Irfanda əxlaq və iman üzərinə
İnsan fitrəti ilə İslam arasında nə kimi bağlar var?
Öncə insan fitrəti üzərinə düşünmək lazmdır. Fitrət nədir? Fitrət sözünün ana dilimizdə qarşılığı yoxdur. Onun sözlük anlamı yaradılış deməkdir. “Fitrət” qavramının bir də fəlsəfi anlamı var. Fitrət, ərəb dilində “ümm-ül maarif” adlanır, yəni bütün mərifətlərin, elmlərin anası. Fitrət Allah tərəfindən insan doğasına yerləşdirilmiş bilgilərdir. Bu bilgilərlə varlıq arasında bir uyğunluq və həmahənglik vardır. Alimlər bir şeylər kəşf etdiklərində yeni bilgi ortaya qoymurlar. Varlıqda olan və insan fitrəti ilə sirli şəkildə irtibatı olan bilgiləri kəşf etmiş olurlar. Bütün bilgilər öncədən vardır, yox deyildir. Var olanların bilgisinə varmanın adını elmi kəşf adlandırırıq. Bu, insan fitrətində var olan bilgilərin sözlərlə anlaşılır hala gəlmə sürəcidir. İslamda “Nəfsini tanıyan Allahını tanımış olur” hədisi var. Buradakı “nəfs” öz və fitrət anlamındadır. Nəfsdə bilgilər yerləşdirilmidşir. Allah da sonsuzdur. Bütün bilgilər sonsuzluqda mövcuddur, yəni Allahda. Bilgilərin qaynağı odur. İnsan iradəsi və ağlı cüzidir, Allah isə bütündür, küllidir və sonsuzdur. Ancaq o sonsuz və külli olan, insanın cüzi ağlına və iradəsinə bəlli imkanlar yerləşdirmişdir. O cüzi imkanın külli olanla irtibatı vardır. İnsan nəfsindəki bu imkanın adı “fitrət”dir. Bu, bütün insanlarda mövcuddur. Allah hər kəsə bir miqdar vermişdir. Hər miqdara da bir missiya yükləmişdir. Qurani-kərimin bu ayəsindən yararlanan Böyük Füzuli bu fitrət miqdarının fəlsəfəsini bu şəkildə açıqlar:
“Hər kəsin aləmdə miqdarıncadır təb´ində meyl
Mən ləbi-cananımı Xızr abi-heyvanın sevər.”
Yəni Allah Xızr peyğəmbərə əbədi həyat suyunu içdirmə fitrəti bağışlamışsa, bir sadə insana da bir qadını dürüstcə sevmə fitrəti bağışlamışdır. Xızrın məsuliyyəti artmışdır. Ancaq bir qadını dürüstcə sevmə ilə Xızrın sevgisi arasında böyük fərq yoxdur. Çünkü sevgi yolunun sonu Allahda bitər.
Dahilərdə də mövcuddur, sadə xalq kütləsindədə. Allah Qurani-kərimdə sadə xalq kütləsinə xitab edər. “Ya əyyühənnas”, yəni “ey xalq” deyə xitab edər. “Ey seçkinlər!” deyə xitab etməz. Nədən? Çünkü bir insan nə qədər dahi olsa da, mütləq və sonsuz olan Allahın əbədi bilgiləri qarşısında bütün bilgiləri cüzidir. Seçkinlər də Allahın nəzdindən xalqdan biridir. İslamda bilginin çox önəmi var. “Bilənlə bilməyən bir olurmu?” deyə sorar Qurani-kərim. Ancaq insanlar təqvalarına görə Tanrı qatında fərqlənirlər, bilgilərinə görə deyil. Təqva və iman olmadıqdan sonra bilgilər pis niyyətlər üçün də istifadə edilə bilər. Bir dahi belə, nə qədər bilsə də, bütün bildikləri cüzidir. Allahın bilgiləri mütləqdir və onu heç bir zaman, heç bir şəkildə bilmək mümkün deyildir. Təkamül dediyimiz olay da cüzi zəkanın mütləq zəkaya, parçanın bütünə doğru hərəkətidir və bu da bitməyən minillərin hərəkətidir. Bizim bildiklərimiz və bəşər tarixində mövcud olan bütün bilgilər O´nun bildikləri qarşısında çox cüzidir. O´nun da bilgilərini heç bir zaman insan bilməyəcəkdir. Çünkü o mütləq bilgiyə insan vararsa, varlığın düzəni pozular. Örnəyin varlığın yaradılış sirrini heç bir zaman insan bilməyəcək. Ancaq içdən-içə necə yaradıldığını sezəcəkdir. Sezgilər bilgilərə tam olaraq dönüşməzlər. Çünkü Allah insana yaradıcılıq qabiliyyəti bağışlamış, ancaq cüzi qabiliyət. Bunu Böyük Füzuli bu şəkildə açıqlar:
“Bir kimsə əgər olaydı agah
Kim xalqı necə yaratmış Allah
Mümkün ki, iradət ilə ol həm
Xəlq etmiş olaydı başqa aləm”
Yəni mütləq bilgiyə sahib olursa insan, o da Allah kimi başqa aləm yarada bilərdi deyir Füzuli. Ancaq insan fitrəti, yəni əzəldən yaradılış imkanları buna izn verməz. Bu mövzunu Füzulidə irfan başlıqlı bir müsahibədə daha yaxşı anlatmaq olar. Özət olaraq fitərt budur. İndi gələlim insan fitrəti və İslam arasındakı bağlara. İslam vəhyə dayanan və tövhid mehvərli dindir. Vəhyin nə olduğunu biz bilmirik, bilməyəcəyik də. Ancaq onun insan fitrətinə uyğun bilgilər olduğunu kəsin olaraq bilirik. Çünkü insan fitrəti ilə vəhyin qaynağı eynidir. İkisinin də qaynağı Allahdır. O zaman ikisinin də qaynağı “bir”dirsə, vəhylə insan fitrəti arasında uyğunluq olmalıdır. Bu uyğunluğa görə yaşayanlar güvənli və imanlı insanlar olurlar. Əlbəttə bu doğrulara çatmaq çox çətin olur. Çətin yollardan keçmək gərəkir.
İman nədir o zaman?
İman sözünün kökü əmniyətdir, yəni güvənlik. İman fərddə içgüvənlik yaradan bir düzəndir. Bu düzənin ana qaynağı da insan bilgiləri ola bilməz. İnsan bilgiləri belə bir içgüvənlik və psixoloji rahatlıq yarada bilməz. İmanın düzənləyicisi Tanrı bilgiləri və Allahdan qaynaqlanan verilər olmalıdır. Nədən? Çünkü insanın mütləq olana ehtiyacı var. İman mütləq olana inanmaqla bərqərar ola bilər. Bir insan nə qədər dahi olsa da, bilgilərinin cüzi olduğunu söylədik. Cüzi ağlın verilərinə iman etmək olmaz. Bu, insanda iç güvənlik yaratmaq yerinə, daha da güvənsizlik yaradar. Belə bir insan təhlükəlidir. Çünkü öz nəfsini kontrol edə bilmək üçün gerçək güvənlik qaynağından, güvənlik mexanizmindən məhrumdur. Mövlana Quranın bir ayətindən ilham alaraq “Məsnəvi”də deyir:
“Əqli-küldür, küll mazağ-ul bəsər
Cüzi ağıl hər yana eylər nəzər.”
Yəni mütləq olana qovuşmaq istəyən ağıl heç bir yana sapmadan tam O´na doğru kilidləndi. Buna qarşılıq cüzi ağıl sürəkli ona-buna, yan-yörəyə baxar və gerçək hədəfdən sapmış olar. Bu necə mümkün ola bilər? Bu, ancaq içgüvənliklə mümkündür, başqa cür mümkün deyildir. Bu baxımdan iman fərddə içgüvənlik yaradaraq onu doğru olana tərəf sövq edən həyat biçimidir.
İmana gəlmənin yolu nədir?
Bu haqda din kitablarında bilgilər mövcuddur. Ancaq bir düşüncə adamının imana gəlməsini böyük filosof Kiyerkeqor üç mərhlədən ibarət sayır. Bu üç mərhələ Qurani-kərimdə də vardır. Kiyerkeqora görə düşüncə adamının həyatı üç mərhələdən ibarətdir: 1- Estetik mərhələ. Bu mərhələ qərarsızlıq dönəmidir. Gözəlliyə deyil, gözələ meyllənməkdir. Zahiriliyə önəm vermə mərhələsi. Ayrıca, qərar verə bilməz bu mərhələdə insan. Çünkü caydırıcı nəfs onu sürəkli budaqdan-budağa atar. Nəfsin əmrində olan ruh mərhələsi deyək buna. İslamda bu mərhələ “nəfsi-əmmarə” adlanır, yəni pisliklərə, pis işləri görməyə əmr edən nəfs, arınmamış nəfs. 2- Əxlaqi mərhələ. Əxlaqi mərhələ ilə estetik mərhələni bir-birindən ayıran istehzadır. İnsan estetik mərhələdəki istəklərinə istehza ilə yanaşır. Bu, ruhi oyanışın başlamasıdır. Maddi həyatın fövqünə yüksəlmək üçün vicdanın oyanışıdır. Bu ruhi oyanışı Füzuli bu şəkildə anladar:
“Qeyrə ərz et hər nə əhvalın ki var ey dəhri-dun
Hâlı bilməz dilbəri-sahib camâlı neylərəm?”
Yəni Füzuli deyir ki, ey aldadıcı dünya, sən bütün zahiri gözəlliklərini mənə deyil başqasına təqdim et, haldan bixəbər olan gözəllə mənim nə işim vardır? Buradakı “hal” iç dəyişim nəticəsində ortaya çıxan güvənlik və iman durumudur. Bu mərhələ İslamda “nəfsi-ləvvamə” olaraq adlanır. Yəni ruhun və vicdanın gözlərinin açılaraq keçici olan nəsnələrə bağlanmayıb nəsnələrin arxasındakı həqiqəti görmə mərhələsi. 3- Dini mərhələ. Kiyerkeqora görə dini mərhələni əxlaqi mərhələdən ayıran bir nöqtədir, çox incə bir nöqtə. Bu mərhələdə artıq vicdan oyanışı başa çatmış və insan imana gəlmişdir. Dinin hökmlərinə görə yaşamalıdır. İçgüvənlik, ancaq dinin hökmlərinə görə yaşamaqla mümkün ola bilər. Çünkü dinin hökmlərini verən insan deyil, Allahdır. İslamda bu mərhələ “nəfsi-mütməinnə” adlanır, yəni güvənilir nəfs. Gerçəkdən də Tanrı buyuruğuna görə yaşayan bir nəfs, ancaq güvənilir ola bilər, başqa ölçülərlə yaşayan nəfslərə güvənmək olmaz. İçində Allahın varlığını hər an sezmiş olan insan hər şeydən öncə özü üçün yararlıdır. Allah eşqi ilə və Allah ışığı ilə könlü dolmuş olan insan öz-özünə, hətta istəməsə də, çevrəsinə ışıq saçacaq.
Allahı görmək mümkündürmü?
Bu sual İslam tarixində çox sorulmuş və bəzi məzhəblər o dünyada möminlərin gözünə görülə bilər demişlər. Bəzi məzhəblər o dünyada da görünməz demişlər. Söhrəvərdi kimi bəzi ariflər isə, bu dünyada da Allahı görmək mümkündür söyləmişlər. Ancaq bu görmək könül və fitrət gözül ilə ola bilərmiş Söhrəvərdiyə görə. Təsəvvüfdə iman iki mərhələdən ibarətdir: 1- Qulaq imanı. 2- Göz imanı. Məsəla biz iman haqqında çox eşidirik, təblilər olur. Bu təbliğatı aparanların çoxu imanın nə olduğunu bilmir. Onlar üçün bu təbliğat gəlir qaynağıdır. Ona görə də imanın yüksək mərhələsində insanın dili tutulur. Gördüyü sirləri açıqlamağa haqqı yoxdur. Görən göz olsa, o sirləri göstərə bilər. Ancaq anladıla bilməz. Fəridəddin Əttar Nişaburi deyir:
“Hər kimə ki, sirri-haq öyrətdilər
Susdurub da ağzını möhr etdilər.”
Yəni göz imanına varmış olan irfan əhlinin ağzını bağlayırlar. Ağızları açıldığında da Həllac kimi dar ağacına yüksəlirlər. Hafiz Şirazi, Həllac haqqında deyir ki, dar ağacına yüksəlmiş olan o adamın günahı gördüklərini görə bilməyənlərə göstərməsi idi. Göz imanı, qulaq imanından yüksəkdir. Buradakı gözdən məqsəd könül gözüdür. Ariflər deyirdilər ki, mən O´nu görməsəm sevə bilmərəm. Onu görmək üçün də imanın bütün qurallarına aşırı şəkildə əməlk edirdilər. Oruc və namaz kimi ibadət şəkilləri həm iç güvənlik yaradan, həm də nəfsin artıq istəklərini əngəlləyən dini vacibatdır. İrfan sözünün iki qaynaqdan gəldiyini iddia edənlər var. Bir qisim deyir ki, irfan sözü bilgi anlamında olan mərifət kökündəndir. Bir başqa qism isə deyir ki, irfan sözünün kökü “ərf” sözündəndir. Ərf, yəni qoxu. Ariflər də nəfslərini təmizləyərək Allahın qoxusunu alırdılar. Ona o qədər yaxınlaşırdılar ki, O´nun qoxusunu hiss edirdilər. Bu baxımdan irfanda Allahı görmək hər bir zərrədə və hətta fəzanın boşluğunda onun qoxusunu hiss etməkdir. Çiçəklərin qoxusunu burnumuzla hiss edirik. Bu qoxunun qaynağı Allah deyilmi? O zaman O´nun da qoxusunu nədən hiss etməyəlim deyə ariflər sorurdular. Bunun üçün də maddənin fövqündə olanı görmək gərəkirdi. Füzuli bunu bu şəkildə anladar:
“Biz cahan mə´murəsin mə´nidə viran bilmişiz
Afiyət küncün bu viran içrə pünhan bilmişiz.”
Füzuli açıqlayır ki, bütün bu gözə görünən və var olanların fövqündə bir də gözə görünməyən, könül gözünə görünə bilən bir varlıq var. Var olanlar varlığın görüntüsüdür. Gerçək varlıq bu var olanların içindədir. Gerçək afiyət və sağlıq da var olanların fövqündəki varlığı görməkdir. Var olanlar viran olsa da, O, viran olmaz. Var olanların səbəbi varlıqdır. Biz varlıq haqqında düşünməliyik deyir Füzuli. Varlıq və vücud isə “bir”dir, Allahdır. Bunu yenə də Füzuli gözəl anladır:
“Həqqa ki, həmin vücud birdir,
Bir zata vücud münhəsirdir.”
İrfanda iman və şübhə məsələsi necə qarşılanır?
Doğrulara çatmaq üçün bəzən çətin şübhəli yollardan keçmək gərəkdir. Çünkü iman şübhəyə qarşı deyil, ümidsizliyə qarşıdır. Ümidsizlik imanı çökərdib insanın içini qaranlıqla doldurar, şübhə isə, imanı gücləndirər. Əgər iman qəlbin veriləri və təsbitləri isə, yaradıcı şübhə ilə bu təsbitlər əqli təməllər üzərinə oturar. Qəlbin sezgiləri (iman) ağıl ölçüləri ilə anladıldığında əsərlər yaradılar. İrfan ədəbiyatı iman təcrübələrinin ağılla anladılmasıdır. Ancaq heç bir zaman ağıl, iman sezgilərini tam olaraq anlada bilməz. Ağlın qavrayış imkanları qəlbin sezgi imkanlarından aşağıdır. Aşağı olsa da, bu imkan açığa çıxmalıdır. İman öz işığı ilə ağlı da aydınlatmalıdır. Düşüncə ürətmək də budur. Bu açığa çıxışla sarsılmayan “yəqin”ə varılır. Bunu H. Cavid daha gözəl anlatmışdır:
“Şübhə artarsa, həm yəqin artar,
Mərifət nuru şübhədən parlar.
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan
Çünkü hər kəscə bəllidir: yaradan.”
Bu anlatdıqlarım topluma və dünyaya açılan irfan növüdür. Burada əxlaq və iman bir daxmaya çəkilib, sadəcə öz nəfsinlə savaşmaq və ibadət etmək deyyil. Qəlbi veriləri əqli imkanlarla anladaraq varılan yüksək əxlaqi dəyərlərin ölçüləri ilə toplumu aydınlatmaq əsas amacdır. Aydınlatmaq üçün öncə aydınlanmaq lazımdır. İrfanın “özünü bil!” prinsipi də budur. Toplumu və tarixi. Necə ki, günümüzdə də Füzulinin, Mövlananın toplumları aydınlatmalarını görürük. Füzulinin anlatmağa çalışdığı həyata gəldikdən sonra ölməmək və əbədi yolçuluğa çıxmaq məsələsi də budur. Füzuli deyir ki:
“Ey Füzuli mən güman ilə cahanda yox işim
Ol səbəbdən ali insanlarla oldum həmsəfər.”
Füzulinin anlatdığı “ali insan” bir çağın ali (üstün) insanı deyildir. Bütün çağların və əbədiyətin üstün insanlarıdır. Bu da gümanı (şübhəni) ortadan qaldıraraq imana varmaqla mümkündür. Və bu eşq yoludur. Bu eşq əxlaqının yoludur. Bu yolda qazanılan ərdəm (fəzilət, gözəl əxlaq) insanı tarixin kamal əhlinin içinə daxil edər:
“Ey Füzuli qılmazam tərki-təriqi eşq kim,
Bu fəzilət daxili-əhli-kamal eylər məni.”
Müsahibəni apardı:
Nigar İbrahimova
Davam edəcək...
Hiç yorum yok:
Yorum Gönder