Erotizmin yatağı şeirdir
-
Bizim
dildə erotizm alınmır deyənlər var. Bu haqda eyni fikirdəsinizmi?
-
Erotizm
insanın ən əski duyğularından və diləklərindən biridir. Həyat duyqularını ən
çox erotizm özündə barındırmaqdadır. Bütün dillərdə, o cümlədən bizim dildə də çox
gözəl ifadə variantları vardır. Sadəcə tabular və fərdiyyətə qarşı törələr bu
duyumun şeirə yansımasını əngəlləmiş. Bunun üçün şeir sənətinin dərinliyinə
enmək lazımdır. Şeir və insanın erotik duyğuları haqqında estetik bilgi və elm sahibi
olmaq gərəkdir. Bu bilgili olma məsələsini ən gözəl şəkli ilə Füzuli
açıqlamışdır:
“Elmsiz şeir əsassız divar olur,
Əsassız divar qayətdə bietibar olur.”
Şeir sənətinin qaynağı xəyal, duyğular və düşüncələr
ikən, ifadə aracı dildəki sözlərdir. Xəyalın, duyquların, qismən də
düşüncələrin musiqi ilə ifadə olunması.
-
Erotik
bəyan hər zaman etirazla qarşılaşmışdır, çox az dillərdə buna meydan
açılmışdır.
-
Historioloqlar
bəşərin yazı tarixinin Şumerlərlə başladığı qənaətindələr. Şumerlərdən bəri
erotizm ədəbiyatın mövzusu olmuşdur. Şumerlərdən qalan çox önəmli kitab
“Qılqamış” əsəridir. Əsərdə Enkido adında vəhşi və güclü bir insan var. Ur
şəhərinin uzaq tarlalarında çobanları incidir, qoyunları, malları aparıb yeyir.
Ur şəhrinin padşahı Qılqamışa bu xəbəri çatdırırlar. Qılqamış “tapınaq
fahişələrindən birini aparıb məmələrini ona göstərin, əhliləşər” deyir.
-
Nədən
fahişələrin?
-
Çünkü
Şumerlər zamaında qadınlar üçün fahişəlik dini bir mərtəbə və şərəf sayılırdı. Hər
qadının fahişəlik etmə haqqı yox idi, yalnız əxlaqlı qadınlar Allah yolunda
fahişəlik edərək günahlardan arınardılar. Hicab da ilk olaraq Şumerlərdə ortaya
çıxmış. Şumerlərdə, ancaq fahişə qadınların fahişəlik müddəti içində hicab
taxma haqları var idi. Hicab dini rəmz olaraq fahişə qadınlara xas idi. Bu
üzdən Qılqamış, daha əxlaqlı qadının məmələrinin Enkidoya göstərilməsini
istəyir. Enkido fahişə qadının məmələrinə toxunduqdan sonra əhliləşib şəhrə
girir, erotizmin də əsasında toxunuş durmaqdadır. Əsərdə vəhşi bir insanı qadın
məmələri əhliləşdirir və Enkido kimi güclü, ancaq vəhşi insan qadın məmələrinə
toxunmanın ləzzəti qarşısında məğlub olur, əhliləşərək şəhər həyatına başlayır.
-
Erotizmin
bizim dilimizdə qarşılığı necə ola bilər?
-
Bizim
dilimizdə bunun qarşılığı olmamışdır və yoxdur, lakin erotik halı anladan ədəbi
nümunələrimiz var. Erotik sözünün kökü eros kəlməsidir. Əski Yunanda
eros, sevgi və şəhvət tanrısıdır. Ərəb dilinə də bu söz təsir edərək “ərus”
sözü düzəlmiş. Ərəbcədən də farscaya və türkcəyə keçmiş. Ərus, yəni gəlin.
Gəlin kimdir? Gəlin erotik duyğuları coşduran qadındır. Məsələn Mövlana
təriqətində “şəbi-ərus” deyə bir anlayış var. Yəni gəlin gecəsi. Ərus bir erkək
tərəfindən toxunuş duyğularını həyəcanlandıran qadındır. Erotizm bütün
davranışlarımızda, ilişkilərimizdə, dünyaya və həyata baxışımızda özümüz
fərqində olmadan ortaya çıxar. Hətta dini kitabların çəkici olmasının səbəblərindən
biri də erotik hissləri öz içində barındırmasıdır. Huri və qılmanın nə olduğunu
bilmirik. Lakin huri erkəklər və qılman qadınlar üçn erotik duyqular
çağrışdırar. İnsanı mükəmməl olaraq yaradan Allah onun erotik ehtiyaclarına da
xitab etmədən vəhy göndərməzdi. Din kitabımızda sadəcə erotizm deyil seks
haqqında da bilgi var. Seks qonusunda da Quran insanları eyitər.
-
Belə anlaşılır ki, erotizm insanın təbii istəklərindən
biridir?
-
Ümumən
xəyal dünyası ilə gerçəklik arasında uyğunluq olmaz. Ortadakı uyğunsuzluq
uçurumunu insan öz utopiyaları və fantastikaları ilə doldurmağa çalışar. Sənətdə
bu zaman yaranar. Bu zaman biz fərqində olmasaq da, erotik istəklər dünyamızı
süslər. Bu sürəc fərqindəliyin nəticəsi deyil, fərqindəsizliyin yaşantısıdır.
İnsan öz həyatını bütünüylə fərqindəlik üzərində yaşamaz, yaşaya bilməz.
Həyatımızın çox hissəsi fərqindəsizliyin nəticəsidir. Xətalar, bədbəxtliklər və
xoşbəxtliklər, şans və təsadüflər də bu anlamda məna daşıyar. Ağla gəlməyən
başa gələr. Erotizm bu zamanlar bizim tənhalığımızı süslər, depresiona
girməmizi əngəllər. Erotik duyğularını sənətdə bəyan etməkdə aciz olan toplum
üzvlərinin çoxunun depresiona uğradığı görünmüşdür. Xəstəhal olarlar. Lakin
erotizm də digər sahələr kimi eyitim və kültür gərəkdirər. Eyitimli bir insanla
eyitimsiz insanın erotik xəyalları da fərqli olmalıdır. Qadının daş-qalaq edildiyi
ölkələrdə nə sevgi, nə də erotizm kimi incə duyğular üzərinə doğru bilgi əldə
etmək olar
-
Erotizm
ən çox hansı sənət növündə özünü ifadə edə bilər.
-
Erotizm
bir kişinin dünyanı dişi, bir qadının da həyatı erkək olaraq görmə instinktindən
meydana çıxar. Şeir erotizmin yatağıdır. Şeirdə nəsnələr dişiləşər. Bizim dilimizdə
nəsnələrin cinsiyyəti yoxdur. Ərəb və italiyan dilində olduğu kimi bəzi
dillərdə nəsnələrin bir çoxu dişi və ya erkək özəllikləri ilə nitələnərlər. Nəsnələrə
cinsiyyət tanımayan dillərdə şeir yardıma gələr və nəsnəni duyğu və qavrama
sürəcində cinsiyyətləşdirər. Həyatda və varlıqda erkəyin dişilik və qadının erkəklik
araması şeirə yansıyar. Ən çox şeir sənətində erotizm özünü bəyan edər. Daha
doğrusu qulaq erotizmi musiqidə, göz erotizmi rəssamlıqda və görünür əşyalarda,
əl erotizmi toxunuşda, burun erotizmi xoş qoxularda özünü ifadə edər.
İnsanların, o cümlədən Peyqəmbərimizin də ətir qullanması çevrədə sevimli və
xoş erotik baxış üfüqü oluşdurmağa xidmət etmişdir. Lakin bunların hamısı
şeirdə vəhdət halına gələr. Çünkü şeirdə həm musiqi, həm görmə, həm dinləmə,
həm də sözlərlə sirli və xəfif biçimdə toxunuş duyğuları gizlidir. Xəyal
dünyamızın arxasınca olduğu dişi nəsnələri şeirdə taparıq. Bu da kişiləri
rahatladar. Eyni ilə də qadınlarda da tərsinə. Şeirlə nəzmin də fərqi burada
ortraya çıxar. Nəzmdə şüuraltının fəaliyyəti yoxdur. Realist ağlın fəaliyyəti
var. Məsələn M. Ə. Sabir şair deyil məncə, nazimdir. Çünkü onun əsərində
şeirdən əsər-əlamət yoxdur. Sosial reallıq olduğu kimi bütün çirkinlikləri ilə
təsvir edilir. Hətta şeir arayan adamın Sabirin şeirlərini oxumağa həvəsi
olmaz. Kollektiv problemleri bəyan edər, fərdiyyətdən əsər yoxdur. Çünkü orada
mürəkkəb şeir və həyat duyğusundan əsər yox. Sevimsiz təsvirlərdir. Şeirdə
əsasən şüuraltı öz gələcəyini bəlli etmək üçün fəaliyyət göstərər. Şüuraltında
yasaq deyə bir şey yoxdur. Şüualtımızı kontrol etmək üçün ağlımızı qullanarıq.
Şeir bu kontrolu ortadan qaldırmağa çalışar. Şeir, məncə şüuraltından bir
şeyləri şüurun anlaya biləcəyi sahəyə daşıyaraq mətnləşdirmə fəaliyyətidir.
-
Nədən
sırf şeir sənəti bu sahədə öndə olur?
-
Ona
görə ki, söz sənəti qədər insan ruhuna təsir edən ikinci amil yoxdur. Toxunuşu erotizmin
əməli olaraq qəbul edərsək, şeiri onun nəzəriyyəsi kimi düşünmək olar. Hətta
sözlərlə toxunuş daha diksindirici və təsirli olur. Bir kişi, ya da bir qadın
qarşı tərəfdən “səni sevirəm” sözünü duyduğunda yaşadığı mutlu ruh halı bəyan
edilməzdir. Hələ bu qarşılıqlı olduğunda daha da üstün ruh halları yaşanar. Bu,
sözlərlə qadın və kişinin bir-birlərinin ruhlarına qonması, sözlərlə toxunuşdan
ibarətdir. Sözlər qədər gücləndirici və gücsüzləşdirici ikinci bir durum
yoxdur. Digər tərəfdən şeir, sadəcə sözdən ibarət deyil. Şeir sözlərin estetik
hörülməsi və musiqi dili ilə bəyan edilməsidir. Şeirdə sözlər öz melodiyasını
kəşf edərək dans etməyə başlar. Bu üzdən şeiri sözlərin dans meydanı kimi
anlaya bilərik. Nəsrdə dans yoxdur, nəsrdəki hərəkət başqadır. Fransız
ədəbiyyatşünas Pol Valeri bu haqda maraqlı fikir bəyan edər. O deyir ki, şeir
dansa və nəsr yürüməyə bənzər. Hər ikisi də hərəkətdir. Lakin dansın bir yerə
varmaq kimi amacı olmaz, dans zövq və ruhu hərəkətləndirmək üçün genişləməyən
bir məkanda meydana çıxar. Ancaq yürümənin bir amacı var, bir yerdən başqa yerə
varılar. Həm nəsr, həm də şeir hərəkətidir. Birinin amacı var, digərinin yoxdur.
Bu açıdan Valeri şeiri dansa və nəsri yürüməyə bənzədər. Amma burada dans nədir
sualı ortaya çıxar.
-
Nədir
dans?
-
Dans
sadəcə mutluluq icad etmək sənəti deyil, məncə dans erotizm icad etmə sənətidir.
Çünkü hər bir mutluluğun əsasında erotik duyğular da dayanar. Dansda bədən öz
görüntülərini dəyişərək erotik görüntü sərgilər. Məsələn balet bütünüylə erotik
dansdan ibarətdir. Şeir öz doğasında rəqs barındırdığı üçün dansın sərgiləməyə
çalışdığı erotizmi öz varlığına yüklər. Rəqs erotizmin sərgilənməsi və şeir də
bilgisidir.
-
Erotizm
qeyri-şüuriliyin fəaliyyətidir dediniz, bunu bir az daha açıqlayın...
-
İnsan
həyatı, sadəcə oyanıqkən keçirdiyi yaşantıdan ibarət deyildir. Həyatımızın ən
az üçdə ikisi yuxuda keçər. Yuxu həyatımızda da erotizm bizi tərk etməz. Çünkü
sevişmək və erotizm kimi duyğular insan doğasının özəlliklərindən sayılar və
biz yuxuda öz doğamızdan ayrılmırıq, tam tərsinə doğamızın istədiyi kimi
yaşayırıq, çünkü yuxu dünyasında insan heç bir tabu və törə əngəlləri ilə
qarşılaşmadan mütləq azadlıq ölçüləri ilə yaşar. Yuxu dünyamızda beyinimizin
bizə məlum olmayan qatları oyanar. Orada arzu etdiyimiz şeirləri yaşarıq, yuxu
dünyası bir də şeirin mətnləşməsi deyil, yaşanma yeridir. Acı, mutlu, mutsuz duyğular
yaşantı olaraq içimizdə bilmədiyimiz bir yerlərdə hərəkətlənər. Hətta göy üzündə
uçduqlarımız da olar. Hər kəsin yuxu tarixi var. Hamısını xatırlayamaz, ancaq
yuxuların da bilmədiyimiz bir tarixi və ardıcıllığı var. Gerçək həyatda biz
sadəcə müsbət zaman istiqamətində yaşayarıq. Lakin Quranda yazır ki, Allah hər
şeyi cüt yaratmış və bir olan ancaq Allahdır. Demək zaman da riyaziyyatda
olduğu kimi, mənfi və müsbət olaraq cütlükdən ibarətdir. Lakin biz mənfi zamanı,
ancaq yuxuda yaşaya bilərik. Yuxuda bizdən yüz və ya min illər öncə olan
qadınlarla qarşılaşar, onlarla bəzən də sevişərik. Tanımadığımız və həyatda heç
bir zaman qarşılaşmayacağımız hadisələri, qadınları görər, onlarla erotik
macəralar yaşarıq. Qadınlar da bu şəkildədir. Bu, erotik duyğuların bizim
instinktiv varlığımızın bir parçası olması üzündəndir. Yuxumuzda ağılın bizə
məlum olan qatı yatdığı üçün, ya da bizim tanıdığımız və gerçək həyatda fəal
olan ağıl yatdığı üçün sırf instinktlər bizi yönləndirər.
-
Maraqlıdır,
yuxularda da demək...
-
Yuxularda üzünü görmədiyimiz bir şəxs var. O,
bütün yuxularımızda var, ancaq onu yadımızda saxlaya bilmərik. Bəlkə də o,
bizim içimizdəki erkəkliyimizin tamamlayıcısı olan dişiliyimizdir. Yəni bəlkə
də üzünü heç bir zaman görmədiyimiz, ancaq bütün yuxularımızda olan o görüntü
Tanrının özüdür. Orada bizim yuxudakı həyatımızda o da, o üzünü görmədiyimiz və
görə bilməyəcəyimiz hər şeyi bilən şəxs də aktivdir. Ya da sanki yuxuda bütün
başımıza gələnləri o planlayır. Hətta yuxunu gördüyümüzdə nələri yaşayacağımızı
bilmirik, lakin nələri yaşayacağımızı onun öncədən bildiyini bilirik. O,
gərəkdiyində önümüzə bir qadın çıxararaq onunla erotik ilişkilər yaşamamıza
imkan yaradır. Lakin yuxuda bir də tanıdığımız bir qadın var. Adətən hər kəsin
birini sevib və onun üçün yaxıldığı biri olar. Bu sevgi insanın ruhunda bir
yanıq yarası açarsa, yuxudakı erotik ilişkilər və erotik söhbətlərdə o qızı çox
görərik. 50 yaşlarda da o yanıq yeri unudulmaz və röyalarda yenidən fəallaşar.
-
Bu
söylədiklərinizin elmi açıqlaması ilə bir yerdə qarşılaşdınızmı?
-
Ünlü
cərrah psixoloq Yunq bunu anima və animus qavramları ilə açıqlar.
Anima və ya xəyali qadın kişinin şüuraltında varlığı qadın kimi sezmə durumu
ikən, animus və ya xəyali erkək də qadının doğasında varlığı kişi kimi sezmə
fəaliyyətidir. Yəni kişinin çox böyük bir hissəsi erkək ikən, onun içində kiçik
bir bölüm də qadındır. Qadınlarda da bunun tərsinə. Bu kiçik bölüm şüuraltında
yerləşir. Biz onun fərqində olmasaq da, davranışlarda özünü göstərər. Qadından
xoşlanma da o kiçik bölümün genişləmə fəaliyyəti kimi önümüzə çıxar. Qadınlarda
da tərsinə. Anima və animus yuxularda, xəyallarda, sənət əsərlərində və
özəllikllə şeirdə varlığını göstərər. Yunq bunu insanın ən əski arxetipi olaraq
tanımlar. Hər kişi öz içində əzəli bir qadın və hər qadın da öz içində əzəli
bir kişi təsviri və təsəvvürü daşımaqdadır. Bu təsvir hansısa bir qadın deyil,
sevdikdən, sevdiyinlə evləndikdən sonra da bu təsvir insan doğasını tərk etməz.
Bu, irsi bir xatirə olaraq kişi və qadının həyat sistemi içində
yerləşdirilmişdir. Bu sistemin çöküşü ilə psixolojik sorunlar ortaya çıxar və
insan dərin depresiona uğrar. Anima bilinən yönə doğru fəaliyyət göstərməz.
Çünkü bilgi beyinin və vücudun bəlli tərəfidir. Anima və animus bilinməyən
qaranlıqlara tərəf sürüklənər. Bilinməyən zövqləri, bilinməyən bədbəxtliklər və
acıları arar. Həyatdakı faciələrin və ya erotik sıçramaların da səbəbi budur. Bu
üzdən erotik açılım sirli yollarla ya sınırlanmış, ya da yasaqlanmışdır.
-
Nədən
və necə sınırlanmış?
-
Sosial
duyğular, ictimai və əxlaqi ölçülər və ən nəhayət bizim həyat sistemimizi
kontrol edən ağıl tərəfindən instinktlər, iç dürtülər sınırlanar. Erotizmin
eytimlə ilgili olduğunu da unutmamaq gərəkir. Eyitimsiz erotizmin sonu yaxşı
olmaz. Eytimsiz toplumlarda erotizm tabuya dönüşər və ədəbiyytı öz kontrolu
altına alar, erotik dərinliyi olan şeirlər yazılmaz. Tabuların hakim olduğu və
erotik mövzulara yasaq qoyulan ölkələrdə, müsəlman ölkələrdə olduğu kimi
əxlaqsızlıq baş alıb gedər. Müsəlman ölkələrində olan fahişəliyin yüzdə biri
azad Avropa ölkələrində yoxdur. Çünkü erotizmin önünə əngəl çıxdığında o,
kəndiliyindən təhlükəli bir dürtü olaraq daha irəlilərə sıçrar. Bəzi dillərin
erotik dərinlikdən məhrum olmalarının səbəbi bu yasaqlar və tabulardır, dilin
öz doğasındakı nöqsan söz qonusu deyil. Laik və demokratik ölkələrdə və qadına
özgür insan kimi baxan anayasalarda erotizm bir yaşam imkanı kimi ortaya çıxaraq
şeirdə öz yansımasını tapar, ancaq dini diktatorluqla yönətilən ölkələrdə bu
imkanlar söndürülər, şeir qısırlaşar. Bu tabularla sarılmış müsəlman ölkələrində
düşünən gəncləri öz vətənlərində dərin psixoloji sıxıntı və sarsıntı yaşarlar.
-
Xalq
kültüründə bunun nümunələri ilə qarşılaşmaq olarmı?
-
Xalq
kültüründə bunun aşırı şəkilləri ilə qarşılaşmaq mümkündür. Ancaq xalq dilində
yayqın olan bəzi deyimlərdə erotizmin fəlsəfəsi və tarixi ilə də qarşılaşmaq
mümkündür. Yunq alman dilindən “Hər Adəmin içində bir Həvva və
hər Həvvanın içində bir Adəm var” deyə bir ata sözünü açıqlayaraq öz anima (kişi
ruhundakı dişi) və animus (qadın ruhundakı erkək) qavramlarını açıqlar. Əslində
mənə görə Tövratda keçən yaradılış dastanı da elə bundan ibarətdir. Yəni Adəm
yatdığı yerdə onun qabırğasını çıxarıb Həvvanı yaratmamışlar. Bunlar mifik
ifadələrdir. Bunlar din dili ilə açıqlanan rəmzlərdir. Yaradılış dastanındakı
açıqlama hər kişinin içində bir qadın və hər qadının içində bir erkəyin
olduğunu din dili ilə anlatmışdır. Bunun elmi və sənət dili izahı olmalıdır. Sadəcə
atalar sözündə deyil, bəşər tarixində lətifələrdə də erotizm və seks mövzusu
görünmüşdür. Bütün xalqlarda üç mövzu ətrafında güldürülər və lətifələr
düzəldilmişdir: Din, qövmlər, seks. Bu üç mövzu ətrafında insanlıq tarixən
gülməli sözlər düzəldib gülüşərək stres atmışdır. Tarixdə bəlkə də seks, din və
qövmlərlə ilgili gülməli lətifə bilməyən insan tapılmaz. Çünkü hər üçü də
gerçəkdən çox sirli mövzudur.
-
Bizim
ədəbiyyatımızda erotizm məsələsinə gələk. Klasik ədəbiyyatımızda erotizm
nümunələri ilə qarşılaşmaq mümkündürmü?
-
Klasik irfan ədəbiyyatının şeirlərində erotizm
çox ciddi mövzulardan biri olmuşdur. Dodaq, qadınların məməsi, yanaq kimi bədən
nahiyələri toxunuş həsrətini və öpücük qondurma diləyini ifadə etmişdir. Mövlana,
Cəlaləddin Rumi, Hafiz Şirazi, Füzuli, Şəhriyar və digər böyük söz ustalarında
erotizm çox nazik, estetik və bəzən də çılpaq şəkli ilə bəyan edilmişdir.
Məsələn Hafiz Şirazi deyir:
”Qoca olsam da, məni bir gecə sıx qoynuna al,
Sabah erkən yuxudan yepyeni bir gənc oyanım.”
Mövlana Allahla sevişməsi haqda şeirlər yazmış. Füzulidə
isə erotizm möhtəşəm üslubla bəyan edilmişdir. Bizim dilimiz erotizmə yatqın
deyil söyləyənlərin Füzulini yaxşıca oxumaları gərəkir. Füzuli irfanında
erotizm də insanı doğruya və doğruluğa çatdıran amil kimi ortaya çıxar. Bunu ən
estetik biçimdə Füzuli bir çox qəzəllərində anlatmışdır. Məsələn Füzuli bir
şeirində dərələrdə axan suların erotik və qadın bədəninə toxunma kimi amacının
olduğunu bu şəkildə bəyan edər: Gözlərimizin önündə axıb gedən bu arxın suyu
var ya? Bu su dağların arxasında bir gözəlin nazik bədəninə sarılmaq və ondan
zövq almaq üçün tələsməkdədir. Bu axar suyun başında çılpaq bir qadın bədəninə
toxunuş xəyalı var. Dağın arxasında bu suda yuyyunmaq üçün bir gözəl
bəkləməkdədir. Ancaq bu dağın arxasında o gözəl yoxdur. Bəlkə öndəki dərədə,
başqa dağların arxasında o qadın olar xəyalı ilə dərədəki su qoşar və coşar
gedər. Sonunda daha böyük və coşqulu doğruya çatar. Dənizin bütünlüyü içində öz
varlığını tanımlar. Parçanı ararkən bütünə qovuşar. Keçici zövq peşində
qoşarkən əbədi və anlamlı mütləq zövqün içində yox olar. Beləcə Füzuliyə görə
erotizm həyatımızda bir parça ikən, bizi bütün olana çatdırar:
“Su ki, sərgərdan gəzər, başında vardır bir havâ
Qaliba bir gül üzün sərvi-xürâmânın sevər.”
Füzulinin və digər irfan əhlinin açıqladıqları kimi
bir çox hallarda bütünü arama parçanı yaşamaqla mümkün olar. Parçaya təmayül
bütünə doğru uzanan yolun başlanqıc nöqtəsi olar. İnsanın bütünə varış
yolçuluğunda bu və Füzulinin digər şeirlərində göründüyü kimi erotizm də
hərəkət verici ünsür olaraq ortaya çıxar. Ya da Füzulinin hamamda çimən qızın
bədənini sözlərlə təsvir etməsi erotizmin şeirdəki yeri baxımından çox ilgi
çəkicidir. Füzulinin şeirlərində doğa ilə erotik ilişkilər geniş ölçüdə ələ
alınar. Bir qəzəlində çəmənlikdə gəzən qızın ayaqlarını yaşıl çəmənliyin öpərək
zövq aldığını, bayıldığını yazararaq çiçəklərin qızın baldırları və ayaqlarına
erotik toxunuşu təsvir edər. Aşiqin də o çiçəklər və çəmənlər kimi o gözəlin
baldırlarına və ayaqlarına toxunuş xəyalını dilə gətirər.:
“Çəməndə paybusindən olubdur səbzələr xürrəm,
Həmən bir səbzəcə olmağa aləmdə yetər aşiq.”
-
Şəhriyar
bizim dövrdə yaşamış şairdir və dili də daha anlaşılandır. Şəhriyarın
şeirlərində erotizm haqqında nə deyə bilərsiniz?
-
Şəhriyarın
şeirlərində erotizm çox geniş vüsətlə yer almış. Şair təbiəti də dişi olaraq
görər. Dağların köksündəki təpələri qadın məmələri kimi görür. Az öncə dedik
ki, şair nəsnələri və doğanı dişi olaraq görər. Şəhriyar da qadın bədənini təbiətə
bənzədər. Təbiətə toxunuşu qadın bədəninə toxunuş kimi açıqlar. Dağların
köksündə axan bulaqdan su içməyi qadın məməsini əmmək kimi təsvir edər. Şəhriyarın
ən şah əsəri “Səhəndiyyə”dir. Çünkü bu əsərdə vəzn, musiqi, şeirin iç
düzəni, sərbəst şeirlə qafiyəli şeirlərin iç-içə girməsi möhtəşəm bir təsvir
yaradır. Şəhriyar burada qadının kəmərndən boğazına tərəf yüksələn nahiyəni
təsvir edir. Göbək və sonra köksdəki irəli gələn iki məmə. Nədir bu məmələr?
Biz çocuqluqda o məmələri əmib həyata giririk. Gəncləşdiyimizdə də ilgimizi ən
çox çəkən qızların məmələrdir. Yenə də məmələrə odaqlanar erotik xəyallar. Təbiəti
dişi olaraq görən Şəhriyar dərənin dibindən zirvəyə doğru yüksələn Səhənd
dağını təsvir edir. Tam bir qadın bədəni kimi və zirvəyə çatmadan dağın
köksündə qadın məmələrinə bənzəyən irəli çıxmış kiçik təpəciklər var. Məmələr
qadın sinəsində dik olaraq önə çıxdığı kimi, təpələrdə dağın köksündə tam
məmələr kimi önə çıxmış. Qadın məməsindən axan həyat suyu kimi, bu dağın
köksündə yerləşən məmələrdən də həyat suyu axar, qadın məməsini əmərcəsinə o
suyu da əmərək zövq alar, həyat duyğularımızı coşdurarıq. Həm də bu dağın
köksündəki məmələr gənc və toxunulmamış qız məməsi kimi, “şux” məmələr şəklində
təsvir edilər:
“Döşlərində sunalar sinəsi tək şux məmələrdə,
Nə şirin çeşmələrin var!
O yaşıl telləri yel hörmədə,
Aynalı səhərdə,
İşvəli eşmələrin var.”
Ya da başqa bir şeirində yenə də Şəhriyar təbiəti dişi
görmə xəyalını açıqlar. Muğan düzlüyünü qadın sinəsinə bənzədər. Bu düzənlikdə
iki quzu yan-yana yatmış. Şəhriyarın ağlar gözü biri Arazın sağında, biri də
solunda olan iki məmə arasındakı düzənlikdə Araz çayına dönüşmüş:
“Çoxlar incikdi ki, sən onlara nâz eyləmisən,
Mən də incik ki, mənim nâzımı âz eyləmisən.
Sinə bir dəşti-Muğandır quzu yan-yana yatıb,
Mənim ağlar gözümü orda Arâz eyləmisən...”
-
Azərbaycan
Respublikasının şairlərində bu təsvirlər varmı?
-
Vardır.
Ramiz Rövşənin şeirlərində dərin erotik duyğular və dünyagörüşü var. Rövşənin
bir çox şeirlərində içimizə gömdüyümüz, yaşaya bilmədiyimiz erotizmlə
qarşılaşarıq. Bizi daha ruhun daha üst qatlarına yüksəldən erotizmlə
qarşılaşarıq. Məsələn bu parçalara diqqət edin:
“Çiçəklər doğulur bu yaz gecəsi,
Bu yaz gecəsində ölməyə nə var?
Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından.
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından
Bu yaz gecəsində ölməyə nə var.
Çiçəklər
doğulur bu yaz gecəsi
Parisdə,
Təbrizdə, həyətimizdə...”
Bu misralar başdan sona
qədər sevgi və erotizmdir. Təbriz bir də bu şəkildə təsvir edilərək sevilməlidir,
sadəcə qaba qəhrəmanlıq və inqilabi şeirləri ilə deyil. Təbrizdə sevişmə
azadlığı olduğunda və bu şəkildə çiçəklər orada açdığında ölkəmiz azad olacaq.
-
Qadın
şairlərin şeirlərində erotizm necə bəyan edilmişdir?
-
Qadınlar ictimai, mədəni və
kültürəl həyata gec girdiklərindən bütün dünya şeirinin böyükləri kişilər olmuş.
Nəsnəni, varlığı və həyatı dişi olaraq idrak etmiş, duyumsamışlar. Kişilər
nəsnəni dişi olaraq görməyi bir sənət kimi gəlişdirsələr də, qadınlara düşünən,
zövq alan azad bir insan kimi baxmamışlar. Bu üzdən qadınlar tərəfindən yazılan
əsərlərdə qadınlıq hiss olmamış, ya da çox az hiss edilmişdir. Məhsəti
Gəncəvinin rübailərində erotizm qismən vardır. Özəlliklə onun rübailərində
qadın olduğu açıqca sezilməkdədir. XIX əsrin sonlarına doğru Tahirə Qurrətuleyn
şeirlərində erotik baxış bucağı gəlişdirmişdi, onu da şiə-molla-feodal sinfi
öldürdü.
-
Çağdaş
şeir örnəklərində qadın şairlər bu istiqamətdə bir iş görmüşlərmi?
-
İranda
Füruğ Fərruxzad adında çox önəmli bir şair xanım olmuş. XX əsrin ortalarında
böyük əsərlər yazdı. Ancaq çox gənc öldü. O, böyük cəsarətlə şeirlərində
varlığı erkək kimi görməyi dilə gətirmişdir. Ayrıca, qadınların da sırf seks
makinaları olmadıqları yolunda mücadilə aparmışdır. Bilirsiniz həm klasik
dönəmdə, həm də çağımıza yaxın dönəmlərdə şairlərin adı şeirin altında
yazılmazsa, müəllifin qadın olduğunu anlamarıq. Lakin Füruğ Fərruxzadın bütün
şeirlərində adı olsun, ya da olmasın yazarın qadın olduğu açıqca sezilər. Füruğ
Fərruxzad qadının macəra dolu bir kitab olduğunu və erkəklər də bu kitabın
ancaq seks adlı səhifəsini oxumağa aşırı meylli olduqlarını vurğular, ancaq bu
kitabın digər səhifələri də oxunmadıqca qadının necə bir varlıq olduğu
anlaşılmayacaqdır. Bu düşüncəsini bir dördlüyündə bu şəkildə bəyan edər:
“Mənim dodağımı öpüşlərinin,
Yaxar atəşiylə öpüb yandıran.
Bu sonsuz kitabdır ancaq sən ondan,
Yalnız bir səhifə oxuyacaqsan.”
-
Modern
dünyada qadın bədəninin reklamı erotizm anlayışı içinə girərmi?
-
Kapitalizmin
qadın bədənini ticarət nəsnəsi olaraq qullanması doğal və şeirin minillər
boyunca təsvir etdiyi erotizmlə əlaqəli deyildir. Kapitalizmin qadın bədənini
ticarət nəsnəsi olaraq qullanması ilə kor-koranə törələrin və din
anlayışlarının qadın həyatına yükllədikləri cəhalət və aşırı sınırlamalar eyni
şeydir. İkisində də qadın azad insan olaraq qəbul edilməz. Kapitalizmin
nəsnələşdirib kimliksizləşdirdiyi qadın varlığı kimi, qadının daş-qalaq edildiyi
ölkələrdə də nə sevgi, nə də erotizm kimi incə duyğular üzərinə doğru bilgi
əldə etmək olar. Pornoqrafinin erotizmlə əlaqəsi yoxdur. Erotizm gerçək həyatda
alınan zövq deyil, xəyalın və ruhun zövq alma biçimidir. Bu üzdən onun
metafiziksəl tərəfi də vardır. Şeiri də bizə cazibəli qılan budur, şeir bizə
metafiziksəl erotik duyğuların həzzini yaşadar.
Hiç yorum yok:
Yorum Gönder