28 Eylül 2015 Pazartesi

Ayrıntılı söyləşi



-         Güntay bəy, özünüzü Azərbaycan Oxucusuna təqdim edə bilərsinizmi? Kimsiniz, harada doğulmusunuz, hansı təhsili almısınız, indi nə işlə məşğulsunuz?[1]

-         İran pasportunda adım Mənuçehr soyadım Cavanşir idi. İran həyatımda bəzən şeirlər yazıb dəyişik türkçə təxəllüslərlə çap etdirərdim. Bu təxəllüslərimdən biri də Güntay idi. İranda fars dili ədəbiyatı oxudum. Bakıda filologiya üzərinə yüksək yüksək lisans və Ankarada doktorantura oxudum. Daha sonra Qərbə yerləşdiyimdə ad və soyad olaraq kimliyimi tam türkləşdirməyə qərar verdim. Fin dövlətinə tutarlı bir səbəb göstərmişdim. İranda türkcə ad və soyad yasaq olduğu üçün türkcə pasport almaq istədiyimi bildirdim və qəbul etdilər. İndiki pasportumda “Güntay Gəncalp” olaraq kimliyim yazılmışdır. “Güntay” mənuçehr və “gəncalp” da cavanşir sözlərinin türkcə qarşılıqlarıdır. İranda ikən uşaqlıq yaşlarımdan başlayaraq milli duyğularım çox güclü idi, lakin bu duyğuları düşüncəyə dönüşdürmək üçün elmi imkan, türkcə qaynaq və mətn yox idi. Olanlar da heç bir ədəbi və dil dəyəri olmayan anlamsız söz yığını nəzmlərdən və mərsiyyələrdən ibarət idi. Sırf bu üzdən İran tarixi və sosial mühitində türk milli şəxsiyyəti yetişməmişdir. Nəyi oxuyub yetişəcəkdilər? Tarixi, elmi və fəlsəfi dərinliyi olan kitablar nə tariximizdə olmuşdur, nə də günümüzdə. Kitabsızdır tarximiz. Bütün türk enerjisi fars dilinin yüksəlişinə həsr edilmişdir. Bu məsələ məni çox üzürdü. Dilimizdə var olan mətnlər ya mərsiyə və növhə idi, ya da Bakıdan gələn “ay Araz, vay Araz...” kimi geniş düşüncə üfüqləri olmayan sızıltılar idi. Belə bir mühitdə böyüdüm və sonra İranda sadəcə bir neçə Qərb romanı oxuduğum üçün universitetdən uzaqlaşdırılaraq zorla İran-İraq savaşında əsgərliyə aparıldım. Əsgərlikdə kimyəvi silahla yaralandım. Bu yaralanmanın ruhi və fiziki təsiri həyatımdan, bədənimdən silinmədi. Əsgərlik həyatımda çox acı təcrübələr qazandım. İrandakı türklərin molla-seyyid-feodal sinfinin kölələri halına gətirildiyini sezdim. Düşüncəsi qaranlığa gömülmüş yüzminlərcə şiə türk ayətullahların fətvaları üzərinə könüllü olaraq 13 yaşdan tutmuş 80 yaşa qədər savaşa qatılır və hətta özlərini minaların üzərinə atırdılar. Tam bu savaş sırasında fətva verən ayətullahların oğulları Qərbdə ən yaxşı universitetdə oxuyurdular. Səfəvilərdən sonra uzun zaman axışı içində kölələşdirilmiş türk sürüsünü görürdüm. Bunların dəyəri bu rejim üçün bir heyvan qədər də deyildi. Bu fətvalara uyub cəbhəyə gələn türk sürüsünü minaların üzərinə göndərirdilər. Minalar partlayıb onları param-parça edildikdən sonra yol açılır və sonra təxəssüs görmüş ordu hücuma keçirdi. Bu təcrübəni 21-22 yaşımda yaşamaq məni böyük ümidsizliyə uğratmışdı. Bu xalqın ruhunu molla-seyyid-feodala uyma son 500 ildə işğal edərək onu köləlik yolunda fədakarlıq edən toplum yığını halına gətirmişdi. İran-İraq savaşında 300 mindən artıq türk, molla-feodal-seyyidin iqtidar və azqınlıq şəhvəti yolunda öldürüldü. Bu, mənim milli kimlik mövzusunda ilk faciəvi müşahidəm idi. 2008-də Bakıda çap olan “Yüksəl Birol” romanım bu mövzu üzərinə yazılmışdır.

-         İrandakı həyatınız maraqsız keçmiş demək?

-         Dərinlik yox idi. Türk şəhərələrində intelektual ortamlarda çox bulundum. Sanki ibtidai icma quruluşunda yaşayırdım. Adamların dünyagörüşü çox bəsit, dil bilgisi yox, ana dilində düşünmə və düşüncə təcrübəsi olmayan bir tarixin davamı idik. Bu bəsitlik üzündən də insanlarımız həyatlarına dəyər verməyərək onu indinin özündə də molla-seyyid-kapitalistin fətvaları üzərinə könüllü olaraq Şamı, Kərbəlanı və Nəcəfi qorumaq üçün fəda edə bilir. İrandakı türklərin tarixi hafizəsində dəyərli heç bir xatirə yoxdur. Nə varsa hamısını Səfəvilərdən sonra məhv edib yerinə, ağlaşma, sızıltı, şaxsey-vaxsey xatirələri yükləmişlər. Toplumun tarixi bilinci təxrib edilmiş. Düşüncə axtarışında olan bir gənc üçün belə bir ortamda yaşamaq çox sıxıntılıdır. 

-         Azərbaycan Respublikasına necə gəldiniz?

-         Türkiyədə BMT mühacirləri ofisinə baş vurdum. Kanadaya göndərəcəkdilər. Ancaq sovetlər dağıldı və Azərbaycana bir yararım ola bilər deyə düşünürək Kanadanı buraxıb Bakıya gəldim! Bakıda yüksək lisans yapmanın yanı sıra çox ciddi mütaliə etdim. Axundovdan günümüzə qədər Qafqazdakı türk milli kimlik axtarışında bulunan şəxsiyyətlərimizi dəftərlərimə notlar alaraq diqqətlə oxudum. Onların ağlında dolaşan sualları və cavabları kəşf etməyə çalışdım. Bir şey kəşf etmişdim. Onlar sorular sormuş, ancaq cavablar verməmişlər. Bəlkə də bu, zamanın öz əksikliyi imiş. Mən bu suallara cavab vermək istədim. Öz dünyagörüşümdə belə bir missiya hiss etdim. Bütün kitablarımda bu suallara cavab üçün yazıldı və yazılır. Bu üzdən dini, tarixi və fəlsəfi mütaliəmi genişlətdim. Özəlliklə dini sahədə başardığım qədəri ilə geniş mütaliə apardım. Ərəbcəmi gəlişdirdim. Qafqazda ortaya çıxan oyanış dövründə cavabsız qalan suallara dini, tarixi, sosioloji zəmində cavab verməyə hazırlaşırdım. Çünkü mənim təsbitimə görə ölkəmizin və millətimizin yazqısı, gələcəyi bu sualla cavabın dialektik ilişkisindən təsirlənəcəkdi. Bakıda çap olan “Qafqaz türklərinin oyanış dövrü” adlı kitabım bu mütalilərin və uzun illər boyu axtarışlarımın nəticəsi kimi meydana çıxdı.

-         Bu kitabda bizim araşdırmaçılardan fərqli olaraq nəyi ortaya qoymusunuz?

-         Kitabımda Qafqaz türklərinin Axundovdan başlayıb 1940-ci ilə qədər, yəni Hüseyn Cavidin öldürüldüyü (1941) ilə qədərki oyanış dövrünü incələmişəm. Oyanış sürəci burada sonlanır. O düşüncə və vizion bayrağı endirilir. Ondan sonra müsavatçı siyasi kimliyi doğuran aydınlanma dönəminə antitez olaraq fərqli bir dünyagörüşü ortaya qoyulur. Əvvəlki sorqulayıcı, ikincisi təslimçi və saxta tarix heyranlığını təsvir etmişdir. Mən oradan, yəni durdurulan o tarixi viziondan başlamaq missiyası ilə şüurumu, ruhumu gərəkən bilgilərlə təchiz etməyə çalışdım. Bunun üçün o dönəm sonrasını da diqqətlə oxumalı idim və elə də etdim. Türkiyəyə gedib orada doktoranturamı yapdığım illərdə də Tənzimatdan modern Türkiyəyə qədər fikir axınlarını incələdim. Çünkü mənə görə, ümumi türk tarixi və mədəniyyətinin yanı sıra İrandakı oyanış dövründə hər bir aydın kişi, özəlliklə Türkiyəni, İranı, Qafqazı yaxşı bilməlidir. Bu bilgi üzərində qurtuluş görüşlərini və üfüqlərini təsvir etmək mümkün ola bilər. Lakin bütün bunlar üçün modernitə ilə də düşüncə sahəsində ilişkidə olmaq gərəkməkdədir. Kitabımdakı özəlliklər özət olaraq bunlardır.

-         Müsavatçı siyasi kültürü ortaya qoyan oyanış dövrü deyirsiniz. Yəqin ki, Sovet dönəmində ortaya çıxan bilgilərin içindən də Xalq Cəbhəsi ortaya çıxmışdır. Qısa olaraq Müsavatla Xalq Cəbhəsinin fərqini nədə görürsünüz?

-         Müsavatçı kimlik Azərbaycanı Türk kimliyi və Türk-İslam aləminin bir parçası kimi görmüş, Ə. Ağaoğlundan tutmuş Rəsulzadəyə qədər İran-Səfəvi kimliyini tənqid etmişlər. Xalq Cəbhəsi bəlkə bilincində olmadan tarixi gələcəyimiz baxımından açıqca İrançılıq edərək Müsavatçılıq çizgisindən sapmışdır. Müsavatçılıq gələcəyə doğru aydın bir üfüq açma projəsi idi, Xalq Cəbhəsi keçmişi idealizə edərək əslində tarixdə olmayan saxta mədəniyyətə varsilik iddiasında idi. Bu üzdən birincisi türk, ikinci iran milliyətçiliyinə qapı açmışlar. Bunu irəlidəki illərdə daha açıqca görəcəyik. Çünkü müsavatçılıq keçmişdən qopuşu, Xalq Cəbhəsi məramı keçmişə dönüşü ön görürdü. Hər bir mədəniyət təsis etmə qopuşla mümkündür. Japonlar, almanlar və finlər kimi. Böyük gəmilər dənizlərdə səyahətə çıxəıb hədəfə varmaları üçün öncə sahillə olan bağlarını qoparmalıdırlar. Millətləşmə də buna bənzər bir durumdur. Tarix şüur və yaşantı deyil, qurqulanan bilgidir. Keçmişdə nə olmuş ki? Heç bir şey, qatı qaranlıq. Xalq Cəbhəsi tarix bilgilərinin tarixlə əlaqəsi yox idi. Bir ideologiya düzəltmişdilər və o ideologiya da tarix boyu irançılığa xidmət etmişdir. Guya şah babaları Bütöv Azərbaycan qurmuş və türk dilini də rəsmi dövlət dili elan etmiş! Yalan, ikisi də yalan. Şah İsmayıl zamanında Şirvanşahlar dövləti heç tarixdən belə silinməzkən necə bütöv Azərbaycan qurdu? Şirvanşahlar İsmayılın ölümündən onillər sonra Təhmasib tərəfindən tarixdən silindi. Dövlət dili filan da dadlı yalan. Əzizə Cəfərzadənin “Bakı 1501” adlı zəif romanında uydurulan dadlı bir yalandır.

-         Belə çıxır ki, Azərbaycan tarixiçiliyini siz sual altına aparırsınız?

-         Bakıda tarix elmi çox zəifdir. Tarixçi bölgə dillərini bilməlidir. Bölgə dillərini bilməyən tarixçi Azərbaycanda nəyi oxuyacaq? Bu üzdən Bakıdakı tarix bilgilərinin elmi dəyəri yoxdur. Hamısı oxucuda elmi təsəvvür yerinə, iftixar duyğusu yaratmağa çalışmaqdadır. Ancaq bir millətin inkişafı həm də öz tarixini sorqulamaqdan keçər. Millətsevərlik milləti gecə-gündüz tərifləmək deyildir. Mirzə Cəlil, Sabir, H. Cavid də millətsevər idilər. Ancaq onların dünyagörüşlərində tənqid də var idi. Bu tarix anlayışı ilə gələcəyə doğru bir üfüq açmaq mümkün olmaz. Çünkü tarix fəlsəfəsi yoxdur. Yəni tarix bilgiləri sorqulanmamış. Kütlə üçün qürur qaynaqları oluşdurulmağa çalışılmış. Belə tarixçilik olmaz. Bu üzdən o tarixçilərin kitabını aydın bir insan oxumaq istəmir. Hamısı nəqli bilgilər, əqli münasibət yoxdur. Əqli dərinlik üçün din, mədəniyət, dil, kültür tarixləri bir yerdə sorqulama yöntəmi ilə bir bütün olaraq ələ alınmalıdır. Tarix sadəcə elm deyil, çünkü elmi bilgilərin veriləri əllə tutular, laburatuarda gözlə görülər. Tarix bilgiləri yalnız ağıl laburaturında incələnən qurqulardır. Əqli bilgi də fəlsəfi baxış gərəkdirər. Bu üzdən tarix fəlsəfəsi ilə uğraşanlara görə tarix qismən elm, qismən fəlsəfə, qismən də sənətdir, gerçəyi tapma sənətdir. Azərbaycandakı tarix kitablarının demək olar çoxunu oxudum. Çox əksiklik var. Hamısı sovet zamanında uydurulan ideologiyanın arxasından dünyaya baxırlar. Azərbaycan tarixçilərinin niyyəti ilə 19-cu əsrin ikinci yarısından başlayıb 1940-ci ilə qədər davam edən aydınların niyyəti bir-birinə ziddir. Daha doğrusu vizion baxımından o aydınların və müsavatçıların varisi olan ziyalılar meydana çıxmadı. İndi isə İranda türklərin oyanışı üçün lazım olan tam da o viziondur, sovet zamanında uydurulan saxta qəhrəmanlar tarixi doğrular deyildir.

-         Nələr uydurulmuş sovet zamanında?

-         Guya Güney Azərbaycan adında qəhrəman bir ölkə varmış və bir əsrdə dörd dəfə inqilab etmiş! Bir əsrdə dörd inqilabmı olar? İnqilabın teorisi, kitabları, nəzəriyyəsi və aydınları olmalıdır. Hanı o dörd inqilabın nəzəriyyəsi və kitabları? Anlaşılan onlar inqilab sözünün mənasını heç bilməmişlər. İnqilab bir əsrdə dörd dəfə olmaz. Hər 300, 500 ildə bir kərə olar və ən az minillik tarixin sorunlarını çözər. Böyük fransa İnqilabı kimi, ya da 19-cu əsrin birinci yarısında Japoniyadakı Meyci inqilabı kimi. Japoniyanı tarixin qaranlığından dünyanın ən başarılı ölkəsi halına gətirdi. Güney Azərbaycanda dörd dəfə inqilab olmuş və hələ də xalq molla-seyyid-feodalın ətəyindən yapışıb və ümidini onun dualarına bağlamış!

-         Belə çıxır ki, “Cənubi Azərbaycan” ifadəsi də sovet uydurmasıdır?

-         Doğru, sovetlərin İran və Amrikaya qarşı ortaya atdığı xarici siyasətin stratejilərindən biri idi. Müsəddiq İranda baş nazir olduqdan sonra Şah qaçdı. Müsəddiq Amerika və İngiltərəyə qarşı sovetlərdən yardım istəməkdə idi. Kommunist partiyasını sərbəst buraxdı və hətta kommunistlərdən də kabinetə yerləşdirmək üzrə idi. Lakin Amerika və İngiltərənin girişimi ilə 1953-cü ildə hərbi çevriliş oldu. Müsəddiq uzaqlaşdırılıdı və tamamən Amerikan yanlısı bir dövlət yenidən iş başına gəldi. Bu zaman sovetlərin dış politikası üzərinə Moskva radiosunun İran bürosunda azərbaycan dilində “İranın milli səsi radiosu” adında radio verilişləri hazırladılar. 1991-ci ilə qədər bu veriliş davam etdi. Bakı radiosunda da “Cənubi Azərbaycan Redaksiyası” təşkil etdilər. “Həsrət ədəbiyyatı” da bu zamandan sonra ard-arda yazılmağa başlayır. Yəni Həsrət Ədəbiyatı da bir KGB planı idi. Dərin sovet dövləti üçün “Cənubi Azərbaycan” məsələsi ABŞ-İran birliyinə qarşı bir təhdid stratejisi idi. Sovetin bu planı Azərbaycanda əhalinin duyquları ilə örtüşdüyü üçün dərhal xalq tərəfindən qəbul edildi. Bu üzdən biz Güney Azərbaycan ifadəsini ortadan qaldıraraq yerinə, TÜRKELİ sözünü yerləşdirdik. İranın quzeyində bitişik şəkildə bir yerdə yaşayan türk bölgəsi Türkeli adlanmalı. Azərbaycan da onun içində bölgələrdən biridir.    


-         Bir yazınızda “Batı olmasaydı, çoxdan öldürülmüşdük, Doğuda qaranlıqdan başqa nə var?” deyirsiniz, niyə?

-         Qərb mədəniyyəti, yəni renesans, yəni rasionalizm, yəni intelektualizm, yəni siyantizm (elmi görüş), yəni insan haqları, demokrasi. Bunların beşiyi Qərbdir. Şərqdə siyasi fəlsəfə olmamış. Şərq dövlətləri yağmaçı olmuşlar, yox olduqlarında da özlərindən heç bir qlobal, mənəvi və bəşəri dəyər miras buraxmamışlar. Məsələn son 500 illik öz tariximizlə Qərb tarixinə baxalım. Səfəvi, Osmanlı, Qacar. Bir tək siyasi filosofumuz yox. Nə Hobbes, nə Hegel, nə Kant, nə Volter,... heç bir şey yox. Çağdaş bir insan bu qaranlıq tarixin nəyi ilə qürur duymalıdır? Orada öyrəniləcək bir şey yox. Cəmil Meriç kimi bəzi Türkiyə aydınları “1789-cu ildə Fransada burjua inqilabı gerçəkləşdiyində Osmanlı kəndi qaranlığında boğuldu” deyirdilər. Bunlar çox doğru təsbitdir. 18-ci əsrin ortalarında 273 sadəcə Almaniyada dərgi və qəzet çıxarkən, bütün Doğuda bir tək qzəet çıxmırdı. Qaranlığın səbəbləri anlaşılır. Səfəvi-Qacar ortamı daha qaranlıq və antiinsani olmuş. Hamısı yağma dövlətləri. Nə sənayeləşmə, nə də başqa sahələrdə ürətim olmuş. Bu üzdən də heç bir modern siyasi təcrübəmiz yoxdur. Mən Qərbə gəldikdən, avropalılarla qonşu olduqdan, çocuqlarımı Avropa məktəblərində oxutmağa başladıqdan sonra gördüm ki, biz şərqlilər hələ tarixə girməmiş, qeyri-tarixi topluluqlarıq. Necə ola bilər mən öz ölkəmdə yaşamaq haqqımı itirərkən, ancaq Avropada insan kimi yaşamağa haqq qazanım? 11-ci əsrdə böyük düşüncə adamı Əbureyhan Biruni yazırdı ki, Şərq mədəniyyəti bizə aid deyil, Çin və Hindustana aiddir. Bizdəki mədəniyyəti biz yaratmamışıq. 9-cu əsrdə Yunan mədəniyyəti Mötəzilə tərəfindən ərəb dilinə tərcümə edildi. Bu mədəniyyət Yunanındır, bizim deyil. Bütün tariximizdə bir elmi araşdırma mərkəzi, bir universitet olmamış. Nəyə lazımdır bu tarix? Tam tərsinə, harada düşünən birini görümüşlərsə, dərhal boğub yox etmişlər. Çünkü düşünən toplumu molla-şeyx-feodal köləsi etmək asan iş deyil. Düşünün, Qərbdə qaranlıq tarixin basqısından qurtulmaq üçün əqli inqilablar oldu, Japoniyada da oldu. İranda isə tarixin qaranlığına gömülmək üçün şiə üsyanı oldu. İndi ona da inqilab deyirlər!

-         Sizi doğma ölkənizdən ayıran səbəblər hansılardır?

-         Sadəcə mən deyiləm, ağlında bir azcıq düşünmə qabiliyyəti olan insan Şərq ölkələrində yaşaya bilməz, yaşamaq istəməz. Ya edam edilər, ya da zindanda çürüdülər, ya da bütün sosial haqlardan məhrum buraxılaraq miskin vəziyyətdə yaşamaq məcburiyyətində qalar. Doğu despotizmi düşünən insana həyat haqqı tanımaz. İran şiə despotizmi də Şərq despotizminin ən çirkinlərindən biridir. Digər tərəfdən insan öz aqibətində nələr olacağını bilməz. Mən sadəcə bir alim olmaq istəyirdim. Bir doktor, riyaziyatçı, ya da bioloq olmaq arzusunda idim. Buna İranda izin vermədilər. Bakıda da bu sahədə oxumağa imkan olmadı. Anlamsız aşırı xəstə milliyətçilik xəyalları ilə gəncliyim İranda və Bakıda məhv edildi. Dünyaya gəlişimin bəşəriyyətə bir yararı olduğunu düşünmürəm. Yararlı olma istedadım İranda və Bakıda yox edildi. Öz ölkəmdən ayrılarkən dünyanın yaxşı bir universitetində oxumaq istəmişdim. Ancaq sovet dağıldı, mən də Azərbaycan üçün faydalı olaram düşüncəsiylə Bakıya getdim və oradakı qaranlığın İrandan çox fərqli olmadığını gördüm. Bakıdan ayrıldığımda da çox gec idi. Tam 100 ildir Bakıdan İran türklərinə saxta və zərərli bilgilər gəlir. Çünkü qərbləşmə bizdə bir başa Qərblə təmas yoluyla olmamış. Rusiya yoluyla olmuş, yəni Qafqaz yoluyla. 

-         Niyə hər zaman Azərbaycan Türkünün özünə təməl bildiyi anlayışlara zidd gedirsiniz?

-         Bu, düşünəcənin dialektikasıdır. Ziddiyət olmazsa inkişaf olmaz. Çayların da dənizə qovuşması üçün çağlayıb uçurumladan aşması lazımdır. Azərbaycandakı tarix və sosial bilgilərə niyə qarşı gəlirəm? Öncə bu qarşı gəlmək üçün insanın səlahiyyəti olmalıdır. Səlahiyyət də oxumaqla, bilgi ilə əldə edilər. Bu elmi səlahiyət kiməsə hansı şəxs və ya qurum tərəfindən verilməz. Bunu hər kişi özü öz elmi fəaliyyətləri ilə qazanar. Mən Azərbaycanı, İranı, Türkiyəni ədəbi, tarixi, sosial və siyasi gəlişmələri ilə bir yerdə oxudum, incələdim. Ömrümün çoxunu bu araşdırmaya həsr etdim. 20-dən artıq bu yöndə kitab yazdım. Bütün bunlara görə istər Azərbaycanda, Türkiyə və ya İranda tarix və sosial bilgiləri sorqulamağa haqqım var, yoxsa yox? Mənim sorqulamalarımı da bir başqası sorqulaya bilər. Düşüncə inkişafı, ancaq bu yolla irəlilər. Yalnız mənim yazdığım kitabları bu günə qədər kimsə sorqulamamış, yaman-yovuz yazmaq sorqulamaq deyildir. Sorqulamaq üçün mənim bütün kitablarımı oxuyub sonra sorqulama yetkisini əldə etmək lazımdır. Sorqulayıcı düşüncəni sorqulamaq da asan iş deyil. Çünkü hər sorqulayıcı yöntəm öz nəfsində fəlsəfi səyyallıq və hərəkətlilik daşıyar. Bu baxımdan mənim sorqulamalarıma qarşı bəlkə 30 il sonra cavab yazan biriləri meydana çıxar. Əslində mənim sorqulamalarım Axundovdan başlayaraq keçən əsrin 30-cu illərinə qədər olmuş, ancaq onlar zahiri durumu tənqid etmişlər. Mənim kitablarım olayların altküməsini incələmiş. Tarixi köklərini və səbəblərini araşdırmışdır. Demək istəyirəm ki, keçən əsrin əvvəllərində davam edən sorqulayıcı düşüncə mənim əsərlərimdə daha tarixi və fəlsəfi dərinlik kəsb etmişdir. Azərbaycandakı gerçək bilgilər də o aydınlacılar tərəfindən ortaya qoyuldu. H. Cavidin ölümü ilə o xətt durduruldu və mən o bayrağı yenidən əlimə almaq istədim. İrandakı türklər olaraq bizim qurtuluşumuz o dönəmdəki aydınlıq görüşlərinə möhtacdır, sonradan oluşdurulan saxta bilgilər bizə zərər verməkdədir. Çünkü hamısı gerçəkliklə bağlantıları qoparılmış utopiya üzərinə qurulmuşdur. Tarix sultanların öz şəhvətləri yolunda at oynatmaları deyil. Kantın da dediyi kimi “tarix özgürləşmə ideyasının gerçəkləşmə sürəcidir.” Tam tərsinə bizim tarixdə ortaya atılan ideyalar özgürlüklər önündə əngəl olmuşdur. Örnəyin Səfəviyyət ideyası insanın şərəfini yox sayaraq onu ağlağan kölələr sürüsünə dönüşdürmüşdür. Ayrıca, tarix keçmişi anlatmaqan daha çox gələcəyə yön vermək üçün qurqulanar. Azərbaycandakı tarix qurqular yalan üzərinə qurulduğundan zərərimizdir. İrançılığa xidmət etməkdədir.

-         Hər zaman Doğuyu ittiham edirsiniz, bu, Batıda qərar tutmanız səbəbilədirmi?

-         Sadəcə Batıda qərar tutduğuma görə deyil. Həm də Doğunu yaxşı tanıdığım üçündür. Batının başarısının səbəbi modernətənin hər tür tənqidə açıq olmasındadır. Doğu alimlərinin çoxunun əsərlərini oxudum. Doğuda heç bir alim qurumsallaşan və insan haqlarına, işçi, qadın və çocuqların eyitim haqlarına sayqı duyan siyasi fəlsəfə ortaya qoymamışdır. Ən zirvəsi “ənəlhəq” olmuş. Yəni nə olsun? Bakıda üç milyon adam toplaşıb “ənəlhəq” deyə bağırsalar, hansı eyitim, iqtisadi, siyasi və sosial sorunlar çözülə bilər? Heç bir siyasi fəlsəfəmiz olmamışdır. Bunun bir səbəbi Doğu despotizmi olmuşsa, digər səbəbi Doğu mütəfəkkirlərinin siyasi fəlsəfəyə ehtiyac duymamaları olmuşdur. Bu üzdən də sosial həyatımızda insani və qlobal nə varsa, hamısı Batıdan gəlmədir. Doğuya aid heç bir sağlam mənəvi-siyasi miras yox. Açıq toplum Batı kültürünün ürünüdür. Doğu qapalı despot kültürünə davam etməkdədir. “Respublika, konstitusiya, demokratiya, liberalizm, insan haqları, qoca-qadın- uşaq-əlil haqları, sekulyarizm” kimi bütün insani nə varsa hamısı Batıdan gəlmə deyilmi? Doğudan bizə qalan nə olmuş? Doğuda İbni-Rüşd kimi filosoflar bir iş görmək istəsələr də, susdurmuşlar. Şəriətlə ölkə və millət yönətilməz, bunun üçün Peyqəmbər lazımdır. Peyqəmbər də artıq bundan sonra olmayacağı üçün sekulyar siyasi sistem İslamın da qəbul etdiyi durumdur. Bu üzdən İqbal Lahuri kimi böyük İslam şəxsiyyətləri 1930-lu illərdə Atatürkün sekulyar dövlət sistemi qurmasını İslama uyğun olaraq dəyərləndirirdilər. Din əxlaq məsələsidir, hər fırıldağa qapısı açıq olan siyasət dindən uzaq durmaz, durdurulmazsa o zaman din də İranda olduğu kimi siyasiləşər və hiyləkarlığın aracına dönüşər. Dini iqtidarlar Şərqi qaranlığa gömmüşlər. Qərbi də bənzər dini iqtidarlar qaranlığa gömmüşdü. Lakin Qərb o qaranlığı yararaq aydınlığa qovuşdu, Şərq hürküdücü qaranlığında gömülü qalmışdır. Şərqdə İslam adına adamların əl-qolunu kəsmək ədalətmi? Şərq qorxunc bir qaranlığa gömülmüşdür. Diqqət etsəniz əlinə fürsət düşən hər kəs bu cəhənnəm əzabını yaşamasın deyə ipini qırmış dana kimi Şərqdən Qərbə qaçır. Düşünün, bu qədər mühacir Şərqə gəlsəydi nə olardı? Hamısını fərqli düşündükləri üçün dəstə-dəstə qətl edərdilər. Bütün bu gerçəkləri göz önündə bulunduraraq tarix kitablarımda, romanlarımda, fəlsəfi yazılarımda çağımız və gələcək nəsillərə “bu tarixi ortam və sürəc dəyişmədikcə mutlu və xoşbəxt ola bilməzsiniz, bir renesans gerçəkləşməlidir” mesajını verməyə çalışmışam. Modern sosioloqların da görüşləri zatən bundan ibarətdir. Onlara görə də toplumdan millətə dönüşmək istəyən xalqlar tarixi baxış bucaqlarında köklü bir dəyişikliyə və zehni inqilaba getməlidirlər. Yəni gələcəkdə Şərq-Qərb fərqi ortadan qaldırlmalı və ancaq insanın haq və azadlıqları əsas alınmalıdır. Bu da laik, demokratik, ədalətli gəlir dağılımı, açıq cəmiyyət ortamında mümkün ola bilər. Sərbəst düşüncələrin önündə dəmir divar kimi duran tabuları yıxmadan azadlığa varmaq mümkün deyildir. 

-         Yəni Şərq bu qədər qəddardır?

-         Şərqin qəddarlığının coğrafi səbəbləri də var. İslam şərqində illik ortalama yağış 15-35 Qərbdə  bu miqdar 150-200 santim arasındadır. Şərq quraqlıqdır. Tarix və mədəniyyət də verimli torpaqlarda boy atar. Ərəbistanın qumsal, İranın, Anadolunun, Türküstanın çöl və yağmursuz iqlimində mədəniyyət döllənməz. Japoniyada da yağmurun miqdarı 200 santımın üzərində. Bu üzdən Uzaq Doğudan Qərbə dəstə-dəstə mühacirət edən yoxdur. Bu qədər verimli və bərəkətli torpağı buraxıb hara gedəcəklər? Coğrafi tarix nəzəriyyəsini ilk dəfə olaraq böyük İslam alimi İbni-Xəldun ortaya qoymuşdur. Daha sonra modern gəlişmələr Xəldunun coğrafi tarix nəzəruyyəsini isbatlamışdır. Buna görə daş dövründən bəri Orta Doğudan və Mərkəzi Asiyadan Avrupaya axın olmuş, yəni avropalaşma daş dövründən başlamış. Hunlardan Osmanlıya qədər Avropanın yaşıl iqliminə yerləşmək üçün bütün savaşlar bu niyyətlə meydana çıxmışdır. Lakin Avropa güclənib bu axınları durdurduqdan sonra avropalaşma bir ideologiyaya dönüşdü. Bizim də bayrağımızda yer alan avropalaşmanın macərası bu şəkildədir. Orta Doğuda təbiətin əhliləşməsi və yeraltı suları ölçülü şəkildə qullanma elmi gəlişməmişdir, heç bir dövlət buna önəm vermədiyi üçün əhalinin artışı və mövcud suların azalması ilə fəlakətlər daha da artmaqdadır. Bütün İran quraqlıq təhdidi ilə qarşı-qarşıyadır.

-         Milliyyətçi gənclərdən biri mənə sizin farsların adamı olduğunuzu, ona görə də tariximizi təhrif etdiyinizi yazdı. Mən ona bu suala sizdən cavab alacağımı dedim. Nə deyə bilərsiniz?

-         Mən millətlərin bir-biri ilə qardaş olmasından yanayam. Bir millətin öz haqqına qovuşması üçün düşmənə ehtiyacı yoxdur. Böyük Qandinin bir kitabını tərcümə etdim Bakıda çap oldu. Qandi “Mən ölkəmin istiqlalını istəyirim, ancaq bu istiqlalı ingilis xalqına düşmənlik üzərinə qurmaq istəmirəm, kəndi ölkəmin istiqlalı üçün bir ingilis əsgərinin burnunun belə qanamasını istəmirəm” deyir. Mən də belə düşünürəm. Mən fars millətini özümə düşmən görmürəm. Barışcıl yöntəmlə milli haqlarımıza çatmalıyıq. Yəni qlobal düşünərək və dünya, bölgə və ölkə barışına qatqımız olaraq bu yolda irəliləməliyik. Azərbaycanda isə heç tarixini və sosial həyatını bilmədikləri halda fars düşmənliyi yaranıb. Tarix boyu cahil qalmışıqsa buna fars nə etsin? O zaman mənim bu sualıma cavab versinlər: fars bizə nə pislik etmiş? Adama sormazlarmı ki, 1000 ildir siyasi, hərbi, iqtisadi iqtidar sənin əlində idi, niyə öz xalqına bir gün ağlamadın? Bir tək məktəb belə öz dilində açmadın? Bunu tarixdə siyasi iqtidarı olmayan farsmı gəlib açacaq idi? Bu üzdən mən yağmaçı tariximizi suçlayıram. Farsların günahı yoxdur. Pəhləvilər belə türk idi. Səfəvi sonrası o mühitdən türkə yararlı olacaq siyasi sistem çıxmazdı. Modern fars milliyətçiliyinin ideologiyasını yazanlara baxsanız hamısı səfəvizədə türklərdir, içlərində nə türkmən, nə kürd, nə fars, nə də başqa millət var, hamısı səfəvizədə türk. Buna fars nə etsin? Mənim üçün “bu farsın adamıdır” kimi söhbətlərin etkisi yoxdur. Bütün aşırı milliyətçiləri istər fars, ya da türk olsun xəstə adamlar olaraq görürəm. Mənim milliyətçilərlə heç bir bağım yoxdur. Bu, 10 il bundan öncəyə qədər idi. Bakıdakı saxta bilgilər ağlımı xəstə etmişdi. Mən indi azad və humanist bir insanam. Ora Azərbaycan və Arazın digər tərəfi də İrandır. Iki ölkə dostluq münasibətləri qurmalıdır. Parçalanmaış Azərbaycan mifinin də əsası yoxdur. Bunu dərin sovet dövləti uydurdu. Hansı sənəddə Azərbaycanın parçalanması ilə bağlı bilgi var? Nadirin ölümündən sonra Qafqaz türk bəylikləri yarandı və hamısı da rusçuydular, çünkü mədəniyyətin Rusiyadan gəldiyinə inanırdılar. A. Bakıxanov, hətta Rəsulzadə belə Türkmənçay müqaviləsini Qafqazda müstəqil dövlətin qurulması üçün bir şans hesab etmişlər. Rəsulzadə daha da irəli gedərək “Qafqaz türkləri” adlı kitabında bir fars ata sözü yazaraq Səfəvi-İran mühitindən qurtulmaq üçün rusları Allahın göndərdiyini yazar. Nədən o dönəmə daha yaxın və farscası da olan heç bir müsavatçı parçalanmış Azərbaycan ifadəsini qullanmazkən, farscası olmayan və İran gerçəkliyini bilməyən sonrakılar Güney Azərbaycan anlayışına sarılmışlar? Qacar dövləti də heç vaxt Qafqaza hakim ola bilmədi, sadəcə olaraq ərazi iddiası var idi və bu ərazi iddiası da “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə ortadan qaldırıldı. Gerçək tarix budur.  Rus sömürgəçiliyi Qafqazdakı türklərin iç sömürgəçliyinin ortadan qalxmasına yardım etdi. İki cür sömürgəçilik var, iç sömürgəçilik və dış sömürgəçilik. İç sömürgəçiliyə məhkum olan millətlərin ruhu çökmüş və başqa dəyərlərlə işğal edilmişdir. İrandakı türklər kimi. Lakin Türkmənçaydan sonra Qafqaz türkləri Rusiya sömürgəçiliyinin basqısı ilə iç sömürgəçiliklərinin fərqinə vardılar. Niyə Üzeyir bəylər Qafqazda yetişdi, İranda heç bir şey yetişmədi? Azərbaycan inkişaf edib orta Doğunun Sinqapuru olarsa öz-özünə bizə nümunə ölkə olar. Bizim batıb boğulmaqda olduğumuz bataqlığa sürüklənməsin. Biz milli haqlarımızı İranda iç savaş olmadan o ölkə sınırları içində əldə etməliyik. Buna bütün dünyada dəstək verər. Yoxsa İranı parçalayaq, qan su yerinə axısın, sonra da Bakı ilə Təbriz bir olsun! Bu, ancaq xəstə bir ağlın üründür. Bir olanda sanki nə olacaq? Mümkün olan şey yolunda siyasi mücadilə aparmaq lazımdır, mümkün olmayanı mədəniyyət və düşüncə qonusu etmək olar. Bütöv Azərbaycan deyə bir şey nə keçmişdə olmuş, nə də bu gün onun yolunda kasıb uşaqların İranda zindana düşmələrinə gərək var. Realist olmaq lazımdır. İran Suriyələşərsə, on milyondan çox qaçqın Bakıya sığınar. Nə edərsiniz o zaman? Barış hər zaman savaşdan daha gözəldir. Azərbaycan da mənim ölkəmdir, İran da Türkiyədə. Mən böyük birlik yolunda düşünürəm, yəni İran-Türkiyə-Azərbaycan güclü dostluq əlaqələri quraraq sınırları qaldırmalı və sonra Türküstanla bütünləşmə imkanı ortaya çıxmalı. Avropa Birliyi kimi. Savaşa gərək yoxdur. Savaş çıxarmaq ən asan və əlindən heç bir iş gəlməyən axmaqların işidir. Barışı təsis etmək, qurmaq və qorumaq böyük şərəf və cəsarət tələb edər. Lakin bu ideyanın həyata keçməsi üçün indiki İranda olan faşist şiə rejimi devrilməli və orada laik, demokratik dövlət qurulmalıdır. Hər hansı bir toplum Təbrizdə, Ərdəbildə,..., olduğu kimi milyonlar şəklində bir yerdə yaşasa, onun öz dilində təhsil almasını kimsə əngəlləyə bilməz. Əngəllənsə də, xalq öz təşəbbüsü ilə buna nail olar. Səfəvizədə İran türklərində öz dilində təhsil alma niyyəti tarixin heç bir zamanında olmamışdır. Səttar xan hərəkət zamanı İstanbulda yetişmiş milli şəxslər ana dilində də məktəb açdılar türk şəhərlərində. Kimsə evladını o məktəblərə buraxmadığı üçün qapandılar. M. S. Ordubadinin “Dumanlı Təbriz” əsəri Qacar dönəmində yazılmış. Əsərdə “türk” Qacarların öz xalqına “eşşək türk” dediyini qeyd edilir. Buna fars nə etsin? İndiki rejimi belə farsların da başına biz bəla etdik. Təbriz hizbullahları Xomeynini iş başına gətirdi. İnsan tarixi gerçəkləri bilmədiyində öz dar və xəstə xəyalları ilə bilgi ürətməyə çalışar. 

-         Şah İsmayılın Mövlananın kitablarını qadağan etdiyini iddia edirsiniz, amma onun ciddi döyüşlər ərəfəsində elm və sənət adamlarını mağaralara doldurub qoruduğu haqqında danışmırsınız...

-         Bunlar Bakı yalanlarıdır. Elm və sənət adamlarımı sağ buraxdı Şah İsmayıl? Şah İsmayıl Heratı işğal etdikdən sonra oradakı bütün alimləri sünnidilər deyə qətl etdi. Behzad adında bir rəsasam şiə olduğunu iddia etdiyi üçün öldürülmədi. Behzadı Təbrizə gətirmişdi. Təbrizdə onu kitabxananın müdiri təyin etdi və Şahnamənin yenidən yazılmasını ona tapşırdı. İsmayıl sənət adamlarına Şahnaməni yenidən yazdıraraq türkləri təhqir edən bütün aşağılayıcı sözləri oraya artırtdı. Günümüzdə əlimizdə olan və Firdovsiyə aid edilən “Şahnamə”ni İsmayəıl yenidən yazdırdı. Ərəbləri və özəlliklə türkləri təhqir edən misraları Şah İsmayıl və oğlu Təhmasib Şahnaməyə artırdı. Mövlana yasaqlanırsa, artıq o siyasi mühitdə hansı elmdən söhbət gedə bilər? Mövlana “Məsnəvi”sində şiələrin aşura günü özlərini döymələrini tənqid etmiş və bu şəkildə Hüseyni anmaq Hüseynə qarşı təhqirdir deyə yazdığı üçün Şah İsmayıl tərəfindən yasaqlanmışdı. Bu haqda tutarlı bəlgələr var. İndinin İran şiə hakimləri də Mövlananı sapıq olaraq görərlər. Səfəvilərdən sonra heç bir alim yetişməmişdir. Bir alim adını deyə bilməzsiniz. Əlxarəzmi, Farabi, Biruni, İbni-Xəldun, Mövlana, Xaqani, Hafiz, Nizami və bu kimi böyüklərin hamısı Səfəvi öncəsinə aid. Səfəvilərdən sonra büzüşüb ağlayan kölə sürülər ortaya çıxdı. Ağlaşma ilə düşüncə bir yerdə ola bilməz.

-         Güneylə Quzeyin bir dövlət halında birləşmək məsələsinə necə baxırsınız?

-         Bu əsrdə mümkün deyil. Bunun üçün öncə İranın parçalanması lazımdır. Xarici müdaxilə olmaz, böyük güclər tərəfindən Türkiyə və İran işğal edilməzsə, parçalanmaları mümkün deyil. Tarix bunu isbat etmişdir. İstanbul işğal edildi Türkiyə parçalandı. Rusiya hər kərəsində İranı işğal etdiyində parçalanmış və ya parçalanma ehtimalı doğmuş. Ən son Stalinin işğalı ilə İranın quzeyində Kürdistan və Azərbaycan adında yerəl hökümətlər yarandı. Diqqət etsəniz bütün bu gəlişmələr xarici müdaxilələrin nəticəsi kimi ortaya çıxmış. İqtisadi, dini, tarixi zəmində bizi İran xalqlarından qoparacaq diqqətədəyər güclü faktor ortada yoxdur. Biz öz ana dilimizdə İranın sınırları içində məktəb haqqı əldə etsək böyük işdir. Ayrıca, İran parçalanarsa Urmu və ətrafını kürdlər işğal edərlər. Çünkü kürdlər 150 ildir dağda savaş təcrübəsinə sahibdirlər, bizim xalqın savaş təcrübəsi yoxdur. Urmunun türk əhalisi rahat şəhər həyatına alışmışlar və kürdlər kimi silahlanıb savaşa bilməzlər. İranda kürd dağları silah anbarlarıdır. Mutlu ölkə olmaq üçün mütləqa birləşməliyik deyə bir qural yoxdur. Birləşmə tarixi təsadüfün nəticəsi ola bilər, lakin belə siyasi, tarixi, elmi, iqtisadi, kültürəl, mədəni və sosial zərurət ortada yoxdur. Gələcəkdə bütün ölkələr arasındakı sınırlar yox olacaq. Yer üzündə sınırlar ortadan qalxmalıdır.

-         Səttarxanı, Şeyx Məhəmməd Xiyabanini, Seyid Cəfər Pişəvərini və Şəriətmədarini bizə anlada bilərsinizmi?

-         Səttar Xandan “niyə savaşırsan” deyə sorulduğunda “Nəcəf ayətullahları savaş fətvası vermişlər ona görə savaşıram” demişdi. Yəni öz ağlını qullanmayan lider! Səttar Xanın yazıb oxuması yox idi. Nə istədiyini bilmirdi. Qaçaq Nəbi kimi biri idi. Sadəcə Qaçaq Nəbi kənd, Səttar Xan şəhər hərəkəti içində idi. Lenin Səttar Xanı öyüb onu Rusiyanın Bukaçevinə bənzətdiyi üçün Bakıda onu sovet zamanında göylərə qaldırmışdılar. Xiyabani Azərbaycan adını dəyişdirdi. Çünkü Rəsulzadənin türklük mehvərli Azərbaycan adlı ölkəsini qəbul etmirdi. Türk dilinə sayqısı yox idi. Fransızca və farsca dərslik kitabları çıxardı, türkcə çıxarmadı. Pişəvəri Bakıda olduğunda Rəsulzadə hökümətinin devrilməsində fəal iştirak etdi. Müstəqil Azərbaycanın İrana qatılmasını təbliğ edirdi. 21 Azərdə ölkəsini başsız buraxıb gəlməsi üzündən yüzlərcə günahsız adamın ölümünə səbəb oldu. Bu arada 21 Azərdə 30 min insanın ölməsi iftira və şişirdilmiş rəqəmdir. Təqribən 300 adam Şəriətmədarinin fətvası ilə öldürüldü. Ordu Təbrizə girdiyində kimsəni öldürmədi. Ordudan öncə başsız qalan fədailəri mollaların qulbəçələri öldürmüşdülər. Şəriətmədari təpədən dırnağa türk düşməni idi. İran şiə üsyanından sonra Dr. Cavad Heyyət və digərləri türk dilində məktəb açmaq üçün ondan yardım istəmişdilər. Şəriətmədari bu istəyi komik olaraq görmüş və “ölkəmiz parçalanar” demişdi.

-         İranda milli hərəkat vardısa, niyə qalib olmadıq, yox idisə, adını çəkdiyimiz bu tarixi şəxsiyyətlər kimlərdi?

-         İranda milli türklük hərəkəti heç vaxt olmamışdır. Bu tarixi şəxsiyyətləri Azərbaycanın saxta tarixçiləri milli Azərbaycan şəxsiyyətləri adlandırmışlar. Tarixi saxtalaşdırmışlar. Onların hamısı İran milliyətçiləri olmuşlar. Milli türk hərəkəti bundan sonra başlayacaqdır. Çünkü Azərbaycandakı saxta bilgilər bir sürə bizi çox məşğul etdi, artıq bu yalan və çayxana bilgilərini sorqulayıb iftira olduqlarını ifşa edən şəxsiyyətlərimiz meydana çıxmışdır. Niyə bu hərəkət sonuc verməmişdir deyə sormanız çox gözəldir. Çünkü türk milli kimliyi heç bir zaman bir hərəkətin məzmunu və niyyəti olmamışdır.

-         Bir Oxucunuz haqlı olaraq, “siz köhnə nə varsa dağıdır, amma yeni heç nə yaratmırsınız” deyir, doğru deyilmi?

-         Doğru deyil. Mən hər şeyi dağıtmıram. Məsələn mənim “Qafqaz türklərinin oyanış dövrü” kitabım Axundovdan Hüseyn Cavidə qədər bütün aydınlarımızın siyasi, fəlsəfi, sosial dünyagörüşlərini incələmiş, Böyük Rəsulzadəni fərqli açılardan dəyərləndirmişdir. Modern millət olmaq tarixin qaranlığına sıxılıb qalmaqla mümkün olmaz. Bizim indiki durumumuz tarixi sürəcin nəticəsi deyilmi? Tarixdə yaxşı bir şeylər olsaydı, bizim də durumumuz bu şəkildə olmaz, dünyanın etibarlı millətlərindən sayılardıq. Ancaq nüfusunun çoxu türk olan İranda bizim heç bir statusumuz yoxdur. Niyə? Bunu fars filan etməmiş, farsdan öncə nəyimiz vardı? Mən də Azərbaycandakı yalan və saxta tarixin hepnozunda idim. Araşdırdığımda gerçəklərlə qarşılaşırdım və böyük ümidsizliyə qapılırdım, az qala intihar edəcəyim anlarım oldu. Çünkü ömrümü yalanlara həsr etdiyimi görürdüm və dilimizi sevən birisi olaraq tarixi yenidən yazmağa qərar verdim. Bir neçə tarix kitabım sırf bu mövzuda bakıda çap olmuşdur. Yalan və yanlış bilgi hər zaman sıxıtı yaradar, doğru bilgiləri qəbul etmək zor olsa da, ancaq düşünməyə və aydınlanmaya yol açar. Tarixdə heç bir iz buraxmayacaq bir neçə adamın mənə nəsə demələrindən çəkinib doğruları araşdırmamalı idimmı? Həqiqəti heç vaxt çoxluq qəbul etməz, çoxluq onu məst edəcək yalanlara və saxtakarlıqlara inanar. Çünkü həqiqət qəbuledilməz, araşdırılar. Bitməyən bir araşdırmadır həqiqət yolçuluğu. Mənim haqqımda o sözləri söyləyənlərin həyatlarını incələsəniz bütün ömürlərində beş kitabı sonuna qədər oxumamışlar. Açıqcası mən heç bir millətə qarşı düşmən deyiləm. Bir toplum öz iç dinamiklərini itirmişsə, sürəkli günahı başqalarında görər. Öz ana dilimizdə bu qədər kitab yazıb tərcümə etmənin nə kimi zərəri var? Xalqın alışdığı yalanları mən də mi təkrarlayıb durmalıyam? Kitablarım hər iki tərəfdə böyük etiraz və qəbullarla oxunmuşdur. Toplumun kötü alışqanlıqlarını və zehnini işğal etmiş yalanları ancaq bu şəkildə ortadan qaldırmaq olar.

-         Dünya Azərbaycanlıları müxtəlif təşkilatlar yaradırlar. Onlardan biri də Dünya Azərbaycanlıları Konqresidir. Bu təşkilatlara münasibətiniz necədir?

-         Bu mövzu haqqında mən həm praktikada məşğul olmuş, həm də çox düşünmüşəm. Ciddi müşahidələrim var. Xaricdə qurulan təşkilatların tərkibində Qərbdə dünyaya gəlmiş, ya da 15 yaşın altında ailəsi ilə 20-25 il öncə Qərbə getmiş insanlarla qarşılaşmadım. Hamısı yaşlı vaxtda Qərbə gedən, Qərb kültürünə, dilinə inteqrə ola bilməyən insanlardır. Ancaq erməni, yəhudi və digər xalqlarda bu şəkildə deyildir. Onların Qərbə gedən dədələrindən törəmiş oğulları, nəvələri, nəticələri, kötücələri və iticələri də təşkilatlarda aktivdirlər. Həm də bulunduqları ölkələrdə elmi-iqtisadi status qazanmış nəsillərdir. Bizdə belə deyildir. Nədən əcəba? DAK və digər təşkilatlar da eynidir.

-         Nədən bizdə belə deyildir?

-          Hər bir mədəniyyətin orta dirəyini təşkil edən bir inanc və o inanca bağlı əxlaq və davranış düzənidir. İqtisadi və siyasi ehtiyaclar mədəniyyətin yan dirəyini təşkil edərlər. Bir mədəniyyətin yan dirəkləri, yəni iqtisadi və siyasi dirəkləri yıxlarsa, o mədəniyyət yaralanar, ancaq çökməz. Özünü yenidən təmir edərək canlanma imkanını itirməz. Lakin bir mədəniyyətin orta dirəyi, yəni inanc sistemi çökərsə, artıq o mədəniyyət ölmüşdür və canlanma imkanı olmaz. Mənim müşahidələrimə görə Səfəvi sonrası bizim mədəniyyətin orta dirəyi çökmüşdür. Bu üzdən İranın lider Xamnəi “Səfəvi sonrası şiənin dili farsca olmuşdur” dedi haqlı olaraq. İrandan Avropaya gələn bir türk gənci hansı tarixi-milli xatirələrlə gəlir? Bu tarixi xatirələr Qərb mədəniyyəti qarşısında dirənə bilərmi? Bu adam tarixi xatirələrini evladlarına çatdırmaq istərmi? Mənim müşahidələrim gösətərir ki, Qərb mədəniyyəti ilə tanış olan bizlər aşağılıq kompleksinə giririk və daşıdığımız tarixi xatirələrdən utandığımız üçün onu evladlarımıza çatdırmaq istəmirik. Çünkü bizim tarixi şüuraltımızı şəkilləndirən inanc sistemimizdə şiddətdən, qoçuluqdan, qabadayılıqdan, baş yarmaqdan, sinə və zəncir vurmaqdan başqa nə var? Məsələn mən özüm qələmi olan, kitab əhli birisiyəm. Bilincaltımdakı xatirələrin evladlarıma keçməsindən qorxuram. Özəlliklə Avropa mədəniyyəti bizim bilincaltımızı ifşa edir. Yuxumda görürəm İrandayam və saqqallı çirkin qızılbaşlar kəskin qılınclarla öz başlarına döyürlər. Yuxuda öz-özümə “Tanrım, bura İran olsun da yaşadığım ölkə olmasın, gördüyüm gerçək deyil, yuxu olsun” deyə yalvarıram. Uşaqlığımda gördüyüm bu aqressiv sürülərin saxta din adı ilə özlərinə qıymaları, başlarını qılıclamaları ruhumu yaralamış. Qorxu içində yuxudan oyanıram. Əllərim titrəyir, yata bilmirəm. Bu üzdən tariximizə aid olan nə varsa hamısını unutmaq üçün psixoloqa getdim. İndi dərman qəbul edirəm. Səfəvi-qızılbaş tarixi ilə qürur duyan adam kəsinliklə xəstədir, vəhşidir, insanlığını itirmişdir. Araşdırmalarım, yazdığım və oxuduğum kitablar olmasaydı, kəsinliklə intihar edərdim. Çünkü bu tarixə mənsub olmaqdan utanıram. Bu üzdən uşaqlarını məsxərə aşura günləri törənlərində məscidlərə, şəbeh meydanlarına, zəncir və sinə məclislərinə aparmamalarını oxuculara tövsiyyə edirəm. Hər bir şiə-qızılbaş toplantısı çocuğun ruhuna vurulan yaradır.

-         Qorxunc bir tablo təsvir edirsiniz. O zaman çıxış yolu nədir sizə görə?

-         Bizim yazqımızla almanların tarixi yazqısı bir-birinə bənzəyir. Almanlar 16-cı əsrə qədər inanc zəminində Vatikanın kölələri idilər. Din anlayışlarında reform gerçəkləşdirdikdən sonra yüksələrək dillərini fəlsəfə dili etdilər, dünyanın böyük iqtisadi, siyasi, mədəni gücünə dönüşdülər. Bizim din anlayışımızda reform olmalıdır. Şirkdən azad olaraq Qurana görə İslamı qəbul etməliyik. İslamda insanın özünə zərər verməsi, öz başına döyməsi, həm də bunu balaca uşaqların yanında etməsi deyə bir şey yoxdur. Hz. Hüseyn macərası İslam deyil, İslam tarixində ortaya çıxmış önəmli bir şəxsiyyətdir. İslamın bilgi kitabı Quran və praktikası da Peyğəmbərin həyatıdır. Bu ikisinin dışında İslam yoxdur. Bu üzdən diqqət etsəniz, əsla farslar bir meydan savaşında bizi məğlub edib ölkəmizi işğal etməmişlər. Biz inanc zəminində almanların Vatikan qarşısında yenildiyi kimi, fars-Sasani din anlayışının köləsi halına gəlmişik. İnanc zəminində yenilmişliyimiz buradan qaynaqlanır. Bakıda uydurulan fars şovenizmi bir quruntudur. İranşünaslıq üzərinə elmi bilgisi olmayanların xəyal quruntusudur. Biz könüllü olaraq sömürülməyə təslim edilmişik. Mənim mücadiləm bu baxımdan Avropa aydınlarının son 500 ildə verdikləri aydınlanma mücadilə sisteminə dayanmaqdadır. Hər bir insanın içində Allah var. Şah damarımızdan bizə yaxındır. O zaman zəncirlə, şillə-yumuruqla özümüzü döydüyümüzdə Allaha da saldırmış oluruq. Bu xəstə din anlayışında Allahdan başqa imamdan, imamzadadan, pirdən, məzardan da imdad bəklənilməkdədir. İslama görə də bunlar açıqca şirk sayılmaqdadır. Bu şirkdən azad olunmadıqca da könüllü köləlik davam edəcəkdir. Könüllü köləlik mənim təsbitimə görə bir Səfəvi projəsi olmuşdur. İranda sırf bu baxımdan əsla milli türk şəxsiyyəti yetişmədi. Keçən əsrin əvvəllərində bütün dünya türklüyü qurtuluş düşüncəsi axtararkən İran türkləri içindən bir tək milli şəxsiyyət çıxmadı. Tam tərsinə fars irqçiliyinin modern proqramını səfəvizədə türklər yazdılar! Bakıda uydurulan saxta qəhrəmanların heç birində türklük bilinci olmamışdır. Hamısı səfəvizdə türk düşmənləri olmuşlar. Keçən min ildə türklərə “qılınc ağaları” və farslara da “qələm ağaları” ləqəbi taxılmışdı. Gerçək olan budur ki, farsın qələmi türkün qılıncını qırıb tarixə gömdü. Qələm savaşı meydanında yer almalıyıq. Bu faciənin genişliyini anlamaq üçün sizə iki örnək vermək istəyirəm. Hindlilərin 200 ilə zəhmət çəkib təsis etdikləri böyük bir şəhərin əhalisini Mahmud Qəznəvi qətl etdi və şəhəri də tarixdən silərək bolca altun və cəvahirlə döndü. Sarayında 4500 farsca şeir yazan şair barındırır, hamısına da altun və gümüş verirdi. Qəznəvilərdən sanki heç türk olmamışlarcasına bir tək cümlə də türkcə miras qalmamış. Bir tək fars yurddaşı olmayan Osmanlıda 2200 farsca divan yazılmış. Türkcə heç iki divan belə yox. Bu üzdən Türkiyə türklərinin də estetik zövqləri yoxsul. Tarixi xatirəlrində anlaya biləcəkləri nə bir Mövlana, nə Hafiz, nə Xaqani, nə Nizami, nə Əttar, nə dərin minyatur bir xatirə və tarixi dərinliyi olan bir musiqi mətni var. Şüuraltıları çöllük. Ümumi bir türk tarixinin faciəsi. 

-         Azərbaycanın gələcəyi haqqında düşüncələriniz varmı və onlar nələrdən ibarətdir?

-         İran Azərbaycanının durumu çox bərbaddır. Səbəblərinin bir qismini açıqladım. İran nə zaman təhlükəyə girmişsə Azərbaycan onun dağılmasına əngəl olmuş. Fars millətçiləri İranın quzeyində bitişik yaşayan türkləri təhdid olaraq görmüşlər. Hətta Birinci Pəhləvi dönəmində əhalini Xorasan çöllərinə daşımağı da düşündülər, İkinci Dünya Savaşı baş qaldırdı və bu projə həyata keçmədi. Lakin İran-İraq savaşında İraqın təcavüzü qarşısında heç bir millət səfəvizədə Azərbaycan türkləri qədər qəhrəmanlıq göstərmədi. Hətta bir çox millətçi fars stratejistlərinə görə İraq-İraq savaşı böyük zərər versə də, ancaq fars kimliyi mərkəzli İrani kimlik bu savaş sırasında parçalanmayacaq biçimdə tamamlandı. Çünkü İranda ən böyük etnos olan türklər könüllü olaraq İrani kimlik yolunda ölümə getdilər. Bir sözlə İrani kimlik yolunda bu qədər fədakarlıq göstərən bizim xalq tarixin heç bir mərhələsində öz kimliyinin yolunda bu fədakarlığın milyonda birini də göstərməmişdir. Bunun əsas səbəbini mən inanc zəminində ruhən sömürülməkdə görməkdəyəm. İndiki İranda bu dini faşizmi devirib sekulyar, demokratik bir dövlət düzəni qurmaq üçün öncə İranın bütün xalqları və demokratiyaya inanan insanları ilə birləşməliyik. Çünkü milli haqqımızı da ancaq demokratik və sekulyar bir sistem içində əldə edə bilərik. Bu yolla modern dünyanın diqqətini cəlb edə bilərik. Azərbaycan Respublikasında durum fərqli ola bilər. Azərbaycan Rusiya və Qərblə mədəni münasibətlərini genişlətməlidir məncə. Çünkü boşluq yaranarsa, yerini irani kimlik doldurar. Görürsünüz İranda eyitim alıb geri dönən teroristlər, imampərəstlər və pirpərəstlərin sayı Azərbaycanda hər gün artmaqdadır. Bunlar ölkəmiz üçün ciddi təhdid və təhlükədir. Azərbaycan sekulyar ölkə olaraq dini fanatizmin sosial həyatı təsiri altına almasının önünü kəsməlidir. Küçələrdə, açıq yerlərdə zəncir vurmanın, uşaqların gözləri önündə şiddət çağrışdıran eyləmlərdə bulunmaların qarşısı şiddətlə alınmalıdır. Yoxsa “Molla Nəsrəddin” məktəbinin mübarizə apardığı cəhalət ölkəmizdə yenidən xortlar. Bu üzdən Azərbaycanın aydın gələcəyini müsavatçıların elan etdikləri türkcəmizdə modern bilgiklərlə dinimiz İslamı anlamaqdan keçər. 


-         Siz Bütöv Azərbaycan məsələsinə necə baxırsınız?

-         Bütöv Azərbaycan, parçalanmış Azərbaycan ifadələri ilə İranda türk milli şəxsiyyəti olaraq politikacı ortaya çıxa bilməz. Dünyanın ən demokratik ölkəsi sayılan Amerikada bilə ölkə bütüövlüyünü təhdid edən politikalara izin verilmir, haqlarında edam cəzası çıxarılır. Bu üzdən İranda milli kimliyimizin yüksəlişi və demokratikləşən İran ortamında siyasi qonu edilməsi yolunda iki təhdid var: 1- İranda Güney Azərbaycan sinifləndirməsi ilə siyasi fəaliyət göstərmək istəyənlər. Çünkü bu, kndiliyindən arxasınca Bütöv Azərbaycan anlayışını gətirir və bunun üçün də nə Azərbaycan Respublikasında, nə İranda siyasi, iqtisadi, mədəni ortam var, nə də bölgədə və dünyada İranın bölünməsi yolunda istəklər söz qonusudur. 2- Ölkə dışında, özəlliklə Avropada siyasi təşkilat quraraq məramnamələrinə Bütöv Azərbaycan yerləşdirənlər də siyasətlə deyil, qurqu ilə məşğuldurlar. İndiki tarixi pozisionda bizim sorunumuz Azərbaycanın bütövləşməsi deyil, İran sınırları içində milli kimliyimizi modern insan haqları çərçivəsində yüksəltməkdir. Öz ana dilində bir cümləni yaza bilməyən bir topluma belə bir ülkü yükləmək komikdir və fars şovinisti adlandırdıqları zehniyyətdən də təhlükəlidirlər. Çünkü hər ideya öz zaman və məkan ölçümündə ortaya atılmadığında yararlı olmaq yerinə, zərərli olar. Böyük mədəni inqilab yolunda düşüncə ürətmək lazımdır. Böyük siyasi hərəkətlərin də mədəni altyapısı olmalıdır. Bunun üçün Bakı bizim üçün bir fürsətdir. Bütövlükdən filan danışmaq yerinə, dilimizi yaxşıca öyrənib fars dilində olan minlərcə tarixi mənbələri tərcümə edib Bakıda çap etdirmək daha yararlıdır. Çünkü dilimiz tarixi qaynaqlar baxımından çox yoxsuldur. Bu utopiya yoxsul sinif çocuqlarının həyatını sorumluluq daşımadan atəşə atmaqdan başqa bir şey deyildir. “Qarabağın yolu Təbrizdən keçir” demək, Qarabağı ermənilərə bağəşlamaq fikri ilə örtüşməkdədir. Siyasət güncəl söyləm və imkanlara dayanar. Min il sonranın utopiyaları ədəbiyatın və mədəniyətin qonusudur. O qaranlıq mühitdən tarixi hadisələr sizi uzaqlaşdırmış. İrəliyə doğru gedin və oradakılara da nümunə olun. Bir zaman Azərbaycan Respublikasında illik ortalama gəlir adam başına 25 min dolar olarsa, o zaman İrandakı tərəfi də çəkib öz içinizdə həzm edə bilərsiniz. İnsan bir ömrə sığan xəyallarla məşğul olmalıdır.
21.09.2015




[1] Əvəz Zeynallı ilə müsahibə

Hiç yorum yok:

Yorum Gönder