Ədəbiyat və düşüncə
Müsahibəni hazırlayan:
Nigar İbrahimova
Ədəbiyatın tarixi vəzifəsi varmı?
Ədəbiyat dini, fəlsəfi, ədəbi mətnləri içinə alan bir anlayışdır. Ədəbiyat dəyər icad etməlidir. Törə dəyərlərinə təslim ola bilməz. Törələr təbii həyatın nəticəsidir. Təbiət də çox vəhşidir. Bu üzdən də bütün törələrdə az-çox vəhşilik vardır. Ədəbiyat bu vəhşiliyə qarşı yeni dəyər təsis etməlidir. Örnək söyləyəcəm. Quranı bir ədəbi mətn kimi incələyəlim. 7-ci əsrdə Ərəbistanın qumsal və susuz təbiətinə görə vəhşi törələr mövcud idi. Mərkəzi Asiyada da belə sərt törələr olmuş. Bu törələrə görə bir qəbilənin üzvü başqa bir qəbilədən bir adam öldürəndə qarşı qəbilə digər qəbilənin bütün üzvlərini qətl etmək istəyirdi. Beləcə qan davası qəbilələr arasında sürüb gedən bir hadisəyə dönürdü. Bilirsiniz ki, 7-ci əsrdə ərəb dili və ədəbiyatı çox inkişaf etmişdi. Özəlliklə şeir sənəti. Bu ədəbi mətnlərin çoxu törələrin sərtliyini tərif edirdi. Qatilləri qəhrəman kimi təsvir edirdi. Törələri anladan o şeirlərin bədii tərəfi olsa da, bəşəri məzmunu yox idi. Bu üzdən o mətnlərin heç biri ədəbi miras kimi tarixdə qalmadı. Nədən? Çünkü yeni dəyər icad edə bilmirdilər. Ancaq Quran mətni ərəb yarımadasını aşaraq dünyaya yayıldı. Çünkü Quran bəşəri dəyərlər və üstün insan əxlaqı icad etməklə görəvli olan bədii mətn idi. Törələrə qarşı savaş açmışdı. Törələrdəki qəbilə davasını bu şəkildə çözürdü: Bir qəbilənin üzvü başqa qəbilədən bir adam öldürmüşsə, bütün qarşı qəbilə qətl edilməməlidir, sadəcə qətli törədən qətl edilməlidir. Bunu qısas olaraq tanımlayır və davam edir: Ancaq qatili bağışlamaq və başqa tür cəzalandırmaq da olar deyir Quran. Çünkü insan özünü Allaha bənzətməlidir və Allah bağışlayandır. Bu, əslində modern hüquq sistemində edam hökmlərinin qaldırılması kimi bir durumdur. Böyləcə Quran bu məntiqi ortaya qoyur: “qısas almaq haqdır, bağışlamaq əxlaqdır” Bu, yeni əxlaq və yeni həyat şəkli icad etməkdir. Bu baxımdan bu kimi mətnlər insanın vicdanını təsirləndirməkdədir. Bir mətnin tarixin dərinliyini və hətta sonsuzluğu necə öz təsiri altına alması bu şəkildədir. Quranı, sadəcə vəhyin nəticəsi kimi olaraq deyil, tarixi bir mətn kimi incələdiyimizdə belə nəticəyə varmaq mümkündür. Bu baxımdan ədəbi əsər yeni dəyər icad etməlidir. Əxlaqa xidmət etməlidir.
Düşüncə və iqtisadi həyat arasında irtibat varmı?
Düşüncə ürətə bilməyən toplumlar texnologiya da ürətə bilmirlər. Bunun nümunələrini tarixdə çox görmüşük. Düşüncəsi və dili inkişaf etməmiş toplumların iqtisadi həyatı da bərbaddır. Bunlar arasında sıx bağlantı vardır. Çünkü hər ikisi də istehsaldır. Mənəviyatını dərinləşdirməyən toplumlar təqlidçi olarlar. Hər şeyi idxal edərlər. Demokratiyanı da idxal edərlər. Ancaq arzuladıqları demokratiyanın aydınlanma təməllərini təşkil etmədikləri müddətcə insan haqlarına da doğru-dürüst əməl edə bilməzlər. İqtisadi fəaliyətlər bəşərin sosial fəaliyətlərindən biridir. İnsan öncə ictimai, daha sonra iqtisadi varlıqdır. İctimai fəaliyətlər də istər-istəməz kollektiv və tarixi özəlliyə sahibdir. Bu kollektivi bir arada tutcaq amillər nələrdir? Ortaq dəyərlər. Ortaq dəyələr yüzillər boyunca ortaqlaşaraq ürətilər və bu doğrultuda birinci görəv ədəbiyatın üzərinə düşməkdədir. Söz qonusu dəyər icad etməkdir. Dəyərin maddi və mənəvi qatları var. Maddi dəyələr bölüşülə bilər, ancaq mənəvi dəyələr ortaqlaşaraq özümsənər, parçlana bilməz. Örnəyin bir atadan miras qalan maddi miras evladlar arasında bölüşülə bilər. Ancaq bir atadan miras qalan bir kitab, bir roman maddiyatın parçalanaraq bölüşüldüyü kimi parçalanıb paylaşılamaz. Bunu öz bütünlüyü içində qənul etmək gərəkir. Bu, mənəvi dəyərdir. Bu, bitməyən bir sürəcdir. Düşüncə adamı yetişdirmək ekonomist yetişdirməkdən daha çətindir. Düşünmək rahat psixologiyanın məhsulu deyildir. Narahat ruhların edə biləcəyi işdir. Zamanın dar çərçivəsinə sığmayaraq əbədi suallarla qarşılaşan insanların çalışmalarının nəticəsidir yaradıclıq. Biz irfan ədəbiyatına baxdığımızda görürük ki, ariflər rahat deyillər. Həyəcan içindələr. Bir əksikliklərinin var olduğunun şüurundadırlar. Bunu ortadan qaldırmaq üçün çırpınıb durmuşlar. Sürəkli azadlıq arxasınca qaçmışlar. Ancaq nədir bu azadlıq? Bir üstün varlığa qovuşaraq onda tamamlanmaq duyğusu. Daimi yolçuluq. Zamanları aşma və sonsuzluğa ərmə istəyi. Əsrlər arasında zehni irtibat qurmaq da bu yolda sürəkli yürümüş olanların əsərlərini oxuyub öyrənməklə mümkün olur. Bu baxımdan folklor mənim üçün çox da önəmli deyil. Folklorda dərin düşüncə axtarmaq olmaz, iqlim şərtlərinə görə hər toplumun bir həyat şəkli var. Ancaq düşüncə adamı beyinlər arası irtibat qura bilər. Minilliklər, yüzilliklər arasında düşüncə irtibatı qurmaq düşünənlərin mətnləşdirdikləri fikirləri ilə qarşılaşmaqla mümkündür. Bugün ortaya qoyduğumuz düşüncələr yüzillər sonrakı nəsillərin araşdırma nəsnəsi olacaqdır. Ancaq düşüncə ortaya qoya bilirikmi?
Əsrlər arası irtibat hansı vasitə ilə qurulur?
Dil və mətnlər yoluyla. Şifahi xalqların əsrlər arası zehni irtibat qurması köksüz olar. Türklər də şifahi xalq olduğundan keçmişi ilə zehni irtibat qura bilmir. Çünkü keçmişindəki mətnlərin çoxu yabancı dildədir. Dilimizi mətnləşdirməyə keçdiyimizdə gördük ki, dilimiz dolub daşmış ərəb-fars sözləri ilə. Dilimizə sahib çıxmamışdıq. Sonra da özbəöz Türkçə sözləri arxeik adlandıraraq güya “dilimizdə vətəndaşlıq almış olan!” özgə sözləri öydülər. Əski qavramlar çox önəmlidirlər. Bir toplumun içindəki düşüncə və duyğu inkişafının və həyat şəklinin göstəricisidir. Tarixi inancın məzmununu bilməmiz üçün o qavramlara ehtiyac var. Əski qavramlar tarixi dəyişiklikləri anlamağa yardımçı olar. Toplumun sapıqılıqları da bu qavramlar yolu ilə bəlli edilə bilər. Toplumların həyatında, yalnızca olumlu gəlişmələr olmamışdır. Toplumbilimcilik, cəmiyətşünaslıq, əslində dilin içini deşib onun tarixi inkişaf sürəcini öyrənmək anlamındadır. Bu, sadəcə dilin qramatik inkişafını öyrənəmək deyildir. Dilin sözdağarcığının genişləmə və daralma mərhələlərini bilmək gərəkməkdədir. Hər düşüncə adamı, hər ədəbiyatçı bir gələnəyin içində öz çalışmalarına başlar. Qullandığı bir çox qavramlar özündən öncə mövcuddur. Düşüncə adamı sözlərin bəzisini dəyişdirib ona fərqli anlam yüklər, çoxunu da olduğu kimi qullanar.
Düşüncə adamı kimdir?
Düşüncə adamı sınırlı həyatda sınırsız və sonsuz olan bütövlüyü düşünəndir. Bir anın içində sonsuz zamanı anladığımızda biz düşünməyə başlarıq. Düşünmək, bir türlü içində bulunduğumuz dar və sıxıcı zamanın fövqünə yüksəlməkdir. Bu bütövləşdirici və indiki zamanı sonsuza bağlayan durumun adını Tanrı adlandırırıq, bəziləri bunu ölüm olaraq adlandırar. Tanrı, ya da ölüm bütünləşdirici tək amildir. Çünkü ikisi də var olanları deyil, varlığı bizə xatırladır. Yəni yoxluğu anladır. Düşüncənin qonusu Heidggerin də dediyi kimi varlıqdan daha çox yoxluqdur. Bir insanın həyatı, özəlliklə bir sənət və düşüncə adamının yaşamı da, yalnız onun ölümündən sonra tanınmağa, incələnməyə başlanar. Ölüm və ya İslam anlayışı ilə söylərsək “Tanrıya dönüş” tanınma, bilinmə üçün imkan sağlar. Bu, mütləq zamanın şüurda oyanışıdır. Zaman varlığı, bütöv olanı anlamanın üfüqüdür. İnsan, iqtidar və qüdrət istəklisi olduğundan zamana bağlıdır. Keçmişinə görə durumunu bəlli edər və gələcək üçün bir şeylər planlar. Türklərin param-parça olub gücsüz duruma düşmələrinin səbəbi də budur. Çünkü güclü olmaq və varlığı anlama üfüqlərini yanlış təsbit etmişlər. Ona görə heç bir zaman düşüncədə güclü olmamışıq. Düşüncədə güclü olmanın tək yolu dillə mümkündür. Siyasətdə keçici olaraq güclü olmuşlar. Bizim keçmişizi bizə anladacaq kitablarımızın hamısı yabancı dillərdə. Fars dilində, ərəb dilindədir. Dilimizdə güc birikdirməmişik. Dilimizi gücsüz buraxdığımızdan yenilmişik. Fikrən yenilmişik. Mən bu məğlubiyəti ortadan qaldırmaq üçün Türk dilinin tarixi varlığına güvənirəm. Yazdığım romanlarımda əldə etdiyim Türkçələrin sözlərindən yararlanıram. Pisliklərlə savaşmaq gərəkir. Türk ulusu olaraq ağlımızı pisliklər və pisliyin ifadələri işğal etmiş. Bu pisliyin adı dilimizə yanlış ad verməkdir. Bu, bir gələnəyə dönüşmüş. Tarixdə və təbiətdə bir tək Türk dili var. Bunu inanclaşdırmalıyıq. 70 il uzun zaman deyil. 70 ildə sovetlər dilimizi param-parça edərək başqa-başqa adlarla və sevimsiz əlifbalarla bu duruma soxmuşsa, bir 70 ildən sonra bu sorunu ulusal iradəmizə dayanaraq çözməyi başarmalyıq. Bunun adı ulusal savaşdır. Gələcəkdə Avrasiada bir tək Türk dili olmalıdır. Buna doğru irəliləmənin adını mən milli kimliyin yüksəlişi olaraq tanımlayıram. Bunun dışında milli mücadilə ola bilməz. Unutmamalıyıq ki, oyanış milli vicdanın baş qaldırmasıdır.
Vicdan nədir?
Vicdan daxili sezgidir. Vicdan dialoq deyildir, daxili xəbərdarlıqdır. Daxili oyanışdır. Uzaq məsafədən xəbər vərən iç şüur axışdır. Soyundan, kökündən ayrılmışlığı ifşa edən daxili görüş. Etiraz etmək vicdanın baş xüsusiyətidir. Ortada olan özgəçiliyi də vicdan ifşa edər. Vicdanının oyanması məsafəni kəşf etmək və sonra onu ortadan qaldırmaq məsələsidir. Bir insanın Tanrıya dönüşü də, bir toplumun oyanışı da bu şəkildədir. Tanrıya dönüş varlıqdan uzaq düşməyi anlamaq və O´na dönərək uzaqlığı, məsafəni ortadan qaldırmaqdır. Bunun örnəklərinə irfan ədəbiyatında çox rastlanmaqdayıq. Milli oyanış da bu şəkilədədir. Millətin aydınları bir məsafənin ortada olduğunu görərlər. Millətin öz kimliyi ilə olan ortadakı uçurum. Bu uçurumu qapatmaq və bu məsafəni ortadan qaldırmaq geniş daxili xəbərdarlığın nəticəsidir. Bu, tarixi və milli vicdanın oyanışıdır. Vicdan oyanışı məntiqlə açıqlana bilməz. Vicdanlı yaşamaqla məntiqli yaşamaq fərqli anlayışlardır. Məntiqli yaşamaq fədakarlıq gərəkdirməz. Fədakarlıq vicdanlı yaşamağın nəticəsidir. Məntiq mənafe arxasıncadır. Baxınız gözümüzün önündə milyonlarca məntiqli yaşayan insanlara şahidik. Durmadan ingilis dilini öyrənməyə çalışırlar. Çünkü bu dili yaxşı bilmək maddi gəlir qaynağı sayılır. Məntiq belə hökm edir. Öyrəndikcə də öz dillərindən daha çox uzaqlaşırlar. Bu arada barmaq sayı adamlar var ki, bunlar Türk dilini öyrənməyə, onun keçmişini və yaradıcı imkanlarını bilməyə çalışırlar. Ancaq burda heç bir fayda yoxdur. Qərbə getsələr də bu adamlar öz dillərinə olan dərin bağlardan qopa bilmirlər. Nədən? Çünkü vicdan oyandığında insanı öldüyü ana qədər rahat buraxmaz. Tarix də məntiqli yaşayanların deyil, vicdanlı yaşayanlarındır. Məntiqli yaşayanlar tarixdə yox olurlar. “Mən türk dilini yüksəltməklə görəvliyəm, Allah məni buna görə dünyaya göndərmiş” söyləyən Füzuli bu gündə aramızdadır. Nəfəsini hiss edirik. Musiqimizdə, dilimizdə və vicdanımızda yaşamaqdadır. Ancaq məntiqlə yaşayan Osmanlı və Səfəvi zehniyəti indi hardadır? Yoxdurlar. Nədən? Çünkü biri ərəb və başqası fars din anlayışına sığınmağı məntiq olaraq gördülər İslamdan və haqdan uzaqlaşdılar. İslamı ərəbin və farsın gözü ilə baxaraq dəyərləndirdilər və yox oldular, tarixə gömüldülər. Haqq əbədidir, batil yıxılan və yox olandır. Özlərindən heç bir mənədi və fikri miras buraxmayaraq külək kimi əsib getdilər. Sənət əsərinin tək amacı dərin vicdan oyanışını bərqərar etmək olmalıdır. Yoxsa sırf maddi ölçülərlə yaşamaqla heç bir inkişaf əldə etmək olmaz.
Müsahibəni apardı:
Nigar İbrahimova
Hiç yorum yok:
Yorum Gönder