişafın arxasında nəzəri və teorik bilgilər olmadığından əqli aydınlanmaya səbəb olmurdu. Qərb bu nəzəri aydınlanmanı kəşf etdi və Qərbdə insan ağlı bu şəkildə öz işığına bürünməyə başladı. Modernitənin əsasını nəzəri bilgilərin bir-biri ilə qarşılaşması təşkil edər. XVIII əsrdə bütün sahələrdə, o cümlədən siyasət, iqtisadiyat, sosial və kültürəl həyatda yeni fenomenlər orataya çıxdı ki, bir çoxları bunu modernitənin şüuru olaraq nitələmişlər. İqtisadi sərbəstlik, siyasi və fikri plüralizm modernitənin gətiriləridir. Modernitə və liberalizmin müdafiəçilərindən biri Karl Popper olmuşdur. O, “Açıq cəmiyyət və onun düşmənlərı” adlı ünlü əsərində liberalizmi və modernliyi savunmuşdur. Ona görə, əski Yunan filosofları Platon və Sokrat açıq cəmiyyətə qarşı olmuşlar. Bəzi araşdırmaçılara görə, ilk dəfə XIX yüzildə yazıçı Şato Beryan “modernitə” sözünü qullanmağa başlamışdır. Yenə də XIX əsrdə Cohn Raskin “Modern rəssamlar” haqqında bir əsər yazmışdır. Hegel də modern dövr haqqında fikirlərini söyləmişdir. Ona görə, modern dövr öylə bir çağdır ki, insan bu çağda özünü hər şeydən daha öncə insani və sosial münasibətlərin məhsulu kimi görməkdədir və öz iç dünyasına baxıb niyyətlərini göz önündə bulundurduğunda müqəddəs sayılan ölçülərdən fikirlərini uzaq tutur. Əski çağlarda cəsarət fərdi bir davranış idi, Ancaq modern anlamda cəsur olmaq öz şəxsi ölçülərinə görə davranmaqdan ibarət deyildir, əməllər başqaları ilə ilişkilər bütünü içində şəkillənməlidir. Bu, Heglin fikirləridir. Yəni bundan da böylə anlaşılır ki, kollektiv şüur, kollektiv davranış modernliyin əsas özəlliyidir. Diqqət etsəniz, kollektiv nəzərin seçimi olan prezident və ya başbaxan, parleman da bu dövrlərdən sonra açıqca gündəmə gəlmişdir. Yəni demokrasinin doğuş tarixini əski Yunan olaraq görsək də, modern çağda demokrasi özünü yeni modern iqtisadi, texnoloji, siyasi və fəlsəfi imkanlarla gəlişdirmiş, genişlətmişdir. Bu arada modernitə feili davranışlara üstünlük vermişdir, əməli davranışlara deyil. Əməlin arxasında hansısa bir nəzəriyyə və bilgi durmaz, əməl bir törəyə və gələnəyə görə davranış şəklidir. Lakin feilin arxasında bir teori, bir nəzəriyyə durmaqdadır. Feil, arxasında bir nəzəriyyə duran əməldir. Şarl Budler modernliyi bu şəkildə anlatmışdır: “Modernlik bir gerçəkliyin idrakıdır. O gerçəklik ki, orada əski həyat ölçülərindən yeni həyatda bəzi şeylərin izi qalmışdır və biz onunla qarşılaşmalı, savaşmalıyıq.” Görüldüyü kimi, modernlik tam anlamı ilə mühafizəkarlığa qarşıdır. Lakin əski və yeni öyləsinə incə biçimdə həyatda iç-içə keçmişdir ki, yeni olanı əski olandan ayırd etmək asan iş deyildir. Bu gəlişmələrin yanı sıra “ağıl” ünsürünün modernitə dartışmalarının mərkəzində yerləşdiyi də görülmüşdür. Modern dövrdə ağılmərkəzli fəlsəfələrin inkişaf etməsinin yanı sıra onu tənqid edən filosoflar da meydana çıxmışdır. Modern dövrün ağılpərəstliyini ilk tənqid edən Jean-Jacques Rousseau (Rosso) olmuşdur. Rossodan təsirləndiyini dilə gətirən aydınlanma çağının böyük filosofu Kant deyirdi ki, “Dinin əsasını ağılpərəstlik veriləri olan fəlsəfə və məntiqlə incələyib açıqlamaq mümkün deyildir, bunun üçün başqa ölçüyə, yəni iman və sezgi ölçüsünə ehtiyac vardır.” Bu kimi, yanaşmalar hesabına din elmi və fəlsəfi həyatdan kənarlaşdırıldı. Din özü də teoloji elmi adı altında incələnməyə alındı. Modern dövrün inkişaf sürəcinə baxdığımızda bir şeyə tanıq oluruq ki, modernitə öncə gələnəklərə saldırmış, ya onu yox edib öz gələnəyini icad etmiş, ya da yox edə bilməsə də, onu bəzi reformlara uğradaraq özününküləşdirmişdir. Modern dövr, insanların göylərdən imdad və qurtarıcı bəkləməsinə qarşı çıxmış və buna son vermişdir. Diqqət etsəniz sırf bu dönəmdən sonra siyasətin qaynağı göylərin və Allahın iradəsi deyil, yerdə yaşayan insanların ortaq iradələrinin ürünü kimi meydana çıxmışdır. Modernitə dünyanın liberal ölçülərlə yenidən şəkillənmə sürəcidir. Modernitəni bu şəkildə də tanımlayanlar var: Modernitə Avropa dışında qalan ölkələrin sömürgə ölkələrə dönüşdüyü gündən başlar. Çünkü əqli inqilablarla Avropa irəlilədi və digər ölkələr dəyişim düşüncəsini yaxın buraxmadan öz adət-ənənələrinin bataqlıqlarında saplanıb qaldılar. Modern çağın mərkəzində haqq, modern öncəsi çağın mərkəzində görəv bulunmuşdur. Modern çağda həyat əqidə və inancdan üstün olmuşdur, modern dışı çağlarda inanc candan və həyatdan üstün olmuşdur. Dini dəyişdirmənin cəzası ölüm idi, ancaq modern çağda kimin dinini dəyişdirib dəyişdirməməsi heç bir hüquqi və cəzai qurumu ilgiləndirməz. İslam ölkələrinin çoxunda hələ də din dəyişimi böyük təhlükə ilə qarşılaşmaq deməkdir.   

Modernliyin Şərqdəki sərgüzəşti haqqında nə deyə bilərsiniz?

İslam ölkələrində modern inqilablar gerçəkləşmədiyindən təqlid etmək zorunda qaldılar, sömürgə durumuna düşdülər. Hələ də İslam ölkələrində iqtidar xalqın ortaq iradəsini deyil, Allahın iradəsini təmsil edir. Şərqdəki ədalətsizlik, zülm, istibdad, edamlar və sürgünlərin də səbəbi bu deyilmi? Oysa ki, Allah dini bir qavram olmaq üzrə onun, yəni Allahın sosioloji qavram qarşılığı xalqdır. Xaliq (Allah) dini və xalq sosioloji qavramlardır. İkisinin də anlamı birdir. Xalqın iradəsi və nəzəri ilə hesablaşmaq Tanrının nəzərinə sayqıdır. Tanrı insana bu ağlı nədən vermişdir? Bu ağıl sahibi olan insan, sadəcə öz yönəticisini də seçə bilməyəcəksə, o zaman bu ağıl nəyə lazımdır? Şərqdə iqtidar Allahın yer üzündəki təmsilçisidir, müqtədirin, yəni hökmdarın ağlı və iradəsi xalqın iradəsini təmsil etmir, “qutsal” Tanrı iradəsini təmsil edir. Sözdə Allahın təmsilçisi olsalar da, gerçəklikdə özlərini Allahın özü kimi, aparırlar. Ancaq adil Allah deyil, fərqli düşüncələrə doğum izni verməyən diktator, zalim, cəllad və qatil Allah kimi. Bir örnəklə bunu daha da yaxşı açıqlamaq olar. Son İran prezidentliyi seçimində Həsən Ruhani “Mən qeybə çəkilmiş imam Mehdinin və ölkənin dini rəhbərinin nəzərləri üzərinə seçildim” dedi. Bax, xurafat budur. Öz mənafelərinə xidmət edən bir mehdi uydurmuşlar və bu mehdinin də qlobal bir fəlsəfəsi, ədalət anlayışı yoxdur. Onun missionu İranda düşüncələri, duyquları, azadlıqları molla-kapitalist sinfi tərəfindən əsir alınmış bu xalqa prezident seçməkmiş! Aydınlanmış, etiraz haqqını əldə etmiş modern insan ağlı bu kimi xurafatı qəbul edərmi? Bu sözləri ölkə prezidenti Almaniyada, Finlandiyada söylərsə, xalq qəbul edərmi? Kəsinliklə etməz. Nədən? Çünkü Avropa insan ağlına özgürlük tanıyan modern dövrü başarı ilə gerçəkləşdirdi. Qərbdə iqtidarın amacı Şərqdə olduğu kimi, insanların düşüncəsini daha da qaranlığa gömməkdən ibarət deyildir. İqtidar insanların düşüncəsinin önündəki əngəllərin aşılmasına yardımçı olur. Bu baxımdan Qərblə Şərqi müqayisə edəcək olursaq, Qərb insanı günəşli gündüzdə, Şərq insanı aysız və ulduzsuz qaranlıq gecədə yol gedirlər. Şərqin tarixində bu qaranlığı aydınladacaq heç bir düşüncə örnəyi də yoxdur. Mövlananı, Hafizi örnək söyləməklə olmaz. Onlara bənzərlər Qərbdə də olmuş, Volterlər, Şekspirlər. Siyasi fəlsəfə yazan və düşüncə, inanc plüralizmi kimi fikirləri kitablarında mətnləşdirən siyasi filosoflarımız olmamışdır. Olmuşsa hanı, haradadır? Yalançı iftixar duyqusu ilə sorunlarmı çözülər? Şərq mədəniyətin beşiyi imiş kimi, xoşagəlimli söyləmlər də hamısı iftira və yalan. Hanı o mədəniyətin ürünləri, haradadır? Mədəniyət edammı, işkəncəmi, düşünənləri susdurmaq, düşünürlərin səsini boğmaqmı? Nədir mədəniyət? Sırf bu üzdən də təqribən 200 ildir Şərqdən Qərbə doğru beyin qaçısı davam etməkdədir. Rəsulzadə, Əhməd Ağaoğlu, Axundov, Ziya Göyalp, Atatürk kimi, bir çox düşüncə əhli də avropalaşmağı qurtuluş yolu oalaraq ortaya qoydular. Osmanlı məşrutəsindən sonra bir çox Anadolu aydınları qərbləşməyi adamlaşma olaraq yazırdılar. Çünkü eyitimi olmayan xalq kütləsinə sahib idilər və bu kütləni də yalnız Qərb metodu ilə eyitə bilərdilər. XIX əsrdə Qacarların Qərbdə olan səfiri Mirzə Əbulhəsənxan Elçi xatirlərini “Heyrətnamə” adlı kitabında yazdı. Yazır ki, Qərb insanı o qədər azad, qadınları o qədər əxlaqlı və sərbəstdir ki, bunların heç biri Şərqdə yoxdur. Nə Qacarlarda, nə də Osmanlıda, heç birində yoxdur. Zatən bizim tariximizdə təhsil almış qadın olmamış. Qadın haqları da modernitənin gətirisidir. Tariximiz eyitimsiz və düşüncə ürətə bilməyən kişilərin qaba hərəkətləri və davranışlarından ibarətdir. Qadına haqq tanıyan ölçülərimiz, hüquq anlayışımız olmamışdır. Bizim tarixdən silinməsi gərəkən kültürümüzdə kişilər bir-birlərini aşağılamaq üçün qarşı tərəfi qadına bənzədərlər. Buna ilk etiraz edən Mahatma Qandı oldu. Qandı deyirdi ki, ölkəmin qadınlarının haqlarını bərqərar etmək, onlara “siz də insansız” fikrimi isbat edə bilmək üçün özümü fikrən və ruhən qadın etdim. O, Hind inancında mövcud olan “brahmaçarya” andlaşmasıyla öz xanımı ilə də bütün cinsi ilişkilərini kəsərək Hindistanın qurtuluşu və modernləşməsi üçün qeyri-aqressiv yöntəmlə savaşaraq dünyanın demokratik və laik ölkələrindən biri olan modern Hindistanı qurdu. Günümüzdə Hindistan milli məclisində 120 partiya var. Müsəlmanlardan başqa bütün müxtəlif məzhəblər demokratik siyasətlə məşğul olurlar. İslamın kitabını bir kərə sona qədər oxumamış, İslamda cihadın nə anlam daşıdığını bilməyən bir sürü insan hansısa şeyxin fətvası üzərinə silahlı savaşa başlayır və hələ də İslam dünyasında Allahın böyük neməti olan bu ağılı qullanan yoxdur. Anadoluda Atatürk zorlama ilə öz xalqına modern yönətim şəklini qəbul etdirdi. Yoxsa Atatürkün zorlaması olması idi, orada da şəriəti bərqərar etmək istəyirdilər. Düşünün, Atatürk bu tətbiqatı gerçəkləşdirməsə idi, Türkiyə də Əfqanistan, İran və Misir kimi olacaqdı. Atatürk yoxluqdan modern bir ölkə qurdu. Heç bir sənayeləşməsi, aydınlanması, bilgisi və kitabı olmayan bir tarixdən modern ölkə çıxardı. Doğrudur, indi Atatürkü xilafəti devirmklə suçlayırlar. Əslində isə, Atatürkün ən böyük inqilabı xilafəti tarixdən silməsi olmuşdur. İslamda xilafət olmamışdır. İslam tarixində xilafət günün şərtlərinə görə ortaya çıxmışdır. Quranda nə xilafət var, nə də imamət. Bunların heç birisi də modern dünya ilə və çağımız İslam anlayışı ilə uyqun deyildir. İslam deyir sorunlarınızı şura ilə çözün. Şuranın modern adı demokrasidir. Lakin din üzərinə modern təfsirlər gəlişdirilmədiyindən bu qədər sorunlar yaşanır. İxvan Misirdə iqtidara gələr-gəlməz, qadınların geyimi, baş örtüsü, özəl işləri ilə uğraşmağa başladı və nəticəni gördünüz. Oxumuş, dünyadan xəbərdar olan Misir xalqı milli ordusunu da yardıma çağıraraq irticanı devirdi. İxvan 13 milyon oyla iqtidara gəlmişdi. 22 milyon yurddaş imza ataraq İxvanın getməsini istədi. Modern Avropa ölkəsində iqtidarın dəyişimi üçün bu qədər imza toplansaydı, iqtidarda olan partiya dərhal seçim tarixini bəlli edərdi. Ən çox da azad qadınlar İxvan irticasına qarşı çıxdı. Küçələrdə başları açıq olan qadına İxvanın özəl şəriət polislərinin saldırdıqlarını xəbərlərdə oxuyurduq. Onlar bu qədər cahildirlər ki, bilmədilər 100 milyonluq bir ölkəni 10 min əhalisi olan əski Mədinə qurallarına görə, idarə etmək olmaz. İslama dönüşü VII əsrə dönüş kimi anlayırlar. İslama dönüş Qurandan və ağıldan ilham almaq olmalıdır. Qutsal mətnlərin də modern hermenevtiyi, modern açıqlanması olmalıdır, yoxsa tarix yerində donub qalar. Əski çağa dönüş, yəni irtica, əski mətnləri modern verilərin işığında izah edib çağa uyqulamanın adı tərəqqidir. Önəmli bir nöqtəni də açıqlamaq istərdim. Demokrasi bir dəyər deyildir. Demokrasi metod və aracdır. Dəyərlərin həyata keçmə və yarımşa aracının adı demokrasidir. Dəyərlər yarışı olmazsa, demokrasinin anlamı yoxdur. Azadlıq bir dəyərdir, demokrasi onun gövdəsi. Dəyərlər yarışması olmazsa, orada demokrasi beyinsiz bir başdır. Örnəyin İranda da seçim var. Ancaq İranda bir sol partiya qurula bilərmi? Demokrasinin məzmunu liberalizmdir, dəyərlər çoxluğudur. Bu üzdən də Qərb sosiolojisində liberal-demokrasi ifadəsi genəldə bir yerdə qullanılır. Burada liberalism məzmun və demokrasi formadır. Lakin İslam ölkələrində dəyərlərin ürətimi və yarışması olmadığı üçün demokrasi özü bir dəyərə dönüşmüşdür. Demokrasi social və siyasi amacların gerçəkləşmə aracıdır.

 Söylədikləriniz bilgilər işığında modernizm və postmodernizm arasındakı fərqi necə açıqlaya bilərsiniz?

Postmodernizm modernizmə qarşı tənqid zəminində ortaya çıxmışdır. Tənqid olmazsa ən gözəl fikirlər də paslanmağa və çürüməyə başlar. Postmodernizmin tənqidləri modernliyi ortadan qaldırmaq doğrultusunda deyildir, sadəcə modernliyin ağlı tanrılaşdırmasına qarşı çıxmışdır. Postmodernliyin tənqidləri mühafizəkarlığa söykənmirdi. Ancaq modernlik özü ağıl məsələsində bir növ mühafizəkar olmağa başlamışdı. Ağlı tənqid etməyin, yoxsa əski çağ geri dönər kimi, bir əndişə ortaya çıxmışdı. Lakin postmodernitə əski çağı geri gətirmədən modernitənin sırf ağılmərkəzli yöntəmini tənqid edirdi. Postmodernitənin modernitəni tənqidində böylə bir durum söz qonusudur ki, modernitə bütün dəyərlərə qarşı çıxaraq ağlı önə çəkdi və onu tanrılaşdırdı. Postmodetnitə ağlı da tənqid etməyə başladı və böyləcə postmodernitə bu fikri ortaya atdı ki, uğrunda öləcək heç bir şey yoxdur. Ölməmək və sadəcə yaşamaq gərəkir. Bu da, sanki bəzi sorunlara yol açdı. Çünkü insanın doğasında alturistik duyqular var. Başqaları üçün fədakarlıq edərək həyatı təhlükəyə atmaq kimi, bir duyqu. Postmodernitənin ana söyləmi budur ki, həyat və yaşamaq o duyqulardan daha üstündür. Yəni bütün dəyərlər, ülkülər və ideallar böyləcə çökmüş oldu. Postmodernitənin haqlı olduğu yerlər var. Aşırı fədakarlıq və alturizm insanı cahil saxlar və aqressiv edər. Lakin postmodernitə öz inkişafı sürəcində dini verilərin güncəl həyata daşınmasından yana tutum sərgiləmişdir. Modernitənin görməzlikdən gələrək üzərindən keçdiyi dini dəyərləri bu dəfə modernliyin də əqli imkanlarından yararlanaraq daha rasional şəkildə canlandırmaq istəmişdir. Postmodernitənin tənqidlərinə cavab olaraq Habermas ”Modernitə hələ tamamlanmamış sürəcdir, öz əksikliklərini düzəldəcəkdir” demişdir. Anlaşılan postmodernitə də modernliyin öz içindən doğmuş və onun əksikliyiyini bərtərəf etmək üçündür. Postmodernizm modernizmin bir üst mərhələsədir. Postmodernizm, özəlliklə dilçilik və qramatoloji sahəsində böyük elmi bilgilər ortaya qoymuş və dil fəlsəfəsi üzərində çox durmuşdur. 

Milli düşüncə və dövrümüzün problemləri haqda nələr düşünürsünüz?

Düşüncənin mərkəzində duran insanın həyatı, onun mutluluğu, güvənliyi və haqları olmalıdır. Hansısa qutsallaşdırılımış törələr və dəyərlər olmamalıdır. Humanizm də budur. Heç bir törə, heç bir dəyər və din insan həyatından, insan haqqından üstün deyildir. Dinlər də bu amac üçündür, ancaq din tarixində onun insancıl missionunu təhrif etmişlər. Bizim törələrimizdə və kültürümüzdə insana sayqı yoxdur. Törəyə və içi boşaldılmış molla-şeyx sinfinin çıxarlarına xidmət edən din anlayışına sayqı var! Bu mövzunu keçən əsrdə aydınlarımız ayrıntılı şəkildə yazmışlar. Mən oraya girmək istəmirəm. Şərq kültürü bu baxımdan monotondur. Milyonlarca mühacir Qərb kültüründə rahatca yaşamaqdadır. Bu qədər mühaciri Şərq kültürü qəbul edərmi? Etməz. Casusluq var bizim kültürün tərkibində, insanın özəl həyatına müdaxilə edər. Məsələn bizim şəhər olan Ərdəbildə, Təbrizdə bir sünni ailə gəlib yerləşsə idi, onu əziyyət etmənin bir yolu aranardı. Səfəvi sadizmi. İbtidai insanlarda bilə, bu sadizm olmamışdır. Başqaları ilə, başqa inanc və fərqli görüşlər və dəyərlərlə bir yerdə yaşama təcrübəmiz yoxdur. Bu təcrübəsizlik sadəcə bizə aid deyil, bütün Şərqdə yoxdur. İraqda şiə-sünni 1400 illik sorunlarını çözəmədən bir-birini qətl edirlər. Yaxın zamanda İranda da öylə olacaq. Etnik və məzhəb savaşları İranı da İraqın durumuna soxacaqdır. Təsəvvür ediniz ki, örnəyin 10 milyon xristian, buddist varıp İranda, Ərəbistanda yaşasın. O əhalinin saldırqan külütürü buna izn verərmi? Bu təcrübəni biz renesans, aydınlanma inqilablarını gerçəkləşdirmiş olan Qərbdən öyrənirik və bayrağımızdakı qərbləşmənin də anlamı budur. Bir toplum necə təcrübə qazan bilər? Öz içində və tarixində mövcud olan təzadları, təzadların çarpışmasını əhliləşdirməklə təcrübə qazanar. Bunun üçün köklü şəhər həyatı, fikir və teknoloji ürətimi gərəkməkdədir. Böyük filosof Martın Heidggerin görüşlərindən yardım alaraq, onun düşüncəsini təfsir edərək fikrimi anlatmağa çalışacağam. O, deyir ki, insanın dünyası üç bölümdən ibarətdir. Məncə bu üç bölümü sadəcə insan həyatına deyil, millət həyatına da aid etmək olar: 1- Bizi çevrələyən ekoloji mühit. 2- Başqaları ilə ortaq olduğumuz duyqu, düşüncə, davranış dünyası. Məsələn İslam bizim müsəlmanlarla, çağdaşlaşma da dünya ilə ortaq dünyamızdır. 3- Öz dünyamız, yəni sırf fərdin və ya millətin özünə aid olan dünya. Bu üçüncüyə diqqət etməliyik, çünkü bizim fərd və millət olaraq tarixi bilincaltımızdakı şifrələr və rəmzlər orada saxlanmaqdadır. Mənə görə, bizim özümüzə məxsus olan bu dünya 1501-ci ildə Səfəvilər tərəfindən təxrib edildi və biz dünyasız buraxıldıq. Əsas sorunumuz da budur. İndi o özəl dünyamızı yenidən inşa etmək istəyirik. İranda bizim təslim oluşumuz və sürətlə farslaşmağımızın da səbəbi budur. Özəl dünyamızdakı ulusal xatirələr yox edildi və yerinə mərsiyə, ağlaşma, şiddət, nifrət və saldırqanlıq dolduruldu. İranda yaşadığım xatirləri xatırladığımda, ya da yuxuma girdiklərində nə qədər anlamsız bir özəl dünyaya sahib olduğumuzu düşünrəm və şüuraltımda yerləşən bu xatirələr məni çox incidir. Bir kiçik küçədə bir neçə məscidin mikrofonlarından yüksələn ağlaşma, şaxsey fəryadları. Gecə yarısı insanların yuxusuna diqqət etmədən məscidlərdəki sayqısızca bağırtılar, zəncir və sinə vurmalar. Estetik tərəfi olmayan barışmalar. Opera, teatr, fəlsəfə, musiqi, dans nədir bilmədən və görmədən, sanki bitkisəl bir həyata təslim edilmiş həyatımız. Keçmişimiz budur. Hamısı tarixə girməmiş ibtidai toplumun çağdışı sızıltıları, bağrışmaları, molla-feodal qarşısında təslim olmaq, oysa ki, islam təslim və itaət Allaha olmalıdır. Böylə bir toplumun ağlında necə modern inqilab ışartıları oyatmaq olar? Bəlkə də insana sayqı duyan, öz ölkəsində yaşamaq haqqı olmayan mühacirlərə qucaq açıb yaşam haqqı tanıyan Finlandiya kimi gözəl ölkə, fin milləti kimi nəcib və şərif millətin təcrübəsini mənimsəməm də bu qonuda etkilidir. Zahirən kiçik, ancaq mədəniyyətcə çox böyük olan fin milllətinin mədəniyətinin mərkəzində duran insan, çevrə və heyvan haqlarıdır. Mədəniyətləri müqayisə etməklə nəyin nə olduğu reallıqda görülür, anlaşılır. Heç bir insani dəyər İranda mövcud deyil. Hafiz Şirazi kimi, böyük şəxsiyətlər yetişmiş, ancaq onların da imkanı olsaydı, ölkələrini tərk edib Qərbə gələrdilər. Necə ki, Füzuli bir qəzəlində yazır ki, bu müsəlmanlar arasında yaşamaq çox çətindir, bəlkə başıma bir xristianlıq sarığı sarıyaraq zahirdə özümü xristian göstərib batində müsəlman olmaqla rahat yaşaya bilərəm. Füzulinin qəzəli böylədir:
”Qeydi-İslam Füzuli sənə bir afətdir,
Bir hisar eylə sən ondan özünə zünnarı.”
Orada milli şüur icad etmək də çox çətin işdir. Son 500 illik tariximizdə şüur və ağıl ürünü olan bir tək nümunə təcrübəmiz yoxdur. 1828-ci ildən sonra Rus idarəsinə keçən indiki Azərbaycan ölkəsi o tarixi xatirələrdən ayrıldığı üçün qismən də olsa, şüurlanmağa başladı. Bir fürsət, bir şans yaratdı ”Türkmənçay” andlaşması. Çünkü toplumu millət edən onun dünya ilə təmas şəklidir. Rusiya ilə və ruslar vasitəsi ilə dünyayla təmas şəkli dəyişdi və Quzey Azərbaycan qaranlıq Səfəvi tarixi həbsxanasından qismən qurtardı. Cavid, Rəsulzadə, Sabir, Axundov və digərləri bunu açıqca dilə gətirmişlər. Milli şüurdan məhrum olan xalqlar öz həyat və ölümlərindən xəbərsiz olarlar. Fədakarlıqları da tarix nöqtəyi-nəzərindən anlamsız intihar özəlliyi daşıyar. Məsələn İran-İraq savaşında Xomeyni savaşa qatılmaq üçün fətva verdi. 13-70 yaş arasında şiə türk öncə ana dilində yazıb oxumaq istəyən türkmənləri Xorasanda qətl etdi, öndərlərini öldürdü, sonra da rəqəmlərə görə 300 min türk könüllü olaraq İraq savaşında savaşıb öldü. Nədən? Böylə də axmaqlıq olarmı? Bu qədər şüursuzluq və kəndi həyatını dəyərsiz görmə hansı millətdə var? Həyatdan daha dəyərli nə ola bilər? Nədən bizim xalq Xomeyni kimi qatil Səfəvi mollasının fətvasına öz həyatını fəda edir, qoyun kimi qurbanlıq kəsilirlər. Böylə kimliksiz bir millət olarmı? Səfəvilər qurulduğu gündən bəri Sasani hədəfləri yolunda qullanılan əşyalara dönüşdürüldük. Yazı dilini könüllü olaraq farsca edən, farsın hədəfləri yolunda fədakarlıq edən səfəvizədə türk! Bizi kölə olmaq üçün fədakarlığa zorlayan bu inanc və ideologiya sorqulanmalı deyilmi? Böyük Nadir Şah bu xəstə ideologiyanı ortadan qaldırmaq istəmişdi, ancaq başarısız oldu. Onun öldürülməsi ilə bizim aydınlığa çıxmağımız da durduruldu. M. Ə. Sabir “Fəxriyyə” adlı şeirində Nadir Şahı yaxalandığımız qorxunc xəstəliyə dərman tapan qurtarıcı kimi göstərmişdir.

Aydınlanma və modern inqilablar haqqında danışdınız. Bunun dini yönünü necə dəyərləndirirsiniz? Din dairəsi də bu gəlişmələrdən təsirlənmişmi?

Aydınlanma heç bir zaman dinin dışında gerçəkləşməmişdir. Çünkü din həm qurtarıcıdır, həm də toplumu qaranlığa gömə bilən vəsilədir. Bunu ən gözəl biçimdə Karl Marks açıqlamışdır. O deyir ki: din, mövcud durumlara bir etirazdır, din, ruhsuz vəziyyətləri ruhlandırandır, din, əzilən insanın iç fəryadlarıdır, din ürəksiz dünyanın qəlbidir və nəhayət din, xalqların tiryəki, əfyunu və uyuşdurucusudur. Marksın bu təsbiti çox doğru və yerindədir. İslam ölkələrində Quran bir yana buraxılıb və yanlış törələri, gələnəkləri İslam adına qəbul etmişlər. Bu içi boşaldılmış din də tam uyuşdurucu rolu oynamaqda, diktatorluğun yanında yer almaqdadır. Əzənlərlə işbirliyi edərək əzilənləri daha çox əzməkdədirlər. Avropadakı aydınlanma nə idi? Müqəddəsləşdirilmiş kilsə, keşiş anlayışını, dini sinfi bir yana buraxıb İncilin özünə və cövhərinə dönəmək idi. Bizdə də böylə bir aydınlanma sürəci başlamalıdır. İslamın tək qaynağı Qurandır və başqa şey deyildir. Quranın dışında xəlifə və imamlıq kimi anlayışlar təfərrüatdır və İslam tarixində ortaya çıxmışdır. Biz isə yalnızca və sadəcə olaraq Quranı dini görüşlərimizin rəhbəri olaraq görməliyik. İslam tarixində ortaya çıxan sapıq cərəyanlardan uzaq durmalıyıq. Bir örnək söyləmək istərdim. Quranın “Yasin” surəsində bolca hikmət və bilgi var. Bu surə başdan sona qədər, ancaq dirilərə xitab edər. Həyatında bu surəni və ya tərcüməsini oxumayan müsəlmanların çoxu yaxınları öldüklərində oxuyub, oxutdurarlar. Baxın “Yasin” surəsində keçən ifadələrə: "And olsun hikmət dolu Qurana", "Sən peyqəmbər olaraq göndərildin", "Doğru yoldasan", "Bu kitap diriləri uyarmaq üçündür", "Bizə düşən görəv, ancaq açıqca təbliğ etməkdir." Bu ayətlərin ölü ilə nə əlaqəsi var? Hələ Yasin oxuyan mollaya para da verilir. Qurani-Kərimdə din üzərindən para qazanmaq yasaqlanmışdır, haram elan edilmişdir. Çünkü Quranda mövcud olan bu qədər bilgi və mənanı Tanrı para almadan bizə təmənnasız olaraq vermişdir. O paranı verən də, alan da İslam və Qurana qarşı davranırlar. Aydınlanma da bu xurafələri ifşa etmək və dinin təməl ədalət və əxlaq anlayışına dönəməkdir. İslamda molla deyə bir dini sinif və din adamı qrupu olmamışdır. Peyqəmbər indiki sözdə din adamları kimi, fərqli sarıq və cübbə geyinərək özünə din adamı deməmişdi. Onun geyimi də xalqın geyimindən heç fərqlənməmişdi. “Din adamı”nın üzərinə bir cübbə taxıb xalqdan fərqlənməsi Hz. Peyqəmbərin icad etdiyi İslam kültürünə tərsdir. Nə Peyqəmbər bu işi etmişdir, nə də Əbubəkir, Ömər, Əli və Əbuhənifə kimi din bilginləri. Din adamı deyə bir status İslamda yoxdur. Hər kəs təqvasına görə fərqlənir və bunu bilən də yalnızca və sadəcə olaraq Tanrıdır. Səfəvilərdən sonra molla-feodal sinfi dinə girdirilmişdir. Bilgə var İslamda. Bu bilgələr də bir sinif oluşdurmazlar. Din üzərindən para qazanmazlar. Ən haram para din üzərindən qazanılan paradır. Peyqəmbər zamanında ölünü basdırırkən yasin oxunaraq paramı qazanılmışdır? Bunların hamısı molla-feodal sinfinin İslam tarixinə soxduqları sapıq və İslama zidd olan olaylardır. Peyqəmbər zamanında bu batil ənənələrin heç biri yox idi. Başqa fanatik davranışlar örnəyi də dinə yüklənmişdir. İslamda dörd suçun cəzası var: 1- Qətlin, 2- Zinanın, 3- İftira və yalanın, 4- Başqasının əməyini çalmanın, oğurluğun. İçki içmənin cəzası yoxdur Quranda, sadəcə içməmək tövsiyə edilmişdir. Ancaq İslam ölkələrində içki içəni şallaqlayıb adamın şəxsiyyətini heç edirlər. Diqqət etsəniz adam öldürmək yasaqdır. Ancaq Rafiq Tağının bir yazısına görə, İran mollası fətva verir və Azərbaycanın yobaz fanatı onu öldürür. Böylə bir İslam yoxdur. Mövlana “Məsnəvi”sində yazır ki, “Heç bir kafiri bilə, aşağılamayın ki, son nəfəsində müsəlman ölməsinə bir fürsət və şans qalsın.” İslam və İslam böyükləri bu şəkildə düşünməkdə ikən, hansısa ayətullah Allahmıdır ki, ölüm fətvası çıxarır? Canı Allah vermiş və yalnız O, ala bilər. Bəşəriyət üçün Rafiq Tağı yararlı idi, yoxsa bütün həyatı haram üzərinə qurulmuş və insanların inancını sömürərək haram para qazanan ayətullahmı? Günümüzdə xalqımızın şüuru İslam adına uydurulmuş qavramlarla əsir alınmışdır. İranda Xomeyni öndərliyində gerçəkləşən şiə üsyanından sonra səfəviyət yenidən xortladı. Əslində İranda inqilab olmadı. Çünkü inqilabın kitabı və teorisi olmalıdır. Sasani məcusiliyi İslam kültürünə sızaraq imamət adında bir anlayış uydurmuşdur. İslamın kitabı olan Quranda isə nə xilifə var, nə də imam. Heç birisi yoxdur. İslam kitabında sorunların çözümü üçün şuranın qərarına görə davranmaq hökm edilmişdir. Hz. Peyqəmbərin vəfatından sonra da xilafət o günün şərtlərinə görə, siyasi teori olaraq gəlişdirildi. Bu, o demək deyil ki, bu siyasi sistem əbədiyən sürməlidir. Quranda keçən şura sözünün modern tanımı demokrasidir. Nə xilafətə gərək var, nə də imamətə. Bu haqda böyük müsəlman mütəfəkkir İqbal Lahuri də çox düşünmüş və fikirlərini kitablaşdırmışdır. Ona görə “son peyqəmbərlik” ifadəsinin anlamı budur ki, artıq bundan sonra elmi və təcrübi ağlınızı qullanmalısınız və daha sizlərə bir daha peyqəmbər gəlib kitab gətirməyəcəkdir. Bu üzdən də İqbal Lahuri Atatürkün Türkiyədə xilafəti qaldırıb laik düzənə keçşini böyük həyəcanla alqışlayırdı. İslamın və insan haqlarının önündə əngələ dönüşən xilafət və imamət anlayışları modern siyasi litrətürdən silinməlidir. Atatürk laikliyi Anadoluda tətbiq etməsəydi, indi Türkiyə də Misir, Əfqanistan və İran kimi Doğu Orta Çağının qaranlıq bataqlığında batıb qalacaqdı. İmamət isə, tam olaraq İslam qarşıtıdır. Bu anlayışa görə, Əlinin haqqı yeyilmiş və imam da peyqəmbər kimi Allahdan vəhy alır! İmam xəta etməz və məsumdur! Siyasi iqtidar ona xasdır və son Mehdi gələnə qədər iqtidar Mehdinin naibləri, yəni yardımçıları olan müctəhidlərə, ayətullahlara məxsusdur! Yeri gəlmişkən xalqımızın bu mövzuda aydınlanması üçün “mehdi” məsələsi ilə bağlı bəzi açıqlamalar vermək istərdim. Böyük İslam mütəfəkkiri İbni-Xəldun və XX əsr islam düşünürü İqbal Lahuri görəlim “Mehdi” haqqında nələr düşünmüşlər? İbni-Xəldun “Müqəddimə” kitabının bir bölümündə “mehdiliyi” incələmişdir. Onun araşdırmaları mehdiliyin batil bir inanc olduğunu isbatlayan ən önəmli və tutarlı qaynaqdır. XX əsrin ən böyük müsələman mütəfəkkiri olan İqbal Lahuri də mehdiliyin batil inanc olduğunu isbat etmək üçün İbni-Xəldunun araşdırmalarından yararlanmışdır. İbni-Xəldun mehdiliyin batil inanc olduğunu isbatlayan 24 rəvayəti öz əsərində verərək hər bir rəvayətin batil olduğunu isbatlamışdır. İqbal Lahuri də bunlardan yararlanmışdır. Bu 24 rəvayət sünnət əhlinin kitablarında mövcuddur. Şiələrin bu istiqamətdə əfsanəvi və mifik rəvayətləri daha çoxdur. İbni-Xəlduna görə “Mehdi” ilə bağlı bütün rəvayətlər saxta, yalan və etibarsızdır. İbni-Xəldun hesab edir ki, mehdilik İslami fikir olmamış, sonradan İslam kültürünə girdirilmişdir. İbni-Xəldunun bu görüşündən ilham alan İqbal Lahuri dostuna yazdığı bir məktubunda yazır ki, “Məncə məcusi-zərdüşti görüşlər daha sonra mehdilik adı ilə İslam kültürünə sızmışdır. Çünkü tarixi, yaxşı və pis olaraq iki yerə bölmə İslam düşüncəsi deyil, məcusi düşüncədir. Bu da İslam kültürndə mehdilik adı ilə ortaya çıxmışdır. Tarixin axışında yaxşılar pislərə qalib gələcək və bunu da Mehdi bərqərar edəcəkmiş.” İbni-Xəlduna görə isə tarixin dinamizmi Habil və Qabildən başlayaraq davam edən bu təzadlardan ibarətdir. İbni-Xəlduna görə, mehdilik tarixin sonu deməkdir və tarixin sonu ola bilməz. İqbal Lahuriyə görə, şiə əhli nübüvvətin (peyqəmbərliyin) bitmə sürəsini 260 il gecikdirmişlər. İslamda peyqəmbərlik 23 il olmuşdur, ancaq şiəyə görə, peyqəmbərlik 23+260 il olmuşdur. Şiə görüşündə imamlar peyqəmbərin varislərdir və bütün peyqəmbərlik özəlliklərinə sahibdirlər. İmamlara vəhy gəlirmiş, qeybdən xəbər verirmişlər! Quranda və şəriətdə sabiqəsi olmayan qanunlar təsis etməyə imamların səlahiyəti varmış! Bu da yalnız peyqəmbərə xas olan bir yetki idi. İmamların missionu peyqəmbərliyi imamət adı ilə sürdürmək olmuşdur. Şiələrə görə, peyqəmbərin bütün yetkiləri imamlarda da olmuşdur. Şiələrin imamlara tanıdıqları özəlliklər xatəmiyəti (son peyqəmbərlik fikrini) inkar edirdi. Şiə Mehdisinin qeybə çəkilməsi ilə bağlı mövcud dəlillər də yetərsizdir. Şiələr deyirlər ki, Mehdinin düşməni olduğu üçün qeybə çəkilmişdir. O zaman bunu sormaq gərəkir ki, digər imamların düşmənləri yoxmu idi, onlar niyə qeybə çəkilmədilər? Bir başqa cavabları da budur ki, Allah 12 imamla bu sürəci kamala ərdirdi. Ancaq bu da tutarlı və yetərli cavab deyildir. Çünkü imamların sayısı yeddi də olsaydı, eyni iddiada bulunmaq mümkün idi. Necə ki, yeddi imama inanan ismailiyə də eyni iddiada bulunmaqda idi. Peyqəmbərin səhabilərindən heç birisi mehdiliyə inanmamış və müsəlman da olmuşlar. Mehdi qonusu etiqadi bir məsələdir. Yəni tarixi baxımdan onun varlığını isbat edəcək heç bir dəlil yoxdur. Peyqəmbər isə etiqadi bir məsələ deyildir. Tarixdə olmuşdur. Bəlli bir zamanda dünyaya gəlmiş, bəlli tarixi zamanda peyqəmbərliyə yüksəldilmiş, bəlli zamanda da vəfat etmişdir. Digər 11 imamlar da o şəkildə. Ancaq Mehdi böylə deyildir. Dünyaya gəlməsi də əfsanələr və miflər dumanlığındadır. Tarixi şahidlərlə Mehdinin varlığını isbat etmək mümkün deyildir, ancaq bir ideologiyaya inanaraq tarixdə olmayan birinin olduğuna inanmaq mümkündür ki, bunun rasional tərəfi ola bilməz. Çünkü Mehdinin tarixdə olduğunu isbatlayan heç bir tarixi sənəd mövcud deyildir. Şiələrin özü bilə, onun anasının hamiləliyinin gizlində olduğunu yazırlar. Dünyaya gəldikdən sonra da 5 il gözlərdən iraq yaşamışdır. O zaman bunu kim görmüşdür? Böylə bir şəxsin varlığını tarixi sənədlərə dayanaraq isbat etmək necə mümkün ola bilər? Ancaq şiələr onun gizlincə doğulduğuna inanır. Kimsə şiənin uydurduğu bu mifə inanmazsa, Allah onun yaxasından yapışmaz. Çünkü Allah ağıl dışı olana inanmağı təklif etməmişdir. Quranda da Mehdi haqqında heç bir ipucu, heç bir bilgi mövcud deyildir. Şiənin təsvir etdiyi Mehdinin qlobal amacı da yoxdur. O, zühur etdiyində ilk olaraq Əbubəkiri, Öməri, Ayişəni və peyqəmbərin digər ən yaxın dostlarını qəbirdən çıxarıb dirildəcək, onları kafir, münafiq və Əlinin haqqını yedikləri üçün işkəncə edib atəşdə yaxacaqdır! Şiənin təsvir etdiyi Mehdinin qlobal ədalət anlayışı yoxdur, sadəcə sünni öldürməyə gələcəkdir. Bu ideoloji inanca görə, bəşəriyyətin tək düşməni müsəlmanlardır, yəni sünnilərdir. Bunun da Sasani kültüründən şiələrə keçdiyinə inanmaq gərəkir və tarixi tanıqlar da bu yöndədir. Çünkü müsəlmanlar Sasani imperatorluğunu devirdilər. Bu üzdən Sasani-məcusi kültürü İslam və müsəlman düşməni olmuşdur. Sasaniliyin yenidən canlanması olaraq tarixə girən Səfəviyyət bu ideologiyani daha da yayqınlaşdırmışdır. İndi bu ideologiyanın qaranlıq dünyasında ölkəmizdə ayətullahlar hər türlü fərqli düşüncələri boğur, düşünənləri edam edib, zindanlarda çürüdürlər. İslamınsa ana söyləmi iman məsələsidir. İman nədir? İman sözünün kökü "əmin", "əmniyət"dir. İman etmək yəni əmniyyət (güvənlik) bərqərar etmək deməkdir. İman edən insanın daxilində iç kontrol sağlayan, əmniyyət bərqərar edən bir güc, bir denətim mexanizması ortaya çıxar. İman etmək də bu denəticinin olduğunu könüldə kəşf etməkdir. Bu denətləyici, insanın içində yoxdursa, Dostayevskinin yazdığı kimi, o, artıq bir canavardır, insan deyildir. Bu üzdən də psixolojik güvənliyin sağlayıcısı imandır. Böyük psixoloq Yung xəstələri arasında bir araşdırma aparmış. Psixolojik sorunu olan xəstələrin hamısı iman etməyən insanlar olmuşdur. Çünkü psixolojik dəngəni heç bir şey iman qədər sağlaya bilmir. İştə iman ölçəyində insan heç bir şəkildə yalnız deyildir. İmanı itirmək, imandan uzaqda durmaq, qorxunc boşluğa və öldürücü yalnızlığa təslim olmaqdır. Psixolojik dəngəsizlik də iştə budur. İçindəki o qutsal səslə birlikdə deyil isən, milyonların içində də yalnız qalacaqsan. Lakin bu, xurafələrə inanmaq anlamında deyildir. Dində bir reform olmalıdır, reform demək dinin ilkələrini dəyişmək deyildir. Dinin ana qaynağına dönməkdir. Bizim dinimiz İslamdırsa, onun da kitabı Qurandır. İmamlar, imamzada, pir, molla kimi dinlə bağlantısı olmayan bu anlayışlar haradan çıxmış? Bunlar dinin təməl qaynağı ilə insan arasında uçurum və məsafə yaradırlar. Dini reform demək əslində dini necə anlama şəklinə rasional baxış gətirməkdir. Martin Luter də bunu etdi. Reform dinin təməl qaynağını dəyişdirmək deyil, tam tərsinə ana qaynağa və yalnız ana qaynağa dönüşdür. Bu reform dini həyatımızda gerçəkləşməzsə, heç bir zaman bizim millət mədəni dünyanın bir parçası ola bilməz.


Siz tarix sahəsində də kitablar və məqalələr yazırsınız. Tarix haqqındakı kitablarınız Azərbaycanda böyük mübahisələrə, hətta şok açıqlamalara səbəb oldu. Necə oldu, tarixə də rəğbət göstərdiniz, ümumiyyətlə sizə görə, tarix nə deməkdir sizin tarix metodologiyanızı fərqli qılan amil nədir?
 
“Tarix nədir?” sorusu fəlsəfi bir sorudur. Oraya keçmədən öncə bəzi açıqlamalarda bulunmam gərəkəcək. Tarixçinin bir gözü keçmişə, digər gözü gələcəyə yönəlməlidir. Bu şəkildə bir tarixçilik bizdə olmamışdır. Tarixçilik Qərb aydınlanma hərəktinin ürünüdür. Çünkü tarixçilik, sadəcə tarixi olayların xronikasını bəlli etmək deyildir. Tarixçilik həm də tarixi azad etmək, onu azadlığına qovuşdurmaqdır, keçmişin nostalgiyasına gömülmək deyildir. Hegel deyir ki, “fəlsəfi şüur və elmi bilgəlik tarix bilinci dışında mümkün deyildir.” Tarix bu baxımdan elmin, incəsənətin və fəlsəfənin araşdırması gərəkən meydandır. Bir çox millətlərdə, o cümlədən bizdə tarix heyranlığı var. Sanki bizim dədələrimiz tarixdə böyük işlər görüblər, ancaq biz o mirasa sahib çıxa bilməmişik! Ancaq hanı o ulu dədələrin düşüncə mirası? Hansı kitablardadır? Bunların hamısı ölüpərəstliyin nəticəsidir. Almanlar da bu xəstəliyə düçar idilər. Ancaq alman aydınları milləti bu xəstəlikdən xilas etdilər və aydınlanmanın da əsas amacı budur. Böyük filosof Nitşe almanların tarixpərstliklərini “kor və cahilcə vurqunluq” adlandırırdı. Tarix, keçmişimizdə bulunan təcrübələr yığınıdır. Bu təcrübələrin yararlı və yararsız tərəfləri vardır. Ondan günümüzdə yararlana bilmək üçün bir çox yöndən araşdırılıması gərəkməkdədir. Bilinməyən, tanınmayanın harasının verimli və harasının zərərli olduğunu necə idrak edə bilərik? Alman mütəfəkkir Teodor Lissinq “Tarix məna və mənasızlıq bağışlayan durumdur” söylər. Şüurlanmaq varlığın və tarixin aydınlığında yer bulmaqdır. Bu aydınlıq ortamında gizlin imkanlar üzə çıxarıla bilər. Bir tarixpərəst və tarix heyranı olan adam nə öz ağlına güvənər, nə də ağlın icad edici funksionuna önəm verər. Onun görüşləri daha öncədən tarixdə mövcuddur. Tarixdə bəlli aqressiv ideologiyalar, inanclar olmuşdur. Bunların mahiyəti açıqlanaraq tarixə gömülməli, günümüzə müdaxiləsi önlənməlidir. Tarix sorqulanmadıqca bütün aqressiv və kötü yanları ilə bir yerdə millətin indiki zamanını işğal edər. İndiki zamanı keçmiş zaman tərəfindən işğal edilən millətlər həm öz varlıqları üçün, həm də bəşəriyyət üçün təhlükəlidirlər. Tarixi ilə hesablaşıb başarılı addımlarla modern dünyaya girən millətlərdən biri Japonlar. Japoniyada Samuraylar bir-birini kəsərdi. Japonların şiddət enerjisini japon aydınlar yaradıclığa, elmi, fəlsəfi fəaliyət sahəsinə yönəltdilər. Japoniya öz əski tarixi ilə vidalaşıb daha modern və insani tarixə girdi. Günümüzdə Japoniya dünyanın ən demokratik ölkələrindən biridir. Qərbdə japon siyasi mühacir tapa bilməzsiniz. Ancaq Çin öz tarixinin qaranlığında gömülü qaldı. 60 milyon Çin vətəndaşı bu qaranlıq tarixin Çinin indiki zamanını işğalı üzündən Qərb ölkələrində siyasi mühacir durumundalar. Ya da İran öz tarixinin qaranlıq bataqlığına çox sərt bir şəkildə gömülmüş. Digər İslam ölkələri də hələ öz Orta Çağ qaranlıq tarixlərindən qopmuş deyillər. Modernitə indiki zamanda gələcək yönümlü yaşama cəsarətidir. Tarixi təcrübələri sorqulamaq düşünən ağlın görəvidir. Yalnız bu sorqulamalar işığında yeni elmi, fəlsəfi bilgilər ürətmək olar. Bu haqda daha da ayrıntılı bilgi vermək istərdim.  Tarix elmi ilə daha rasional şəkildə məşğul olan böyük İslam mütəfəkkiri İbni-Xəldun olmuşdur. İbni-Xəldun deyir ki, tarixçi olmaq üçün başqa bir elmə ehtiyacımız vardır. O, bu elmin adını məşhur “Müqəddimə” kitabında “imran” olaraq yazar. İmran elmini günümüzdə sosiologiya elmi olaraq tanımlaya bilərik. Alimə görə bu elm olmadan tarixi açıqlamaq mümkün olmayacaq. İbni-Xəldunu bir çox bilim adamı ümmətsiz peyqəmbər olaraq adlandırmışlar. Şərq bu böyük alimin metodlarından istifadə etmədi. Yenə də Qərb onu kəşf edib yöntəmini mənimsədi. Alman filsof Yaspers bu “mənimsəmə” haqqında demişdir ki, Qərb özünün olmayan, özü icad etmədiyi elmi, fəlsəfi dəyərləri mənimsəmə bilincinə sahib olmuşdur. Əvət, İbni-Xəldun sosiologiyanı da tarixi araşdırmaq üçün yetərli bilməmiş və tarix fəlsəfəsinə ehtiyacın olduğunu dilə gətirər. Lakin o, “tarix fəlsəfəsi” ifadəsini bu şəkli ilə dilə gətirməz. Yazar ki, mənim təsis etdiyim elm hikmət cinsindəndir. Modern çağda hikmət cinsindən olub tarixi incələyən elmə “tarix fəlsəfəsi” deyirik. Görüldüyü kimi, tarixçi olmaq sadəcə nəqliyatı araşdırmaqdan ibarət deyildir. On bir cilddən oluşan “Mədəniyyət tarixi” kitabının yazarı Will Durant tarixi qismən elm, qismən sənət, qismən də fəlsəfə olaraq tanımlar. Mən bu verilərdən yola çıxaraq tarix kitablarımı yazmağa çalışdım və amacım tariximizi bu qaranlıqdan azad etmək olmuşdur. “Səfəvilər” kitabımda İslam sonrası məzhəb və təriqət cərəyanlarını incələmiş, onların mahiyyətini açıqlamışam. Günümüzdə bunlara ehtiyac olub olmadığı suallarını ortaya atmışam. Tarix elmində bir historioqrafi var, bir də historioloji. Historioqraf olayların baş verdiyi zaman yaşar və hadisələri gördüyü və ya eşitdiyi kimi qələmə alar. Onun hadisəşünaslıq və tarixşünaslıqla işi olmaz. Əsasən xidmət etdiyi sultanların və görüşlərin yararına yazar. Lakin historioloq sonrakı çağlarda yaşar və o, bir tarixşünasdır. Historioloq hadisələrin oluşduğu zamanda yaşasaydı, başını kəsərdilər. Bu üzdən də anladıldığı kimi, historioloji sənətə, elmə və fəlsəfəyə, ədəbiyyata, törə biliminə və digər sahələrə ehtiyac duyar. Historioloji açıdan baxdığımızda bir acı gerçəklə qarşılaşmaqdayıq. Səfəvizədə tarixi İran mühitində türklük şüuru doğmaz, doğa bilməz. Türk milli şüuru bu tarixin antitezi kimi, ortaya çıxa bilər. Səfəvilərdən sonrakı sürəcdə İranda fars milliyətçliyinin ideologiyasını yazan əsasən səfəvizədə türklər olmuşlar. Bir sünni kürdün, türkmənin və ya ərəbin, özəlliklə modern dönəmə keçişdə fars milliyətçiliyi nəzəriyyəsinin yazımında təsiri olmamışdır. Ancaq səfəvizədə türklər farsçılıq etməkdə meydanı boş buraxmamışlar. Yüzlərcə deyil, minlərcə səfəvizədə türk farsçılıq etmiş, türkləri aşağılamışdır. Şahnaməni yenidən yazdıraraq oraya türkləri aşağılayan beytləri yerləşdirən Şah İsmayıldan tutmuş, Kəsrəvi kimi, yüzlərcə türk farsçılıq etmişdir. Çünkü səfəviyət bir fars irqçiliyi ideologiyası olmuşdur. Tarixdə bir gerçək var, bir də gerçəklik. Gerçəyin açıqlanması elmdir, gerçəkliyin açıqlanması başqa elm də gərəkdirər. Buna irfan deyirik. Yəni gerçəyi oluşduran, hərəkətə zorlayan inanc və ideologiya nə olmuşdur sorusuna cavab bulma eyləmi. Gerçəyin idrakı ilə gerçəkliyin idrakı fərqli mövzulardır. Fərqli metodologiya gərəkdirər. Gerçəkliyin açıqlanması sezgiyə dayanmaqdadır. Gerçəyin verilərini əldə bulunduraraq gerçəkliyi və niyyətləri sezgi və gözləmlə açıqlamaq mümkündür.

Qərbdə yaşayan bir yazıçı olaraq bizim diasporamızın fəaliyətlərini necə dəyərləndirirsiniz?

Başqa ölkələrdə, özəlliklə modern Qərb mədəniyyəti ortamında bir topluluğun milli varlığını qoruya bilməsi üçün fərqli və rasional bir inanca sahib olması gərəkir. Yəhudilər və ermənilər kimi. Çünkü millətlərin tarixi varlığını qoruyan ortaq inanc və bu inanca bağlı dəyərlər, davranışlar, reflekslər və əxlaq nizamıdır. Bizi də ancaq İslam qoruya bilər. Lakin bizim İslam anlayışımız Qərbə yerləşən ailələrdə aşağılıq kompleksi oluşdurur və ailə öz evladının bu inancdan uzaqlaşmasını istəyir. Öz həyat meyarlarını mədəni dünyanın ölçüləri ilə müqayisə etdiyində görür ki, insanlığa lazım olacaq heç bir şey onun tarixi xatirələrində mövcud deyildir. Bu üzdən də Qərbdə dünyaya gəlmiş birinci, ən uzağı ikinci nəsldən sonra şiə ailənin çocuğu asimilə olaraq əriyib gedir. Bu səbəbdən bizim milli diaspora adlandırdığımız qurumda Qərbdə dünyaya gələrək sosial status qazanmış şəxsiyətlərə rast gəlmirik. Ortalıqda olanlar kimdir? Bulunduqları ölkələrin dillərini doğru-dürüst bilməyən, sosial və maddi status qazanmamış insanlardır. Zənginləşmiş insanlarımız yoxdur. Çünkü Qərbdə zənginləşmə sürəcində onun inancında dirəniş göstərəcək insani, dini və milli dəyərlər mövcud deyildir. Diasporada Qərbdə dünyaya gəlmiş birinci və ikinci nəsllə qarşılaşmırıq. Olması da mümkün deyil. Qərbdə dünyaya gəlib sosial status qazanaraq ölkənin iqtisadi, mədəni, siyasi kültürünə  inteqrə olan adamın milli və dini olaraq heç bir şeyi qalmaz, çünkü ona onur qazandıracaq milli inancı və dəyərləri yoxdur. Asimilə olub gedər. Bu qədər mədəni basqı qarşısında qoruyub saxlayacaq nəyi var? Erməni və yəhudilərdə durum fərqlidir, onların fərqli və mədəni inanc sistemləri yüzillər boyunca milli varlıqlarının qorunmasına xidmət etmiş. Bu yolda təcrübələri var. Ayrıca, ailə özü də Qərb mədəniyəti ilə tanış olduqdan sonra evladının milli xatirələrinin unudulmasını istəyir. Məsələn evladına get Avropanın küçələrində əlinə bir zəncir al başına dövmü deyəcək? Nə var bizim milli inancımızda? İnancsız da mədəni və kültürəl dirəniş mümkün olmamışdır. Tarixi, milli və kollektiv şüuraltında saxlı olan xatirələri qoruyan inancdır. Avropada yaşayan şiə bir ailə nə qədər məsxərə və antiinsani bir inanışa sahib olduğunun fərqinə varır və aşağılıq kompleksi içinə girir. Çalışır ki, bu inancdan nə miras qalmışsa yox olsun. Evladının xatirələrindən hamısı silinib getsin. Avropada küçənin ortasında adamlar başına zəncirlə döysə, dəstə-dəstə qara geyinib sinələrinə vurub sürülər şəklində ağlaşsalar, bu ölkənin insanlarının etik və estetik dəyərləri pozulmağa başlar və dərhal polis müdaxilə edər. Bu bir suçdur. Polis dərhal yaxalayıb uzaqlaşdırar. Öz ölkəndə etdiklərin modern dünyada yasaq və antinsanidirsə, burada necə qoruya bilərsən öz “milli” varlığını? Məncə Azərbaycanda da açıq mühitdə və böyük camilərdə bunu yasaqlamaq və Avropada olduğu kimi, bu adamları tutuqlamaq gərəkir. Gedib öz evində, onu da qonşulara mane olmadan zirzəmidə filan bağırıb özünü zəncirlə döyərək İslamla ilgisi olmayan bu qorxunc kompleksini boşaltsın. Çünkü biz İslam mədəniyətinə mənsubuq və İslamın da kitabı Qurandır, Quranın heç bir yerində zəncirlə özünüzü döyün, sinə vurun, sürüləşərək küçələrdə bağrışın deyilməmişdir. Yəni Avropada yaşayan İrandan və Azərbaycandan gələn şiə ailənin şüuraltında insani və qlobal sayılacaq heç bir dəyər mövcud deyil. Onlar Qərbə gəldikdən sonra necə məsxərə göründüklərinin bilincinə vararaq, aşağılıq kompleksi içinə girirlər. Tarixi durumlarından həmən qurtulmaq istəyirlər. Şiə davranışlarını modern və həyatdan zövq almağı amac edən Avropa insanları qəbul edə bilməz. Kürdlər bu baxımdan şanslıdırlar, onlar nə İranda, nə də xaricdə bir mollanın fətvası və mərsiyəsi ilə sürü şəklində ağlaşıb bağrışmırlar, çünkü onlar müsəlmandırlar. Avropada kürdlər çox böyük intelektual iş görürlər. Yüzlərcə kitab öz ana dillərinə tərcümə və çap etmişlər. Onlarca kürd din adamı sadə geyimi ilə kürd milli hərəkətinin içində yer almış. Bizdə bir tək molla da yoxdur, olması da mümkünsüz. Çünkü mollalığı və onun çirkin geyim şəklini nə modern dünya qəbul edər, nə də milli düşüncə. Avropa kitabxanalarına baxıldığında kürd bölümündə minlərcə kürdcə kitab var. Hamısı da son 30 ildə tərcümə edilib və ya yazılmışdır. Bütün rus klasikləri, Qərb böyük yazarları və filosoflarının əsərlərini Avropada yaşayan kürdlər öz dillərinə tərcümə etmişlər. Bizim dilimizdə bir qəfəsə də yoxdur. Bizim intellektual və mədəni varlığımızdan Qərb kitabxanalarında əsər-əlamət yoxdur. O zaman sormaq gərəkir ki, kitabı olmayan bir toplumun bəşəriyyətə nə xeyiri ola bilər? Kitabsız, bilincsiz bir topluluğu hansı modern qurum və quruluş ciddiyə alar? Kültür antropologiyası məsələsidir. Səfəvilərdən sonra ortaya çıxan mazoxist kültürümüzü nə İslam dünyası qəbul edər, nə də mədəni modern dünya. Təsəvvür edin ki, son 500 ildə biz öz dilimizi toplu və milyonlar olaraq yaşadığımız İranda qoruya bilməyərək farslaşmışıq. İnancımız bizi asimilə etmiş. İndi 4-5 nəfər gəlib Qərbdə necə dirənə bilər? İranda modern fars milliyətçiliyinin milli ideologiyasını yazanlar istisnasız olaraq səfəvizədə türklər olmuşlar. Səttar Xan və Xiyabani kimi sovetlərin bizə milli qəhrəman olaraq sunduğu adamlar da bu ideologiya yolunda fədakarlıq etmişlər.  Asimilə olmaq üçün fayda da var. Keçmişini evladına buraxmaq istəmir. O keçmişlə Qərbdə insanca yaşamaq olmaz. Bunun tək çözüm yolu var. Uzun vədədə Səfəviyətin kökünü insanların şüurundan qazmaqla qurtula bilərik. Fransada eyitim almış Əhməd Ağaoğlu da bu haqda çox düşünmüşdü. Tək çarəni keçmişimizin, özəlliklə səfəviyətin günümüzə müdaxiləsini önləməkdə görmüşdü. Nə bir sərmayə, nə bir kitab, nə də bir düşüncə miras qalmışdır tariximizdən. Bütün işıq və umut yolları tıxanmışdır. Bizə miras qalan tarixi təcrübələrdən umut kəsilmişdir, bu təcrübələr mədəni dünyaya gərək deyildir. Milli məsələni qlobal insan haq və azadlıqlarının dışında anlamamalıyıq. Dilimizdəki bilgi və reflekslərə elmin, fəlsəfənin və insanlığın ehtiyacı yoxdur. Örnəyin tarixi xatirələrimizdə yer alan “imam”, “imamzada” kimi sözlər modern mədəniyyətin nəyinə lazımdır? Bir mühaciri təsəvvür edin. Onun evladı öz ağlını qullanıb Avropanın geniş imkanlarından yararlanmaq yerinə, gedib Bakının, Məşhədin pirlərini ziyarət edib yardımmı ummalıdır? Səfəvilərdən sonra hissən, fikrən, vizion və inanc şəkli olaraq mədəni dünyanın və mədəni tarixin dışına çıxarılmışıq. Milli məsələ də mənə görə mədəni tarixin axışı içinə girmə çabasıdır. Bu söylədiklərim çox acı gerçəklərdir. Kimisə rahatsız edə bilər. Lakin XVI əsrdə də Martin Luter almanlara deyirdi ki, siz vatikanın kölələrisiniz, bu inanc və cəhalətdən qurtulmadığınız sürəcə də kölə olaraq qalacaqsınız. Səfəviyət bizi əcnəbi köləsi olamağa məhkum etmişdir. Bu fəlakəti başımızdan və şüurumuzdan ata bilsək biz də almanlar kimi, qısa sürədə böyük inkişafa imza ata bilərik.

 Sizin ana vətəniniz Güney Azərbaycandır. Yəqin ki, oradakı gəlişmələri də izləyirsiniz. Orada milli kimliyimiz ciddi asimilasiya ilə qarşı-qarşıyadır. Bu problemin qarşısında dirənmə imkanlarını necə görürsünüz?

Əlbəttə izləyirəm və tarixdən qopuşumuz üçün intellektual mücadilə verdiyimi düşünürəm. Sizin Güney Azərbaycan dediyiniz və İranın quzeyində bitişik şəkildə bütün türk yurdlarına mən Türkeli adını vermişəm. Güney Azərbaycan da Türkelinin içində bir əyalətdir. Bizi Səfəvi kimliyi və tarixinə qapanmışlıqdan azad etmənin yolu ölkəmizin və kimliyimizin adlarını türkləşdirməkdir. Səfəvi dövləti qurulduqdan sonra şəhərlər hızla farslaşmağa başlamışdı. Xalqın dilində sadəcə mərsiyə ədəbiyatından oluşan ağlaşma ədəbiyatı var idi, 3-4 yüz arasında da məişət sözləri. Ədəbiyyat, bilgi, ticarət, yazı dili tamamən farslaşmışdı. Pəhləvilər və şiə üsyanından sonra az qala silinib yox olmaqda idik. Şəhərlər asimilə olmuşdu. Lakin əhalinin sayının artması və kəndlilərin şəhərlərə axını asimilasiona qarşı disasimilasion hərəkəti yaratdı. Səfəvilərdən bəri 500 ilin içində yatırılan asimilasionun ideoloji sərmayəsinə qarşı böyük zərbə vuruldu. Şəhərlərin siması dəyişdi. Diqqət etsəniz Güney Azərbaycanda (Türkelində) milli məsələyə qatılan insanların tamamı kəndlərdən şəhərlərə köçənlərdir. Yeddi göbəyi şəhərdə kəsinlənlər qatılamazlar. Çünkü onlar şəhər həyatı sürəcində qazandıqları imkan və şəhərləşmə nəticəsində hissən və fikrən farslaşıb yox olmuşlar. Milli məsələyə qatılanların ya özləri, ya ataları, ya da atalarının ataları kənddən şəhərə köçüb gələnlərdir. Yəni hələ şəhərdə yaşasalar da, tarixi kənd xatirələrindən ayrılmış deyillər. Diqqət etsəniz, milli məsələlərlə bağlı tutuqlanıb zindana atılanların hamısı yoxsul ailələrin çocuqlarıdır. Zənginlər bu işə qatılmırlar. Şəhərlərə axın edən əhalinin xatirələrinə Soyuq Savaş sonrası dünya hadisələrinin doğurduğu olaylar yeni bilgilər əklədi. İnternet, türk kanallarını izləmə kimi olaylar Türkelində türkcənin varlığında bir inqilab yaratdı. Mənim də mənsub olduğum nəsl bu gəlişmələrin nəticəsidir. Daxili zərurət bizi yetişdərəcək imkanlardan məhrumdur. Xarici gəlişmələrə reaksion, zaman axışı içində aksiona dönüşmüşdür. Yeni kimlik, yeni və modern bir millət inşa etmə iradəsi və şüuru doğmuşdur. Mən qarşımızdakı min ilin sorunlarını çözməklə uğraşmaqdayam. İtirdiyimiz keçən min ilin yerinə, gələcək min ilin sorunları ilə uğraşan sənət və düşüncə adamları yetişməlidir deyə düşünürəm. 1000 ilin sorunlarını çözmək iddiası ilə ortaya çıxan şəxsiyətlərimiz olmalı. Tarixdə “İran” adlı siyasi və coğrafi məkan olmamışdır. İran və Turan ilk dəfə mifik məkan olaraq Firdovsinin “Şahnamə”sində keçmişdir. Bu haqda mənim tarix kitablarımda geniş bilgi var. İndiki İranı tam olaraq min il öncə farslar şeirlə, xəyalla və miflə təsvir və təsəvvür etmişdilər. Sonunda da bu ölkəyə sahib oldular. Rəqiblərimiz olsalar da, onların başarılarını alqışlamalı və öyrənməliyik. Biz yenildik. Onların qələmi bizim qılıncımızı qırdı. Bizim də sorunumuz yalnızca inqilabi qaba güclə, siyasi aktivitələrlə çözüləcək deyildir. Bu sorunu çözə biləcək bir tək silah var, o da qələmdir. Qələm qorxunc bir silahdır. Çox gec olsa da, qələm silahına sarılmalıyıq. Qələm fəaliyyəti, yüksələrək öz ötəsinə varan milli şüurun aydınlıq saçma eyləmidir.



Söylədiyiniz problemləri göz önündə bulunduraraq milli dilimiz və ədəbiyyatımızın inkişaf meydanı və gələcəyi haqda nələr söyləmək olar? 

Bizdə dilin sirlərini və dərinliyini nəsrdə qullanacaq olan yazarlar olmamışdır. Yeni-yeni ortaya çıxır. Şəhər həyatının mürəkkəbliyini açıqlayan ədəbiyatımız olmamışdır. Şəhriyarın “Heydər baba”sı da kənd həyatını açıqlayır. Nəsrimiz çox sönük olmuşdur, heç olmamışdır. Son zamanlar mənim bir neçə romanım yayılımış. Digər bir neçə nəfər də bu yolda çalışırlar. Böyük mədəni inqilablar ədəbiyatının meydana çıxmasında şeirin etkisi olsa da, nəsr daha üstünlük təşkil edər. Şeir hələ millət olmamış xalqlarda nəsrdən daha güclü ola bilər. Diqqət etsəniz, millətlərin ilk mifik dünyagörüşü şeirlə yazılmışdır. Ancaq olqunlaşdıqca nəsrə keçilmişdir. Bizim nəsrimizin olmamasının da bir səbəbi millət kimi olqunlaşmamağımızdır. Mədəni inqilablar böyük oyanışın ürünüdür. Oyanış öncə psixoloji, yəni fərdi zəmində baş qaldırar, sonra sosioloji zəmində, yəni xalq səviyəsində davam edər. Psixoloji oyanış dikey (şaquli) və sosioloji oyanış “yatay” (üfüqi) zəmində gerçəkləşər. Aydınlanma və kollektiv bilinclənmə dialektikası olaraq nitələnməsi gərəkən bu sürəc böyləsinə gerçəkləşər. Bizdə hər iki tərəfdə də ozan şeiri güclüdür. Lakin ozan şeiri ilə dərin ədəbi oluşum sağlamaq mümkün olmaz. Çünkü bütün xaqllarda ozan cəmiyyətlə eyni görüşdə olar. Ozan şeirində “biz” vardır, “mən” yoxdur. Fərdiyyət isə modern şeirin, modern ədəbiyatın qonusudur. Ozan şeiri dili qoruyan arac olaraq yaxşıdır, lakin qlobal duyquları ozan ədəbiyatında görmək olmaz. Sartre “Ədəbiyat nədir?” əsərində şeir və nəsr üzərinə maraqlı bilgilər vermişdir. Ona görə “Demokratik və laik ölkələrdə başarısızlığı dəngələmək şeirin üzərinə düşər.” İçi boşaldılmış din, törə, tabular tərəfindən əhatə edilmiş toplumlarda başarısızlıq və duyqusal məğlubiyətlər dövlət, din, törə və ya tabular tərəfindən söndürülər, ədəbiyata yansıması önlənər. Ədəbiyatımızın üzərində bu basqılar hər zaman olmuşdur. Ancaq örnək ala biləcəyimiz dahilərimiz də var. Son 100 ildə Azərbaycanda, Anadoluda və İranda, yalnızca  bir çağı deyil, bütün çağları aydınladacaq bir tək şair yetişdirə bilmişik. O da Hüseyn Caviddir. Şeir, musiqi, fəlsəfə, uçan xəyallar, fikir üfüqlərinin qaynaşması, dini mətnlərin modern hermenevtiyi kimi bilgilər Cavid yaradıcılığında bütünləşmişdir. İran-Fars, Türkiyə və Azərbaycan ədəbiyatının uzmanı kimi bunu söyləyirəm. Lakin nəsrdə çağları aydınladacaq yazıçı yetişdirə bilməmişik. Çünkü türk dilinin bu doğrultuda tarixi təcrübəsi də olmamışdır. Osmanlıca kimi, saxta bir dildə fəlsəfə, roman yazmaq mümkün ola bilməzdi. Bu üzdən Osmanlının son dönəmində aydınlar fransızca roman yazırdılar. Bugünlü modern türkçə tarix basqısından sıyrılmışılığın, çağdaşlaşmanın və türkçə bilgilənmənin ürünüdür. Bizdə isə dilimizi mərsiyə və növhə psixolojisi işğal etmişdir. Ağlaşma dili ilə düşüncə ürətmək olmaz. Səfəvilərdən sonra bir tək ədəbi əsər yazılmamış. Nə varsa, hamısı Səfəvilərdən öncədir. M. S. Ordubadi ”Dumanlı təbriz” əsərində yazır ki, Səfəvilərdən sonra”Kürd Şəbistəri” və Qacar dönəmində də ”Sələbiyyə” adlı iki əsər yazılmış ki, bunların heç bir ədəbi dəyəri yoxdur. Bu çöllükdə çinarlar əkəcək, çağları aydınladacaq güclü şəxsiyətlər yetişdirəcəyik. Gerçək mücadilə də mənə görə budur və insanlarımızın bu qatil şiə rejimində canlarını təhlükəyə soxmadan bu sahədə etkili olmalarını dilərdim. Ziyalı bir insanın fədakar davranışlarda bulunub həyatını təhlükəyə soxmasına qarşıyam. O, bir nəslə mənsub deyil, gələcəyin insanıdır. Onun fədakarlıq nümunələri qələmindən süzülər. Bir yazarın görəvi təskinlik vermək, saxta ümidlər yaratmaqdan ibarət deyildir. Qurtuluşa çıxaran ümidsizlik, qaranlığa gömən saxta ümidlərdən daha üstündür.


Sevda Əliyeva – The Azer Times

Hiç yorum yok:

Yorum Gönder